Azərbaycan Mətbuat Şurasının (MŞ) sədri Əflatun Amaşovun APA-ya mmüsahibə verib. Qurumun bu ilki planlarından danışın cənab Amaşov bildirib ki, Mətbuat Şurasının 2011-ci il üçün iş planı İdarə Heyəti tərəfindən təsdiqlənib:
“Şura əsas missiyasına uyğun olaraq şikayət və müraciətləri araşdıracaq, qərar və rəylərini çıxaracaq, peşə prinsiplərinə etinasızlıq göstərən KİV-in adlarının yer aldığı “qara siyahı”larını il ərzində davamlı olaraq yayımlayacaq. Media ilə bağlı qanunvericilik aktlarının təkmilləşməsi, KİV-nin maddi-texniki bazasının daha da möhkəmləndirilməsi istiqamətindəki fəaliyyəti daha da gücləndirəcəyik. Ötən il Şura ATƏT-in Bakı ofisi ilə birgə layihə üzərində işləyib. Layihə A�PDQ-nın təkmilləşdirilməsilə yanaşı, “Diffamasiya haqqında” qanunun hazırlanmasını da nəzərdə tutub. Artıq peşə davranışı qaydaları təkmilləşdirilib və ötən ilin sentyabrında sənədin geniş müzakirəsi keçirilərək bəyənilib. Qarşıda layihənin ikinci istiqamətilə bağlı işləri gerçəkləşdirmək durur. Hesab edirəm ki, səylərimiz ölkədə diffamasiya mühitinin formalaşmasına təkan verəcək. Ya diffamasiya haqqında ayrıca qanunun qəbuluna, ya da Azərbaycanın mövcud qanunvericilik bazasının diffamasiyanın şərtlərinə uyğunlaşdırılmasına çalışmaq lazım gələcək. Ötən il KİV-lərin maddi-texniki bazasının möhkəmləndirilməsi istiqamətində xeyli nəzərəçarpacaq işlər görülüb. Hazırda isə rəsmi qurumların elan və reklamlarının KİV-də yerləşdirilməsilə bağlı məsələni gündəmə gətirmişik. Artıq mövcud istiqamətdə müəyyən işlər görülüb. Əsasən Türkiyə modelinə istinad etmişik. Digər qabaqcıl ölkələrin də təcrübəsini nəzərə almışıq. Ümidvaram ki, 2011-ci ildə bu sahədə müsbət nəticələr əldə ediləcək. Növbəti fəaliyyət istiqamətimiz jurnalistlərimizin ixtisas artırmalarının və peşələrinə daha dərindən yiyələnmələrinin fundamental əsaslarının formalaşdırmaqdır. Burada da beynəlxalq təcrübənin dərindən öyrənilməsi vacibdir. Mətbuat Şurası həmçinin Türkdilli Ölkələrin Media Birliyinin yaradılması istiqamətindəki təşəbbüslərə dəstək verəcək. Bu məqsədlə formalaşdırılan işçi qrupunda təmsil olunuruq. Qrupun iclaslarına qatılmaq, təklif və tövsiyələrlə çıxış etmək niyyətindəyik. Yeni qurumun ilk toplantısının Bakıda təşkilinə çalışırıq. Ümidvaram ki, səylərimiz nəticə verəcək. 2011-ci ildə dövlət müstəqilliyimizin əldə edilməsinin 20 ili tamam olur. Mətbuat Şurası Azərbaycan mediasının bu tarixi prosesdə roluna dair ümumrespublika konfransının təşkilini planlaşdırır. Bununla, həmçinin, dövlət müstəqilliyimizin 20 illiyinin keçirilməsi haqqında prezident sərəncamından irəli gələn vəzifələrin yerinə yetirilməsinə dəstək olmağı nəzərdə tuturuq”.