Ekspertiza azərbaycanlı baş redaktorun cinayət törədərkən anlaqlı olması barədə rəy verib

Xuliqanlıqda, hədə-qorxu ilə tələb etmədə təqsirləndirilən azərbaycanlı baş redaktorun işi üzrə məhkəmə baxışı başlayıb.

Trend News-un məlumatına görə, cümə günü Ağır Cinayətlərə Dair İşlər üzrə Məhkəmədə “İdeal” qəzetinin baş redaktoru Nazim Quliyevin cinayət işi üzrə prosesdə hakim Azər Orucov təyin edilmiş məhkəmə tibbi ekaspertizasının rəyini açıqlayıb.

Hakim bildirib ki, ekspertizanın rəyinə görə, Quliyev xəstə olsa da, onun anlaqsız olması müəyyən edilməyib.

Sonra prosesdə ifadə verən Quliyev elan olunmuş ittiham üzrə özünü təqsirli bilməyib. O bildirib ki, cinayət işi üzrə zərərçəkmişlərdən hədə-qorxu yolu ilə pul tələb etməyib və cinayət işi üzrə zərərçəkmişlər istintaq dövründə ona qarşı qərəzli ifadələr veriblər.

Quliyev istintaqa verdiyi ifadəsini də təsdiqləməyib.

Prosesdə “İdeal” qəzetinin satıcı-menceri vəzifəsində işləmiş Havanisə Abdullayeva şahid qismində ifadə verib.

O deyib ki, Quliyevin göstərişi ilə haqqında yazılar dərc olunan şəxslərə qəzet paylayıb.

Proses davam edir.

Quliyev Cinayət Məcəlləsinin hədə-qorxu ilə tələb etmə (182.2), hədə-qorxu ilə tələb etmə zor tətbiq etmə ilə törədildikdə (182.2.3), külli miqdarda əmlak əldə etmək məqsədi ilə törədildikdə (182.2.3), xuliqanlıq (221.1), qanunsuz olaraq narkotik vasitələri, psixotrop maddələri və ya onların prekursorlarını hazırlama, istehsal etmə, əldə etmə, saxlama, daşıma, göndərmə və ya satma (234.1) maddələri ilə təqsirli bilinib.

Bu iş üzrə 6 nəfər zərərçəkmiş kimi tanınıb.

Ünvan: Mirqasımov küç. 4/41 Bakı AZ1007, Azərbaycan

Tel / Fax : (+99412) 4410924

Tel: (+99412) 4378247

E-mail: office@azfreespeech.az

1905.az STUDIO