Elçin Şıxlı: “Jurnalistika məktəbi yaratmaq fikrindəyik “

– 2006-cı ildən Azərbaycan Jurnalistlər Birliyinin sədrisiniz. Son illər bu qurumun işində hansı dəyişikliklər baş verib?
– Azərbaycan Jurnalistlər Birliyi müstəqil, azad və könüllülük əsasında fəaliyyət göstərən ictimai – yaradıcı təşkilatdır. AJB son illər bir sıra layihələr həyata keçirib. Məsələn, Lənkəranda birliyimizin Media Mərkəzi fəaliyyət göstərir. Bundan başqa, indi cənub bölgəsində yerli qəzetlərin mətbəəyə qədər olan işlərini görmək üçün ayrıca bir mərkəz də yaradılıb. AJB-nin 2 ilə yaxındır ki, saytı da fəaliyyətə başlayıb. Bu saytda bütün qəzet, jurnal, agentlik, televiziya və radioların, AJB-nin Ali Məclisinin, katibliyin siyahısı, həmçinin təşkilatın yaranma tarixi haqqında məlumatlar yer alıb. Bu ilin may ayında isə AJB-nin 50 yaşını Berlində qeyd etdik.
– Hazırda AJB-nin neçə üzvü var?
– Birliyimiz 1000 -dən artıq qəzet və jurnalda, 25 teleradio şirkətində, 20 informasiya agentliyində, 40 – a qədər nəşriyyatda çalışan 3000 yaxın jurnalisti öz sıralarında birləşdirir. Digər jurnalist təşkilatlarından fərqli, AJB istisnasız olaraq, istər mərkəzi, istərsə də şəhər və əyalət mediasını bütünlüklə əhatə edən ümumrespublika təşkilatıdır.
– Quruma üzv olmaq üçün hansı şərtlər tələb olunur?
– Üzvlüyün şərtləri elementardı. Bizim nizamnaməni oxuyub ordakı maddələri qəbul edən, mətbuatda (televiziya, radio) mütəmadi olaraq 3 il işləyən şəxs yazdığı yazıları bizə çatdırır və biz onları araşdırıb, sonra təşkilatın məktubu ona verilir ki, bu şəxs quruma üzv ola bilər.
– Üzvlük haqqı nə qədərdir?
– İllik 10 manatdır.
– Əvvəllər jurnalistika sahəsinə aid olmayan bəzi şəxslər çalışırdılar ki, AJB-nin vəsiqəsini əldə edib üzərlərində gəzdirsinlər. İndi belə hallar varmı?
– Nizamnaməyə görə, hətta mətbəədə çalışan mürəttib belə AJB-nin üzvü ola bilər. Yəni burda heç bir sədd qoyulmayıb. Əlbəttə, əvvəllər belə hallar vardı. Ancaq indi çalışırıq bu cür hallar olmasın.
-Vəsiqələrdə necə, dəyişiklik edilibmi?
– Əvvəllər kartlar müddətsiz verilirdi. Kartın üzərinə müddət yazılmadığı üçün onu alıb çıxıb gedirdilər. Ancaq indi üzvlərin sayını dəqiqləşdirmək üçün vəsiqənin müddətini 1 illik etmişik. Nizamnamədə yazılıb ki, 1 ildən artıq üzrsüz səbəbdən üzvlük haqqını ödəməyən adamlar avtomatik olaraq üzvlükdən xaric edilir.
-AJB-nin beynəlxalq əlaqələri hansı səviyyədədir?
– Təşkilatın beynəlxalq əlaqələri bir o qədər yüksək səviyyədə deyil. Normal münasibətlər Rusiya Jurnalistlər İttifaqı, Berlin Jurnalistlər Birliyi və Beynəlxalq Jurnalistika Təşkilatı ilə qurulub. Təbii ki, bunlar yetırli deyil.
– Gələcək layihələriniz barədə nə deyə bilərsiz?
– Hazırda bir layihə üzərində işləyirik. İxtisaslaşma üzrə treninqlər keçiriləcək. Jurnalistlərin biliyinin artırılması üçün idman, iqtisadiyyat və başqa sahələr üzrə treninqlər təşkil olanacaq. Gələn ildən bu layihəni icra etməyə başlayacağıq. Bundan başqa, Jurnalistika məktəbi yaratmaq fikrindəyik.

Ünvan: Mirqasımov küç. 4/41 Bakı AZ1007, Azərbaycan

Tel / Fax : (+99412) 4410924

Tel: (+99412) 4378247

E-mail: [email protected]

1905.az STUDIO