Əflatun Amaşov: “Jurnalistlər plagiatlığı dayandırmalıdırlar”

Mətbuat Şurasının sədri “biabırçılıqdır” deyir

Bir KİV-də yazılan məqalələrin heç bir istinad göstərilmədən başqa mətbu orqanda verilməsi, səsləndirilməsi artıq Azərbaycan mediasında adi hal alıb. O gün olmaz ki, media qurumlarının biri digərindən material götürüb özününkü kimi təqdim etməsin. Məqalələrin bu cür istinadsız verilməsi təkcə yazının deyil, eyni zamanda inetellektual zəhmətin mənimsənilməsidir, plagiatlıqdır.

Son illər Azərbaycanın xəbər məkanında plagiatlıq halları daha çox özünü on-line qəzetlərdə göstərir. Həmin qəzetlər hər hansı bir xəbəri yayarkən informasiyanı haradan əldə etdiklərini gizlədir və ya istinad etdikləri mənbəni açıqlamırlar.

Modern.az məsələ ilə bağlı Mətbuat Şurasının sədri Əflatun Amaşovdan münasibət öyrənib.

Mətbuat Şurasının sədri son dövrlər Azərbaycanın informasiya məkanında plagiatlığın artığını təsdiqləyib: “ Təəssüf ki, bu gün Azərbaycan jurnalistikasında plagiatlıq baş alıb gedir. Bu isə birbaşa jurnalistlərin peşə-davranış qaydalarına ziddir. Azərbaycan jurnalistlərinin etik qaydalarında da göstərilir ki, plagiatlıq yolverilməzdir. Dünya təcrübəsində də plagiatlıq ən bağışlanmaz oğurluqdur. Heç vaxt görə bilmərik ki, “Vaşinqton Post” “Nyu-York Times” qəzetinin materialından istifadə etsin. Və ya Türkiyənin “Sabah” qəzeti “Hürriyyət” qəzetinin materailını oğurlasın.

Lakin Azərbaycanda televiziayalar, qəzetlər informasiya agentliklərinin xəbərlərindən mənbə göstərmədən istifadə edirlər. Həmin televiziyalar, qəzetlər informasiya agentliyinin xəbərini götürməyə nə dərəcədə səlahiyyətlidir? Onlar arasında razılaşma varmı, yoxmu? Bunlar bir yana, bəlkə heç həmin informasiya agentliyi istəmir ki, onun informasiya materialı digər kütləvi informasiya vasitələrində yayımlansın. Təəssüf ki, bu gün Azərbaycan mətbuatı kifayət qədər plagiatlıq faktları ilə yadda qalır. Artıq Azərbaycan mətbuatında bu hal adiləşib. Təbii ki, bu biabırçılıqdır”.

Şura sədri bir neçə dəfə bu problemin gündəmə gəldiyini vurğulayıb. Onun sözlərinə görə, bu günə kimi Mətbuat Şurasına plagiatlıqla bağlı 5 dəfədən çox şikayət daxil olub:
“Plagiatlıqla bağlı informasiya sahibi Mətbuat Şurasına müraciət edirsə, biz bunu araşdırırıq və həll olunmasına çalışırıq. Cəza kimi həmin mətbuat orqanını ictimai qınaq obyektinə çeviririk. Çünki həmin mətbuat orqanları jurnalistlərin peşə davranış qaydalarını kobud şəkildə pozurlar. Hər halda informasiyanın mənbəyi göstərilməli, onun digər kütləvi informasiya vasitələrində yayımlanması üçün ilkin mənbədən istifadə razılaşdırılmalıdır. Bu qaydalar hamısı peşəkarlığın şərtlərindəndir. Çox təəssüf ki, Azərbaycanda bu peşəkarlıqlar ikinci plana keçir”.

Ünvan: Mirqasımov küç. 4/41 Bakı AZ1007, Azərbaycan

Tel / Fax : (+99412) 4410924

Tel: (+99412) 4378247

E-mail: [email protected]

1905.az STUDIO