“Femida 007 ” nin baş redaktoru apellyasiya şikayəti verəcək

“Məhkəmənin qərarından belə çıxır ki, Əyyub Kərimov cəmiyyət üçün Hacı Məmmədovdan daha təhlükəli imiş. 11 il belə cinayətkarın hərəkətlərinə dözən bir qurum jurnalistin tənqidlərinə dözmür”. “Media forum”a açıqlamasında “Femida 007” qəzetinin baş redaktoru Əyyub Kərimov Yasamal Rayon Məhkəməsinin fevralın 3-də çıxardığı hökmü belə şərh edib.

Daxili işlər naziri Ramil Usubovun Əyyub Kərimova qarşı xüsusi ittiham qaydasında qaldırdığı iddia üzrə məhkəmə prosesi bu gün yekunlaşıb.

Yasamal Rayon Məhkəməsi Ə.Kərimovu Cinayət Məcəlləsinin 147.2 maddəsi ilə təqsirli bilib. Baş redaktor aylıq maaşından 15 faizi tutulmaqla 1 il 6 ay müddətinə islah işlərinə cəlb olunub. 220 manat məbləğində məhkəmə xərcləri və məhkəmə ekspertiza xərcləri də Ə.Kərimovun hesabına ödənəcək.

Nazirin iddiasında deyilib ki, baş redaktor “Femida-007” qəzetində “Məktubazlıq”, “MTN və Baş Prokurorluq çox gözəl bilir ki, sifarişçi kimdir” başlıqlı, “Azadlıq” qəzetində isə “DİN oyunun içində və oyundankənar vəziyyətdə” sərlövhəli yazılarda polisin şərəf və ləyaqətini alçaldan fikirlər səsləndirib, ona isə böhtan atıb.

Prosesdən sonra “Media forum”a danışan baş redaktorun sözlərinə görə, o, hökmdən apellyasiya şikayəti verəcək: “Bu gün mən çıxış edib bildirdim ki, mülahizələrimdə heç bir təhqir və böhtan əlaməti olmayıb. Fikirlərimi daxili işlər nazirinin və nazir müavininin mətbuata açıqladığı faktlar əsasında bildirmişəm. Hesab edirəm ki, məhkəmənin bugünkü hökmü mənim jurnalist fəaliyyətimə qarşı yönəlib”.

«Media forum»

Ünvan: Mirqasımov küç. 4/41 Bakı AZ1007, Azərbaycan

Tel / Fax : (+99412) 4410924

Tel: (+99412) 4378247

E-mail: [email protected]

1905.az STUDIO