Aprelin 2-də Azərbaycan Yazıçılar Birliyinin (AYB) “Natəvan” klubunda “Şöhrət” ordenli yazıçı, Əməkdar İncəsənət Xadimi Natiq Rəsulzadənin rus dilində nəşr olunmuş yeni, “Fikirləri oxuyan” (“Çitayşiy mısli”) kitabının təqdimatı reallaşıb. AYB-nin sədri, Xalq yazıçısı Anar, qurumun katibi, Xalq yazıçısı Çingiz Abdullayev, tanınmış diplomat Ramiz Abutalıbov, Rəssamlar İttifaqının sədri, Xalq Rəssamı Fərhad Xəlilov, yazıçı-publisist Aqşin Babayev və başqaları N. Rəsulzadənin həyat və yaradıcılığından bəhs ediblər. Xatırladaq ki, N.Rəsulzadə 1949-cu ildə Bakıda anadan olub. Moskvada Qorki adına Ədəbiyyat İnstitutunun bədii tərcümə şöbəsini bitirib. Əmək fəaliyyətinə “Azərnəşr”də korrektor kimi başlayan yazıçı sonralar C.Cabbarlı adına “Azərbaycanfilm” kinostudiyasında redaktor işləyib.
N.Rəsulazdə ədəbi yaradıcılığa 1970-ci ildə “Literaturnıy Azerbayjan” jurnalında çap etdirdiyi “Nağıl” hekayəsi ilə başlayıb. Sonralar dövri mətbuat səhifələrində povest və hekayələri ilə oxucuların rəğbətini qazanmış yazıçı onlarla maraqlı kitabın müəllifidir. Natiq Rəsulzadə, eyni zamanda, tərcüməçilik fəaliyyəti ilə məşğul olaraq, Azərbaycan ədəbiyyatının bir sıra nümunələrini rusdilli oxuculara təqdim edib.
Yeni kitabında yazıçının son iki ildə qələmə aldığı 14 əsəri toplanıb.