“Elm və həyat” jurnalının 50 yaşı qeyd ediləcək

Sabah Azərbaycan Mətbuat Şurasında “Elm və həyat” jurnalının 50 yaşı qeyd ediləcək. MŞ İdarə Heyəti üzvlərinin, ölkənin aparıcı kütləvi informasiya vasitələri təmsilçilərinin, tanınmış alimlərin və redaksiya kollektivinin qatılacağı mərasimdə Azərbaycan mətbuatı və maarifçiliyi tarixində özünəməxsus yeri və rolu olan jurnalın yarım əsrdə keçdiyi yola nəzər salınacaq, xatirələr səslənəcək.

Qeyd edək ki, “Elm və həyat” 1961-ci ilin martında işıq üzü görüb. Respublikada “Bilik” Cəmiyyətinin orqanı kimi fəaliyyətə başlayan jurnalın ilk redaktoru Cavanşir Şirinov, fəxri baş redaktoru isə akademik Abdulla Qarayevdir. Yüksək populyarlığı ona keçmiş sovetlər birliyinini ucqar guşələrində belə oxucular qazandırıb. Vaxtı ilə tirajı 180 minə qədər yüksələn nəşr 1998-ci ildə Meksikada təsis edilmiş “Qran Pri” mükafatına layiq görülüb. Bu KİV-də Azərbaycanın bir çox məşhur elm xadimləri daim öz fikir və mülahizələrini bu günün özündə də bölüşməkdədirlər.

“Elm və həyat” 1992-ci ildən Azərbaycan Milli Elmlər Akademiyası Rəyasət Heyətinin, Arxeologiya və Etnoqrafiya İnstitutunun və jurnalın yaradıcı kollektivinin təsisçiliyi ilə nəşr edilməkdədir. Ötən əlli ildə elmi publisistikanın formalaşmasında jurnal əhəmiyyətli rol oynayıb. Burada Azərbaycanın tarixi, ədəbiyyatı, etnoqrafiyası ilə bağlı məqalələrlə yanaşı, fizika, kimya, kibernetika, astronomiya və sair elm sahələrinə aid yazılar oxuculara təqdim edilməkdədir.

Modern.az

Ünvan: Mirqasımov küç. 4/41 Bakı AZ1007, Azərbaycan

Tel / Fax : (+99412) 4410924

Tel: (+99412) 4378247

E-mail: [email protected]

1905.az STUDIO