Parlament Jurnalistləri Birliyinin (PJB) bir qrup üzvü bu gün Mətbuat Şurasının baş ofisində qurumun sədri Əflatun Amaşovla görüşüblər. Görüşdə ölkə KİV-nin hazırki vəziyyəti, mediada baş verən proseslər və digər məsələlər ətrafında söhbət aparılıb.
Məqsədləri barədə məlumat verən PJB sədri Elşad Eyvazlı qeyd edib ki, bu şəkildə görüşləri davam etdirəcəklər. Cəmiyyət üçün maraqlı insanlarla hər həftə fikir mübadiləsi aparacaqlar və qurum üzvləri bununla ölkə mediasında yeni bir ənənənin əsasını qoyurlar.
Sonra PJB üzvləri konkret olaraq onları maraqlandıran məsələlərlə bağlı Mətbuat Şurasının sədrinə suallar ünvanlayıblar.
Qeyd edək ki, görüşdə “525-ci qəzet”in parlament müxbiri Kamil Həmzəoğlu, “Yeni Musavat” qəzetinin parlament müxbiri Elşad Paşasoy, “Mediaforum” saytının parlament müxbiri İmdad Əlizadə, “Olaylar” qəzetinin müxbiri Süleyman İsmayılbəyli, “Şərq” qəzetiin parlament müxbiri Rəşad Baxşəliyev, “Ayna-Zerkalo” qəzetinin əməkdaşı Xaqani Səfəroğlu, Modern.az saytının əməkdaşları Elşad Eyvazlı və Anar Rüstəmov iştirak edib.
Modern.az saytı görüşün stenoqramını təqdim edir.
Rusiya və Ukrayna mətbuatı bizi qabaqlayıb…
Elşad Eyvazlı:
– Azərbaycan mətbuatının indiki durumunu Mətbuat Şurasının sədri olaraq siz necə qiymətləndirirsiniz?
Əflatun Amaşov:
– Mənə elə gəlir ki, biz Azərbaycan mətbuatını müzakirə etmək üçün Azərbaycanla eyni vaxtda müstəqillik qazanmış ölkələrin jurnalistikasına nəzər salmalı, oxşar və fərqli cəhətləri müəyyənləşdirməliyik. Bundan sonra görülən işləri müzakirə etmək, Azərbaycan mətbuatına qiymət vermək olar. Bu baxımdan mən istərdim mətbuatımızı qiymətləndirək. Əlbəttə, inkişaf etmiş ölkələrə baxanda Azərbaycan mətbuatı kifayət qədər zəifdir. Ancaq MDB ölkələrinin mətbuatına fikir verdikdə, Azərbaycan mətbuatı bu siyahıda orta səviyyədən yuxarıda yerləşir. Məsələn, Rusiya, Ukrayna həm ərazinin böyüklüyü baxımından, həm də mətbuatın inkişafına görə, bizi demək olar ki, qabaqlayıb. Orada fəaliyyət göstərən KİV-in həm maddi-texniki bazası, həm də oxucu kütləsi olduqca güclüdür. Belə olan təqdirdə həmin mətbuat vasitələri hadisələrə daha çevik münasibət göstərməyə can atırlar.
Azərbaycan mətbuatının inkişafı ilə bağlı müxtəlif sahələrdə işlər görülür. Görülən işlərin mərkəzində dövlətin KİV-in maddi-texniki bazasının gücləndirilməsi istiqamətində apardığı işlər dayanır. Bununla bağlı KİV-in İnkişafına Dövlət Dəstləyi Konsepsiyası qəbul olunub. Bu konsepsiyada nəzərdə tutulan məsələləri həyata keçirmək üçün ayrıca Fond fəaliyyət göstərir. Həm redaksiyaları, həm də ayrı-ayrı jurnalistləri müsabiqələrə cəlb edərək onları maliyyələşdirir. Dövlət tərəfindən bu istiqamətdə atılan addımlar durmadan artmaqdadır. Azərbaycan dövləti iqtisadi baxımdan gücləndikcə, Azərbaycan jurnalistikasına yardımlar da artır. Məqsəd ölkədə jurnalistikanı güclü bir mühitə çevirməkdir.
Asılı vəziyyət dedikdə, gərək bununla bağlı araşdırma aparılsın…
Elşad Eyvazlı:
– Necə hesab edirsiniz, son zamanlar mətbuatımızın asılılığı daha da artmır ki?
Əflatun Amaşov:
– Asılı vəziyyət dedikdə, gərək bununla bağlı araşdırma aparılsın. Bununla bağlı Amerika və Avropanın ayrı-ayrı ölkələri müxtəlif araşdırma aparıb ki, inkişaf etmiş ölkələrdə mətbuatın müstəqilliyi nə dərəcədir. Mətbuat kimlərə xidmət edir. Məsələn, Amerikada istər elektron KİV olsun, istər yazılı mətbuat vasitləri olsun, ayrı-ayrı iqtisadi mərkəzlərdə birləşirlər. Bunlar həmin qrupların maraqlarına daha çox uyğun olur. Bizdə də bununla bağlı nisbətən geniş müzakirələr aparmaq mümkündür.
Xaqani Səfəroğlu:
– Siz necə hesab edirsiniz, zədələnən jurnalistikanı sağaltmaq mümkündrmü?
Əflatun Amaşov:
– Ümumiyyətlə, bütün dünyada, o cümlədən Azərbaycanda jurnalistika əvvəlki kimi imicini, əvvəlki funksiyasını yerinə yetirə bilmir. Hazırda Azərbaycan məmuru, xüsusən də bölgələrdə qəzet jurnalisti dedikdə onlar nə “Ayna-Zerkalo”nu, nə “Yeni Müsavat”ı, nə də “525-ci qəzet”i nəzərdə tutur. Çünki, bögələrdə olan qəzetlər daha çox həmin insanlarla əlaqəyə girirlər. Bu zamana kimi bizə nə “Ayna-Zerkalo”dan, nə də “525-ci qəzet”dən şikayət gəlib ki, həmin qəzetlər kiminsə şərəf və ləyaqətini alçaldıb. Əgər belə hallar olarsa, o problemlər asanlıqla aradan qalxar. Yerdə qalan bir çox qəzetlər hər hansı faktın dəqiqləşdirilməsi uğrunda mübarizə aparmırlar. Bunun da əsas səbəbi “reket” jurnalistikasıdır. Çox təəssüf ki, “reket” qəzetlərinin sayı, digərlərindən qat-qat çoxdur.
“Reketlər” ciddi jurnalistlərdən yaxşı yaşayırlar…
Elşad Paşasoy:
– Bəzi qəzetlərin arxasında dayanan qüvvələrə bir mesaj göndərmişdiniz. Bundan sonra o qüvvələr “reket” qəzetlərdən əl götürdülərmi?
Əflatun Amaşov:
– “Reket” qəzetlərin arxasında ayrı-ayrı adamlar dayanır. İş adamları, hansısa qurumların maliyyələri də var onların arxasında. Onların iş üslubu kifayət qədər başqadır. Onların məqsədi informasiya almaq deyil, hadisə ilə bağlı neqativ hal varsa, onu şişirtmək və bununla bağlı müvafiq qurumlara müraciət etmək, onları şantaj etmək, qorxutmaqdan ibarətdir. Belələrinin həyat səviyyəsi normal qəzetlərdə çalışan qəzetlərin jurnalistlərindən xeyli yuxarıdır.
Mətbuat Şurasının qara siyahısında 100-ə yaxın qəzet var…
Kamil Həmzəoğlu:
– Nə qədər “reket” qəzet var və onların aqibəti necə olur?
Əflatun Amaşov:
– Hazırda Azərbaycan Mətbuat Şurasının “qara siyahısı”nda 100-ə yaxın belə qəzetin adı var. Biz onların monitorinqini aparırıq. Baxırıq görək, kimlər bu yoldan əl çəkib, kimlər əl çəkməyib. Biz onlara bir il vaxt veririk. Bu vaxt ərzində Mətbuat Şurasına şikayət daxil olmasa, komissiya araşdırır, monitorinq keçirir. Belə fakt olmasa həmin qəzetlər siyahıdan çıxarılır. Yenə deyirəm, həmin “reket” qəzetlərin missiyası cəmiyyəti məlumatlandırmaq deyil. Bu da dünyanın hər yerində olur.
Bununla bağlı ola bilsin ki, hansısa qurumlarda maraqlı insanlar da olsun. Ancaq dövlətin qəbul etdiyi sənədlərdə, konsepsiyada mətbuatın maliyyələşdirilməsi və s. bütün bunlar göstərir ki, dövlət müstəqil mətbuatın olmasında maraqlıdır. Hər bir dövlət maraqlıdır ki, onun ərazisində olan KİV daha müstəqil olsun.
İnanmaq istərdik ki, 2011-ci ildə Azərbaycanda bu təcrübəni həyata keçirəcəyik…
Elşad Paşasoy:
– Normal reklam mühitinin yaradılması ilə bağlı hansı addımların atılması gözlənilir?
Əflatun Amaşov:
– Xarici ölkələrə fikir verdikdə görərik ki, bizdə reklamlar kifayət qədər azdır. Çox təəssüf ki, Azərbaycanda reklam bazarı kasaddır. Reklam bazarında demək olar ki, reklamların əksəriyyəti elektron KİV-ə verilir. Yazılı mətbuatda isə bu olduqca azdır. Hazırda biz mətbuatda reklam bazarının inkişaf etdirilməsi istiqamətində yeni layihələr üzərində işləyirik. Dövlət orqanlarının büdcələri müəyyənləşir və həmin büdcədə müəyyən məbləğ göstərilir ki, bu da həmin təşkilatın fəaliyyəti ilə bağlı dövlət orqanlarına və ölkə ictimaiyyətinə çatdırılmaq üçün nəzərdə tutulur.
Biz keçən ilin sonlarında belə bir təkliflə çıxış etmişdik. Biz inanmaq istərdik ki, 2011-ci ildə Azərbaycanda bu təcrübəni həyata keçirəcəyik. Bununla bağlı qanunvericilik bazasında da müəyyən dəyişiklik etmək lazımdır. Bundan başqa, bəzi ölkələrdə verginin bir hissəsi cəmiyyət üçün lazım olan sahələrə yönəldilir. Məsələn, Macarıstanda QHT-lərə yönəldirlər, balaca Lüksemburqda kilsələrin inkişafına yönəldirlər. Məhz həmin ölkələrdə bu sahələr vacib sahələrdir. Mən əminəm ki, Azərbaycanda da verginin ən azı 1%-ni mətbuatın inkişafına yönəltmək olar. Artıq biz Mətbuat Şurası olaraq yeni bir layihə üzərində işləmək istəyirik. Bu sosial məsuliyyətlə bağlıdır. Bu layihə çərçivəsində biz ayda iki dəfə iş adamlarını Mətbuat Şurasın cəlb edirik. Redaktorla, jurnalistlərlə görüşlər keçiririk. Jurnalistlərlə belə görüşləri yenə də təşkil edəcəyik. İstərdik ki, iş adamları da mətbuatın inkişafında maraqlı olsunlar.
Jurnalistika inkişaf etdikcə, birləşmələr daha vacib olacaq…
Elşad Eyvazlı:
– Hansı ölkənin təcrübəsinin tətbiq edilməsinin tərəfdarısınız?
Əflatun Amaşov:
– Etiraf edək ki, Azərbaycanda bu qədər qəzetin olması çoxdur. ABŞ-da 4 qəzet dövlət səviyyəli hesab olunur. Fikir verin, Böyük Britaniya, Almaniyada çıxan gündəlik qəzetlər Azərbaycandakı kimi, deyil, təxminən Azərbaycan oxucusu üçün maksimum 10 ümumi qəzet hesablanıb. Yəqin ki, digər ölkələrdə olduğu kimi, Azərbaycanda da mövcud olan mətbuat vasitələri bazar münasibətlərini formalaşdırmalıdırlar. Əks halda, ya onlar tədricən aradan çıxacaqlar, ya da birləşəcəklər. Bu birləşmələr Rusiya mətbuatında kifayət qədər hiss olunur. Görünür ki, jurnalistika inkişaf etdikcə, bu birləşmələr daha vacib olacaq. Bir çox insanlar bu məsələlərə müxtəlif şəkildə yanaşırlar. Yazılı mətbuat qalacaq, yoxsa qalmayacaq. Hazırda dünyada da belə diskussiyalar gedir. Artıq belə görünür ki, jurnalistika informasiya yaymaq hegemonluğunu yavaş-yavaş itirir. Jurnalistikanın missiyası tamamı ilə başqa istiqamətə yönəlir. Söhbət faktları ümumiləşdirmək, analiz etmək, dəqiqləşdirmək və digər məsələlərdən gedir. İndi internet bolgerləri var, sosial şəbəkələr geniş yayılıb. Bəzi Avropa mütəxəssisləri əsl jurnalistikanı bir neçə yerə bölürlər. Ümumiyyətlə, informasiya daşıyıcısı, informasiya ötürücüsü kim ola bilər?
Əslində isə əsil jurnalistikanın nümayəndləri məsuliyyət daşıyırlar, ancaq sosial şəbəkələr isə əksinə, heç də məsuliyyət daşımırlar. Bunlar hələlik araşdırılır. Bir qrup həmin hissəni jurnalist kimi qəbul etmir, bir qrup isə bunu qəbul edir. Əlbəttə, artıq insanlar mobil jurnalistikaya keçirlər. Jurnalistika artıq personallaşıb. İndi baxırıq televiziyalara, orada müxtəlif film kanalları və digər kanallar var. Bu, insanların maraqlarından irəli gəlir. Jurnalistika da personallaşdığına görə, insanlar bəlkə də artıq qəzet oxumayacaqlar, telefonlar vasitəsilə istənilən informasiyanı əldə edə biləcəklər. Bu baxımdan Azərbaycan da ondan kənarda qalmır. Yeri gəlmişkən, biz yazda internet jurnalistikası ilə bağlı bir konfrans keçirmək istəriyirik. Azərbaycandakı vəziyyəti müəyyənləşdirmək istəyirik. Biz artıq bəzi kodekslərin pozulması ilə bağlı müəyyən şikayətlər alırıq. Bütün bunlarla bağlı Mətbuat Şurasının nəzdində Nəzarət Şurası deyilən bir şura yaradacağıq. Biz araşdıracağıq, internet portallarında etik normalar necə tənzimlənir. Ümumiyyətlə, interneti idarə etmək dünyanın heç bir yerində mümkün deyil. Bir sayt bağlanarsa, başqa birini yaradacaqlar. Çünki yolu kəsmək mümkün olan iş deyil. Dünyada da bu məsələlər insanları narahat edir. Bir çox terror təşkilatları internetdən istifadə edirlər. Bu da insanların şüuruna təsir göstərir.
Eynulla Mətbuat Şurası üçün də çox həssas bir mövzudur…
Elşad Paşasoy:
– Əflatun bəy, Sizinlə görüşdə Eynulla Fətullayev məsələsinə toxunmamaq mümkün deyil. Şura onun azadlığa çıxması üçün hansı addımları atıb?
Əflatun Amaşov:
– Bu, Mətbuat Şurası üçün də çox həssas bir mövzudur. Biz bu vaxta qədər həbsdə olan bütün jurnalistlərlə bağlı çoxsaylı müraciətlər etmişik. Müxtəlif instansiyalara, Əfv komissiyasına, ölkə rəhbərliyinə müraciət etmişik, həm də biz həmin jurnalistlərlə görüşmüşük. Mən bir müddət əvvəl Eynulla ilə görüşmüşəm. O cümlədən Qənimət Zahid olsun, Mirzə Sakit və başqaları ilə də görüşmüşdüm. Həm onların şəraiti ilə maraqlanmışıq, həm də onların bağışlanması ilə bağlı müvafiq müzakirələr aparmışıq. Eynulla ilə bağlı Mətbuat Şurası olaraq təxminəm 4-5 dəfə müraciət etmişik. Türmənin açarları Mətbuat Şurasında deyil ki, onu açıqb buraxaq…
Artıq, məhkəmə elə bir yerəddir ki, məsələ Avropa Məhkəməsi ilə Azərbaycan hökuməti arasında bir səviyyəyə qalxıb. Hələ ki biz, məsələləri izləyirik.
Xaqani Səfəroğlu:
– 2010-cu ildə Prezident jurnalistlərin sosial məsələləri ilə bağlı sərəncamlar verdi. Mənzil məsələsi ilə bağlı nə yeniliklər var?
Əflatun Amaşov:
– Ölkə rəhbərliyi tərəfindən “Gülüstan” Sarayında keçirilən tədbirdə də vurğulandı ki, jurnalistlərin mənzil məsələsi necə olmalıdır və mətbuatın inkişafında xidmətləri olan insanlar bu layihələrdən bəhrələnməlidirlər. Mən əminəm ki, bu belə də olacaq. Mətbuatın maddi-texniki bazasının gücləndirilməsi, qanunvericilik bazasının möhkəmləndirilməsi, eyni zamanda jurnalistlərin peşəkarlığının artırılması ilə yanaşı, jurnalistlərin sosial problemlərinin həlli istiqamətində də addımlar atılır. Mətbuat Şurasının binasının açılışında ölkə Prezidenti də iştirak etdi. Bu zaman orada Prezident bir neçə məsələni qaldırdı. O cümlədən sizin deyiniz məsələlərlə bağlı. Xüsusən də jurnalistlərin peşəkarlığının artırılması məsələsini də gündəmə gətirdi. Mən belə düşünürəm ki, Azərbaycanda yeni başlayan jurnalist tələbələr öz peşəkarlıqlarını artıqmaq üçün xaricdə təhsil almalıdırlar, müxtəlif dilləri bilməlidirlər. Bu, bizim üçün çox vacibdir. Mətbuat Şurası məhz bu layihə üzərində də işləyir. Jurnalistlərin peşəkarlığının artırılması üçün ixtisas artırma institutunun yaradılması lazımdır. Azərbaycanda sovet dönəmində təhsil almış jurnalistlərin bir hissəsi artıq yavaş-yavaş aradan çıxırlar. Bəzilərinin heç jurnalistika təhsili də yoxdur. Jurnalist istedad tələb edir. Mənə elə gəlir ki, dünyada baş verən olaylarla bağlı onları mütəmadi olaraq məlumatlandırmaq lazımdır. Və biz belə institutun yaradılmasına çalışacağıq. Biz əsasən də xaricdə təhsil alan təcrübəli jurnalistləri, müəllimləri həmin instituta cəlb edəcəyik. Bu baxımdan Azərbaycanda kifayət qədər təcrübəli insanlar var. Bunu biz gərək müxtəlif formalarda tətbiq edək. O ki qaldı jurnalistlərin sosial təminat məsələsinə, məhz bu da nəzərdə tutulan kompleks tədbirlərdən biridir. Biz bunu görüşdə qaldırdıq və həmin məsələdə həll olundu. Bu məsələ ilə bağlı KİV-in inkişafına Dövlət Dəstəyi Fondu məşğul olur. Bununla bağlı iş görülür və mən əminəm ki, bu məsələlər şəffaf olacaq. Jurnalistikanın inkişafında ən çox xidmətləri olan hər bir kəs həmin binadan mənzil ala biləcək.