Jurnalistlərə tikiləcək evlər üçün heç bir təşkilatdan təqdimat alınmayacaq. KİV-in İnkişafına Dövlət Dəstəyi Fondunun icraçı direktoru Vüqar Səfərli noyabrın 22-də “Media forum” saytına açıqlamasında belə deyib.
İyulun 22-də prezident İlham Əliyev mətbuat işçilərinin mənzil-məişət şəraitinin yaxşılaşdırılması və onlar üçün yaşayış evlərinin tikilməsi məqsədi ilə KİV-in İnkişafına Dövlət Dəstəyi Fonduna 5 milyon manat vəsait ayırıb. Evlərin Bakıda, Bibiheybət məscidi yaxınlığında tikilməsi planlaşdırılır.
Vüqar Səfərli bildirib ki, fond mənzil almaq üçün müraciət qaydasını dekabr ayında açıqlayacaq: “Kriteriyalar müəyyən edildikdən sonra hər bir jurnalist müstəqil olaraq sənədlərini təqdim edəcək. Heç bir təşkilatdan təqdimat almayacağıq. İlin sonuna kimi binanın təməlini atmağa çalışacağıq və müraciət qaydası da həmin vaxt açıqlanacaq”.
“Media forum”