Ermənilər Hollivudda «soyqırımla» bağlı film çəkdirəcəklər

Eldəniz Quliyev: «Xocalı soyqırımı ilə bağlı Holivudda film çəkilməsinə nail olmalıyıq»

Yusif Şeyxov: «Biz bu barədə fikirləşirik»

Zaur Qəriboğlu: «Biz gerçəklikləri dünyaya çatdırmağa can çəkiriksə, onlar öz yalanlarını dünyaya sırıyırlar»

Oktay Hacımusalı

Xəbər verildiyi kimi, ermənilər Hollivudda saxta soyqırımları ilə bağlı film çəkməyə pul ayırıblar. Həmin filmi də yəhudilərin Xolokost soyqırımı ilə bağlı filmi çəkən Hollivud kinorejissoru çəkməlidir. Bu isə ondan xəbər verir ki, ermənilər olmayan, uydurma soyqırımı dünya ictimaiyyətinə sırımaq üçün bütün vasitələrdən, pullarından belə keçməyə hazırdır. Bildiyimiz kimi, Hollivud dünyada kino çəkilişi üzrə başlıca bir məkandır. Bu studiyanın çəkdiyi filmlər dünyada geniş şöhrət tapır. Hətta bu yaxınlarda Kazaxıstan prezidenti Harazbayev qazax xalqının tarixindən bəhs edən filmin çəkilişilə bağlı Hollivuda sifariş vermişdi. Azərbaycan tərəfindən isə nədənsə bu istiqamətdə addım atılmır. Xalqımız XX əsrdə bir neçə dəfə soyqırıma məruz qalıb. 1918-ci ildə ermənilər 100 minlərlə soydaşımızı vəhşicəsinə qırmışdı. 1992-ci ildə isə onlar Xocalı soyqırımı törətdilər. Həmin hadisələrin dünya ictimaiyyətinə çatdırılmasında müasir dövrdə kinonun rolu böyükdür. Kinonun oynadığı rolu heç silah da oynaya bilmir. Bu mənada ermənilər tərəfindən başımıza gətirilən bəlaların dünya birliyinin diqqətinə çatdırmaq üçün Hollivud kimi kino çəkilişləri məkanından geniş istifadə etməyimiz vacibdir. Təbliğatı baxımdan belə bir addımın əhəmiyyəti böyükdür. Amma təəssüf ki, bu günə qədər həmin istiqamətdə hər hansı bir addım atmamışıq. Görəsən, nədən Azərbaycan sözügedən istiqamətdə addım atmır?
Tanınmış ziyalı Eldəniz Quliyevin fikrincə, Azərbaycanın bu istiqamətdə indiyə kimi addım atmaması şəxsi maraqları üstün tutmağımızdan irəli gəlir: «Yalançı soyqırım barədə Holivudda film çəkmək istəyi ermənilərin ikinci filmi olacaq. Bir dəfə də burada «Ararat» adlı film çəkilmişdi. Ona da neçə yüz milyon dollara qədər sərmayə qoymuşdular. Hələ o vaxtı tələb etdik ki, Türkiyə ilə gücümüzü bir yerə qoymaqla ermənilərin bu əməllərinə cavab verək. Cavab olmasa onların belə əməlləri mütəmadi olaraq davam edəcək. Göründüyü kimi də davam edir. Tehrandakı beynəlxalq kinofestivaldan yenicə gəlmişəm. O festivalın kənarında «Hollivudizm və sinema» adlı beynəlxalq kofrans keçirilirdi. Burada bir fransız alimi Holivudun yəhudilərə lazım olduğundan çox diqqət yetirməsinə münasibət bildirərək demişdi ki, dünyada iki başdan xarab millət var. Biri yəhudilərdir ki, Xolokostu yeri gəldi-gəlmədi hamının gözünə soxur. Digərləri də ermənilərdir ki, olmayan şeyi sızıldaya-sızıldaya hər yerdə deyirlər. Kino vacib incəsənət növlərindən biridir ki, kütləvi xarakter daşıyır. Təbliğat prosesində kinonun əhəmiyyət böyükdür. Bizdə çəkilən kinolar isə Biləcəridən o tərəfə yayılmır. Ona görə də ermənilərin öz yalanlarını kino vasitəsilə dünya ictimaiyyətinə çatdırılmasına qarşı mübarizə aparmaq üçün biz də öz həqiqətlərimiz, xüsusən də Xocalı soyqırımı və digər hadisələr barədə səhnələrin yer aldığı filmlərin Holivudda çəkilməsinə nail olmalıyıq. Bunun üçün çoxlu sərmayə lazımdır. Çünki kino çəkilişi çoxlu pul tələb edir. Hollivudda çəkilən filmin titrinə qoyulan pulla bizdə üç ədəd bədii film çəkirlər. Əslində isə belə olmaz. Belə bir məsələyə mütləq mənada hökumət qarışmalıdır. Bu təkcə ləyaqət məsələsi deyil. Həm də müharibədə kəllə-kəlləyə gəlməyimiz deməkdir. Hazırkı şəraitdə informasiya müharibəsini udan yüz ədəd raketdən də güclü olur. Bizdə hələ ki, tariximizin dünya miqyasında kino vasitəsilə təbliği istiqamətində addımların atılmaması hamımızın özümüzə qapanması ilə bağlıdır. Çünki hər birimiz birinci növbədə özümüzü düşünürük. Ona görə də təbliğat sahəsində ermənilərdən beləcə geri qalmışıq».
Turizm və Mədəniyyət Hazirliyinin kino şöbəsi sektorunun müdiri Yusif Şeyxov belə bir addım istiqamətində fikirləşdiklərini bildirdi: «Bu günlərdə Hizami kinoteatrında Xocalı faciəsinə həsr olunan «Xoca» bədii filminin premyerası olacaq. O ki, qaldı Xocalı soyqırımı ilə bağlı Hollivud səviyyəsində filmin çəkilməsinə, biz bu barədə fikirləşirik».
Yazıçı Varis hesab edir ki, bu pulu Ermənistan hökuməti deyil, erməni diasporu ayırıb: «Ümumiyyətlə, erməni xalqı üçün diaspor əhəmiyyətli rol oynayır. Bütün imkanlı ermənilər harada yaşamalarından asılı olmayaraq erməni mədəniyyəti, tarixi üçün müstəsna işlər görürlər. Bizim imkanlılar isə yalnız şəxsi mənafelərini tanıyırlar. Azərbaycan naminə heç kəs çalışmaq istəmir. Səmimi deyim ki, nə diasporamız, nə ölkə daxilindəki imkanlılarımız, nə ictimai təşkilatlarımız heç bir maştablı iş görmürlər».
Şairə Nisəbəyimin fikrincə, bu məsələ bizim yaralı yerimizdir: «Bilirsiniz bu nəyə oxşayır? İki rəqibdən biri daim iş görür, o biri isə daim danışır. Siz bu sualı mənə verirsiniz, mən də başqa birinə, o da başqa birinə… Real iş görməyə gələndə ortada heç kim yoxdur. Bizim nöqsanlı mental xüsusiyyətlərimizdən biri də budur. «Az aşım, ağrımaz başım». Heç kim bir-biri ilə bir araya gəlib iş görmək istəmir. Etiraf etmək lazımdır bizim «Mən» təfəkkürümüz «Biz» təfəkkürünə keçəndə yazdığımız ssenarilərə yiyə duran tapılacaq. Çəkilən filmlər də o qədər naşı və səviyyəsizdir ki, sanki bunlar dünyada heç bir film görməyiblər. Məsəl var: «Çörəyi ver çörəkçiyə». Yaxşı film ortaya qoymaq üçün peşəkarlıq lazımdır, hər sahədə. Tanışlıqla, dostluqla, qohumluqla sənət olmur, qardaşım. Sənətdə peşəkarlıq, istedad, yanğı lazımdır, boşuna danışmaqla ancaq uduzuruq. Ermənilər pul ayırır, bizimkilər niyə ayırmır? Pul yoxdur? Bütün sualların cavabı bu «niyə?» sözündədir».
Jurnalist, Söz Azadlığını Müdafiə Fondunun əməkdaşı Nəzirməmməd Quliyev hesab edir ki, həmişə olduğu kimi, bu məsələdə də ermənilər bizi qabaqlayıblar: «Ona görə də biz informasiya müharibəsində uduza-uduza gedirik. Düşünürəm ki, indi biz həmin layihənin məhz Hollivudda təkrarlanması uğrunda mübarizəyə qoşulmamalıyıq. İndi biz alternativ qaydalarla, öz layihəmizi kinoda da, başqa sahələrdə də davam etdirməliyik. Burada bir vacib məqam da var ki, ermənilərdən fərqli olaraq, bizim əlimizdə Xocalı ilə bağlı hazır videomateriallar var. Onlarsa yalançı, qondarma şəkillərin üzərində aparırlar təbliğatlarını. Elə bu faktdan yararlanıb təbliğat qurmaq olar. Ancaq, yenə deyirəm, erməniləri təkrarlamaqla yox, spesifik layihələrlə».
Yazıçı-publisist Zaur Qəriboğlunun fikrincə, hər şey ideologiyadan asılıdır: «Bu gün Azərbaycan gənci bütün günü televizyada müğənnilərin bir-birilə savaşmasına, evlənmə proqramlarına baxır ki, artıq getdikcə, istər-istəməz dərdi unudulur. Və bu dərdi yada salan, xatırladan televizya proqramlarına da vaxt çox az ayırırlar. Habelə, orta məktəblərdə, universitetlərdə də dərdimizlə bağlı təbliğat çox zəif aparırlır. Məhz bu üzdəndir ki, əhali əsas dərdini unudub, başı başqa məsələlərə qarışıb. Fəqət, ermənilər bunu etmir axı… Fransa parlamentinin erməni soyqırımını tanıması və Hollivudda erməni soyqırımından bəhs edən filmin hazırlanmasına ermənilərin külli miqdarda pul ayırması göstərdi ki, onlar yatmayıb, özlərinin saxta tarixini dünyaya sırıyırlar. Necə olmalıdır ki?!. Belə də olmalı idi. Əgər, biz gerçək ola-ola öz gerçəyimizi dünyaya çatdırmağa can çəkiriksə, onlar da bu fürsətdən yararlanıb, öz yalan tarixini sırıyırlar. Necə ki, tarixdə də hər zaman ermənilər bizim sadəliyimizdən istifadə edib, hiyləgərliklərini həyata keçiriblər».
Sosioloq Əhməd Qəşəmoğlu hesab edir ki, bu işlərdə də ermənilər bizdən qabağa düşüb: «Görürsünüzmü? Bu film çox mühüm məsələdir. Yaxşı bir film alınsa bu olduqca böyük bir təbliğat vasitəsidir. Ermənilər ona görə həmişə belə məsələlərdə bizdən qabaqda olur ki… onlarda bu işlərlə səriştəli, milli hissləri güclü, dünyanın axarını bilən, müasir təfəkkürlü insanlar məşğul olur. Təssüüf ki, bizdə bu sahədə ciddi düşünə bilən adamların böyük əksəriyyətində səlahiyyət və maddi imkan yoxdur. Ölkəyə mənasız yerə gətirilən futbolçuların, mənasız təmir işlərinin, bir sıra başqa tədbirlərin yerinə belə ciddi filmlər çəkdirmək olar. Amma təbii ki, ermənilər öz şəxsi əlaqələrindən də istifadə edirlər. Bizdə hətta Hollivuda yox, ele Rüstəm İbrahimbəyova da şərait yaradılsa, ortaya ciddi bir film qoya bilərik».

Ünvan: Mirqasımov küç. 4/41 Bakı AZ1007, Azərbaycan

Tel / Fax : (+99412) 4410924

Tel: (+99412) 4378247

E-mail: office@azfreespeech.az

1905.az STUDIO