Evi sökülən sakinlər jurnalistlərə və QHT-lərə müraciət ediblər

Bakının Şəmsi Bədəlbəyli küçəsinin sakinləri kütləvi informasiya vasitələrinə və qeyri-hökumət təşkilatlarına müraciət ediblər.
Heydər Əliyev sarayı ilə Azərbaycan Dövlət Akademik Milli Dram Teatrı arasındakı sahədə şəhər parkı salmaq qərarına gələn Bakı Şəhər İcra Hakimiyyəti Şəmsi Bədəlbəyli küçəsindəki evləri də sökür. Sakinlər bunun əvəzi kimi onlara təklif olunan kompensasiyanın həcmindən narazıdırlar.
“Media forum” saytının məlumatına görə, sakinlərin müraciətində deyilir: “Biz, Şəmsi Bədəlbəyli küçəsinin yüzlərlə sakini son vaxtlar bəlkə də əsrin ən faciəli günlərindən birini yaşayırıq. Bakı Şəhər İcra Hakimiyyəti, Nəsimi və Yasamal rayon icra hakimiyyətlərinin nümayəndələri həmin ərazidə “Qış bağı” və ya istirahət parkının salınacağını əsas gətirərək bizi illər boyu yaşadığımız mənzillərdən çıxarırlar. Bunun əvəzində isə bizə nə mənzil, nə də o mənzillərin alınması üçün gərəkli olan uyğun məbləğli vermək niyyətində deyillər. Dövlət adından danışdıqlarını deyən bu məmurlar ilkin olaraq bizə ödəniləcək kompensasiyanın 1500 dollar olduğunu bildirdilər. Bizim ciddi etirazlarımızdan sonra isə həmin məbləğin 1500 manata qaldırıldığını bəyan edərək bundan başqa bir qəpik də verilməyəcəyini vurğuladılar”.

Sakinlər qeyd edirlər ki, ərazidə onların böyük əksəriyyətinin mənzilləri çox kiçikdir: “Belə vəziyyətdə ev bazarındakı hazırkı fantastik qiymətlərin müqabilində bizə verilən bu pullarla heç nə almağın mümkün olmadığı tam aydınlaşır. Məmurların sakinlərə Şəmsi Bədəlbəyli küçəsinə yaxın ərazilərdə təklif etdiyi mənzillər isə olduqca bərbad vəziyyətdədir və orada yaşamaq, demək olar ki, mümkün deyil.

Hazırda Şəmsi Bədəlbəyli küçəsi faşist Almaniyasının İkinci Dünya müharibəsi zamanı əsirlər üçün yaratdığı gettonu xatırladır. Sakinlərlə heç bir razılaşdırıcı danışıq aparmadan, onların müvafiq mənzillərlə təmin olunması məsələsi həll edilmədən küçənin hər iki tərəfindən taxta hasarlar çəkilib, bəzi evlərin hətta rabitə və kommunikasiya xətləri kəsilib. Halbuki sivil dünyada, hətta indi bəyənmədiyimiz sovet dövründə belə bu cür iri miqyaslı layihələr həyata keçirilməzdən öncə insanlara bu barədə bildirişlər təqdim edilir, onlara bazar qiymətlərinə uyğun kompensasiyalar verilir, ya da adamlar artıq təmirli müvafiq evlərlə təmin olunurdular. Hətta insan haqlarının səviyyəsinə görə beynəlxalq təşkilatların siyahlarında son yerlərin birində qərar tutan Türkmənistanda belə insanların dövlət layihələrinin həyata keçirilməsi səbəbindən bir yerdən digərinə köçürülmə məsələsi çox sivil qaydada öz həllini tapır. Azərbaycanda isə hazırda bunların heç biri yoxdur. Məmurlar insanlarla olduqca kobud davranır, sakinlərin etiraz səslərini polis dəyənəkləri hesabına yatırtmağa çalışır. Sakinlər polis bölmələrinə aparılır və bir daha heç nəyə etiraz etməyəcəyinə dair izahat yazandan sonra bölmədən buraxılırlar”.

Müraciətin sonunda Şəmsi Bədəlbəyli küçəsinin sakinləri KİV və QHT nümayəndələrindən onların pozulan hüquqlarının qorunmasına yardım göstərilməsini xahiş edirlər.

«Media forum»

Ünvan: Mirqasımov küç. 4/41 Bakı AZ1007, Azərbaycan

Tel / Fax : (+99412) 4410924

Tel: (+99412) 4378247

E-mail: [email protected]

1905.az STUDIO