Mətbuat Şurasının sədri Əflatun Amaşov “Təzadlar” qəzetinin baş redaktoru Asif Mərzilinin onu məhkəməyə verməsinə münasibət bildirib. O, “Media forum”a deyib ki, baş redaktorun addımını təbii hesab edir: “Münasibətlər sivil yolla aydınlaşdırılmalıdır”.
Nəsimi Rayon Məhkəməsinə təqdim olunan ərizədə baş redaktor şura sədrinin media açıqlamalarında onun şərəf və ləyaqətini ləkələyən ifadələr işlətdiyini vurğulayıb. O, KİV-də təkzib verilərək üzr istənməsini, cavabdehdən vurulmuş mənəvi ziyana görə 50 min manat tutulmasını xahiş edib. Baş redaktorun etirazına səbəb qəzetinin “reket” adlandırılmasıdır.
Əflatun Amaşov bildirib ki, “Təzadlar” peşə davranışı qaydalarını pozduğuna görə Mətbuat Şurasının “qara siyahısı”na salınıb: “Bizim araşdırmalarımız nizamnaməyə əsaslanıb və qərarlar da buna görə verilib. Biz bu qərarları bütün instansiyalarda müdafiə etməyə hazırıq. İstəyimiz odur ki, jurnalistlər peşə davranışı qaydalarına əməl etsinlər”.
«Media forum»