Əflatun Amaşov Avropa Mətbuat Şuraları Alyansının illik toplantısında iştirak edib

Azərbaycan Mətbuat Şurasının (MŞ) sədri Əflatun Amaşov Belçikanın Antverpen şəhərində keçirilən Avropa Mətbuat Şuraları Alyansının illik toplantısında çıxış edib.

MŞ-dən Trend-ə verilən məlumata görə, oktyabrın 17-19-da baş tutacaq toplantının ikinci günü Alyansa üzv ölkələrin Mətbuat Şuraları rəhbərlərinin hesabat məruzələri dinlənilib.

Amaşov, əsasən, rəhbərlik etdiyi qurumun şikayətləri araşdırma mexanizmləri, mövcud istiqamətdəki statistika barədə məlumat verib, dünyada yeni medianın təşəkkül tapması ilə əlaqədar bu tip vasitələrdən olan şikayətlərdə rast gəlinən spesifik motivlərə toxunub.

Avropa Mətbuat Şuraları Alyansının 10 illik fəaliyyətinə həsr olunmuş müzakirələrdə MŞ-lərin dünyada dəyişməkdə olan media reallıqlarına adekvat fəaliyyət göstərməsinin zəruriliyi önə çəkilib.

“Mediada etik normalar, peşə fəaliyyəti ilə bağlı əxlaqi dəyərlər”, “Media azadlığı Avropa İnsan Hüquqları Konvensiyasının tərkib hissəsi kimi” və sair mövzularda davam edən diskussiyalarda iştirakçıların müasir jurnalistikanın yaradıcılıq xüsusiyyətlərinə dair gətirdikləri konkret misallar ətrafında fikir mübadiləsi aparılıb.

Toplantının sabaha nəzərdə tutulmuş proqramında tədbirin yekun sənədinin müzakirəsi və qəbulu, həmçinin Alyansının növbəti toplantı məkanının dəqiqləşdirilməsi nəzərdə tutulur.

Qeyd edək ki, Avropa Mətbuat Şuraları Alyansının illik toplantısında Amaşovla yanaşı, qurumdan olmayan kənar dəyərləndirici ekspert qismində Demokratik Jurnalistlər Liqasının sədri Yadigar Məmmədli də iştirak edir.

Milli.Az

Ünvan: Mirqasımov küç. 4/41 Bakı AZ1007, Azərbaycan

Tel / Fax : (+99412) 4410924

Tel: (+99412) 4378247

E-mail: office@azfreespeech.az

1905.az STUDIO