Əflatun Amaşov mediada peşəkarlıqla bağlı problemlərin qaldığını deyir

Bu gün Moldovanın paytaxtı Kişinyovda Avropa Şurasının Cənubi Qafqazda, Orta Asiyada və Moldovada fəaliyyət göstərən medianın özünütənzimləmə şəbəkəsinin fəaliyyəti ilə bağlı layihəsi çərçivəsində beynəlxalq konfrans keçirilib.

Layihənin yekunlarına həsr olunmuş tədbirdə Azərbaycan Respublikasının Prezidenti Administrasiyasının ictimai-siyasi məsələlər şöbəsinin müdir müavini Ərəstun Mehdiyev, Azərbaycan Mətbuat Şurasının sədri Əflatun Amaşov, Avropa Şurasının Azərbaycan Nümayəndəliyindən Şahin Abbasov, bir sıra qeyri-hökumət və media təşkilatlarının təmsilçiləri iştirak ediblər.

PA-nın ictimai-siyasi məsələlər şöbəsinin müdir müavini Ərəstun Mehdiyev Avropa Şurasının ölkəmizdə gerçəkləşdirdiyi layihələrin əhəmiyyətindən söz açıb. Təşəbbüslərin respublikada müstəqil, plüralist medianın inkişafına dəstək göstərdiyini bildirib. Ə.Mehdiyev eyni zamanda vurğulayıb ki, Azərbaycan dövlətinin jurnalistika ilə bağlı həyata keçirdiyi fəaliyyət kompleks səciyyə daşımaqla ümumən sahəyə daha fundamental yanaşmanı təmin edir. PA rəsmisi mövcud istiqamətdə gələcəkdə də çoxsaylı tədbirlərin reallaşdırılacağını diqqətə çatdırıb.

MŞ sədri Ə.Amaşov media peşəkarlığı və peşə davranışı qaydaları mövzusunda çıxış edib. O bildirib ki, ölkəmizdə jurnalistlərin peşəkarlığının artırılmasına yönələn çoxsaylı tədbirlər reallaşdırılıb. “Onlardan ən əhəmiyyətlilərindən biri kimi Azərbaycan Jurnalistlərinin Peşə Davranışı Qaydalarına əlavə və dəyişiklikləri qeyd etmək istərdim. Bu dəyişikliklər jurnalistlərin şəxsi həyatın toxunulmazlığı ilə bağlı təsəvvürlərini bir qədər də dərinləşdirdi. Şəxsi həyatla ictimai həyatın fərqi nədədir, kimlərin şəxsi həyatı ictimailəşə bilər, burada nələri nəzərə almaq lazımdır. Düşünürəm ki, bütün bu kimi məsələlərə kifayət qədər aydınlıq gətirməyi bacardıq”, – deyən Ə.Amaşov mediamızda peşəkarlıqla əlaqədar problemlərin qaldığını da vurğulayıb.

MŞ-nin jurnalistlərin peşəkarlığının artırılmasında Avropa Şurası ilə əlaqələrindən söhbət açan Ə.Amaşov bu baxımdan 2011-ci ildə mətbuat xidmətlərinin təmsilçilərinin və media nümayəndələrinin birgə iştirakı ilə baş tutmuş treninq-məşğələləri vurğulayıb. O, eyni zamanda bildirib ki, hər iki təşkilat arasındakı təmaslar bu il «Ənənəvi mediadan onlayn mediaya keçid» mövzusunda Bakıda beynəlxalq konfransın təşkili ilə də nəticələnib. Həmin tədbir jurnalistlərin peşə fəaliyyətini yerinə yetirərkən üzləşdikləri ayrı-ayrı məqamların təhlili baxımından müstəsna səciyyə daşıyıb.

Qeyd edək ki, Avropa Şurasının sözügedən layihəsi əsasında medianın özünütənzimləmə şəbəkəsi yaradılıb. Azərbaycan, Gürcüstan, Moldova, Rusiya, Tacikistan, Ukrayna və Ermənistannın müvafiq qurumları bu şəbəkənin tərkibində yer alırlar. Beynəlxalq konfransın iştirakçılarının fikirlərində ötən müddətdə şəbəkənin fikir və təcrübə mübadiləsi baxımında səmərəli fəaliyyət göstərdiyini vurğulayıblar. Onlar əldə edilmiş nailiyyətlərin layihənin davamlılığı üçün kifayət qədər əsaslar yaratdığını bildiriblər.

Beynəlxalq konfrans çərçivəsində MŞ sədri Ə.Amaşov və PA-nın ictimai-siyasi məsələlər şöbəsinin müdir müavini Ə.Mehdiyev Avropa Şurasının İnsan huquqları üzrə baş direktorluğunun media məsələləri şöbəsinin rəhbəri İvan Nikolçevlə və qurumun digər rəsmi şəxsləri ilə də görüşlər keçiriblər. Görüşlərdə Azərbaycanda medianın hazırkı durumu ətrafında fikir mübadiləsi aparılıb, qarşılıqlı əməkdaşlığın müxtəlif prioritet istiqamətləri nəzərdən keçirilib.

Modern.az

Ünvan: Mirqasımov küç. 4/41 Bakı AZ1007, Azərbaycan

Tel / Fax : (+99412) 4410924

Tel: (+99412) 4378247

E-mail: [email protected]

1905.az STUDIO