Əflatun Amaşov ABŞ Səfirliyinin mətbuat katibini qəbul etdi

Dünən ABŞ Səfirliyinin mətbuat katibi Kis Bin Azərbaycan Mətbuat Şurasında olub.
Milli.Az-ın verdiyi xəbərə görə, MŞ sədri Əflatun Amaşovla görüşən səfirlik təmsilçisi hazırkı vəzifəsinə artıq üç aydır ki, təyin olunduğunu bildirib. Bu müddət ərzində Azərbaycan mediası ilə bağlı ətraflı məlumat əldə etməyə üstünlük verdiyini deyən cənab Bin görüşün bu baxımdan da məhsuldar keçəcəyinə inamını vurğulayıb.

MŞ sədri Əflatun Amaşov rəhbərlik etdiyi qurumun fəaliyyət istiqamətləri barədə danışıb. Onun sözlərinə görə, ölkə jurnalistlərinin 2003-cü ilin martında baş tutan I qurultayında yaradılan Mətbuat Şurası ötən müddətdə istər media peşəkarlığının artırılmasına, istərsə də mətbuatla dövlət qurumları arasında problemlərin həllinə yönələn müxtəlif işlər görüb. Postsovet məkanında ilk dəfə olaraq ölkəmizdə bu tipli təsisatın formalaşdırıldığını deyən Ə.Amaşov qurumun təcrübəsinin keçmiş sovetlər birliyi məkanı üçün vahid model kimi qəbul olunduğunu vurğulayıb.

Görüşdə müxtəlif dövrlərdə ABŞ Səfirliyi ilə Mətbuat Şurasının əməkdaşlığına, həmçinin Səfirliyin media ilə bağlı layihələrinə, ümumən ölkəmizdə, eləcə də dünyada söz və mətbuat azadlığının vəziyyətinə dair fikir mübadilələri aparılıb.

Milli.Az

Ünvan: Mirqasımov küç. 4/41 Bakı AZ1007, Azərbaycan

Tel / Fax : (+99412) 4410924

Tel: (+99412) 4378247

E-mail: [email protected]

1905.az STUDIO