“Buntmanı Bakıya buraxmasalar, heç bir jurnalist Azərbaycana getməyəcək”
“Exo Moskvı” radiosunun baş redaktoru Aleksandr Venediktov canlı efirdə jurnalist Buntmanın Dağlıq Qarabağa səfəri ilə bağlı mövqeyini bildirib. Modern.az “Exo Moskvı”ya istinadən bildirir ki, o məsələ ilə bağlı prezident İlham Əliyevə məktub yazmağa hazırlaşır.
“Bir şeyi deyim ki, Azərbaycana gedəcək növbəti jurnalist Sergey Buntman olacaq”.
Venediktov etiraf edib ki, beynəlxalq hüquqa görə, Rusiya Dağlıq Qarabağı Azərbaycanın tərkibində tanıyır. Bundan sonra baş redaktor Buntmanın Dağlıq Qarabağa səfərini Rusiya ilə Azərbaycan arasında vizasız rejimin mövcuduluğu ilə izah etməyə çalışır.
“Rusiya ilə Azərbaycan arasında vizasız gediş-gəliş var. Bu o deməkdir ki, istənilən Rusiya vətəndaşı heç bir icazə istəmədən, istənilən sərhəddən Azərbaycana keçə və istənilən yerinə gedə bilər. Odur ki, hesab edirəm radio hər hansı bir qaydanı pozmayıb. Biz Dağlıq Qarabağın Azərbaycanın bir hissəsi olduğunu tanıyıyırıq”.
Separatçı rejimlərin rəhbərləri ilə əlaqələrin saxlanmasına “jurnalistin peşə borcu kimi baxdığını” deyən baş redaktor qəribə paralel aparıb. “Baxırsan ki, dünən separatçı idi, sabah isə yox.. Məsələn, Ermənistanın bu günkü prezidenti də qarabağlı separatist idi. Amma indi Ermənistanın prezidentidir. İndi nə edək? Söhbət eləməyək..?”.
Azərbaycan XİN-inin qərarını “gülməli” adlandıran Venediktov bildirib ki, Azərbaycan prezidentindən bu qərarın ləğv olunmasını xahiş edəcək.
Baş redaktor həmçinin deyib ki, Sergey Buntman Dağlıq Qaraabağdan sonra Bakıya gəlməli imiş. “Bakıdan isə o, qaçqın düşərgələrinə getməyi planlaşdırmışdı”.
Venediktov həmçinin etiraf edib ki, səfər əvvəlcədən razılaşdırlıb. Amma Azərbaycanla yox. “Biz bu səfəri Sergeyin müsahibə götürəcəyi şəxslərlə razılaşdırmışdıq” kimi qarmaqarışıq cavab verib.
Bir qədər əsəbi və səbirsiz halda danışan Venediktov Azərbaycan XİN-in qərarını başa düşmədiyini qeyd edib. Daha sonra yüngül şantaj yoluna əl atan baş redkator canlı efirdə deyib ki, “bizim jurnalistlər bundan sonra Bakıya yalnız Buntmandan sonra gedəcəklər”.
“Radionun əməkdaşının hətta “Avroviziya” müsabiqəsinə yolanması belə, yalnız Sergey Buntmanın Azərbaycana getməsindən sonra mümkün ola bilər”-deyə o vurğulayıb.
A. Venediktov bildirib ki, bu məsələni Avropa Şurası və digər beynəlxalq təşkilatlar qarşısında qaldıracaq. Müsahibə boyu suallara cavab verən Venediktov nədənsə işğal olunmuş torpaqlarla bağlı verilən sualları cavabsız buraxıb.
Qeyd edək ki, “Exo Moskvı” radiosunun əməkdaşı Sergey Buntman Dağlıq Qarabağa səfər edib və qondarma qurumun “rəhbərlərindən” müsahibələr alıb. Radio bu separatçı rejimi “Dağlıq Qarabağ Respublikası” adı ilə efirə təqdim edib. Separatçı rejimin rəhbəri Bako Saakyan Azərbaycan dövlətinin ünvanına ittiham və təhqirlər səsləndirməkdən çəkinməyib.
Azərbaycan XİN-i bundan sonra Buntmanı ölkə ərazisinə girişini qadağan edib və adını “qara siyahıya” salıb.
Modern.az