«Ekonomist» jurnalı Azərbaycan smartfon bazarının monitorinqini keçirib

Noyabr ayının əvvəlində Azərbaycanın daha iki mobil rabitə operatoru – «Azercell» və «Bakcell» şirkətlərinə Rabitə və İnformasiya Texnologiyaları Nazirliyi tərəfindən 3G xidmətlərinin göstərilməsi üçün lisenziya verilib.

Azərbaycanın sonuncu yaradılan operatoru – «Azerfon» şirkəti isə analoji lisenziyanı bir il əvvəl alıb. Hər iki operator bu xəbəri böyük sevinclə qarşılayıb – şirkətlər yeni şəraitdə göstərəcəkləri xidmətlər barədə planlarını açıqlamaqdadır. Amma bu yenilikdən ən çox sevinənlər «iPhone» və yeni nəsil telefonların və ya smartfonların sahibləri olmalıdır. Çünki 3G texnologiyası ilk növbədə bu telefonların imkanlarından tam istifadəyə imkan verəcək.

Mobil səviyyədə partlayış

Mərhum Stiv Cobsun ilk «iPhone»u nümayiş etdirməsindən keçən 4 il ərzində dünyanın mobil telefon bazarında əsl inqilab baş verib. Ənənəvi mobil telefonlar və nisbətən «ağıllı» smartfonlar bazarına başgicəlləndirici imkanları olan yeni nəsil telefonlar daxil olub. Bu telefonların meydana gəlməsi, eləcə də noutbuk-netbuk-tab-planşet evolyusiyası nəticəsində portativ kompüterlərin təkmilləşməsi mobil telefonlarla kompüterlər arasında fərqi faktiki olaraq aradan qaldırıb.

Yeni nəsil telefonların kökündə tamamilə yeni əməliyyat sistemləri dayanır. Hazırda yeni nəsil smartfonlar bir neçə əməliyyat sistemləri üzərində qurulub. «iPhone»lar «iOS», «Samsung», HTC, «Sony-Ericsson» telefonları «Android», «Nokia» isə «Symbian» və «Windows», nəhayət, «Blackberry» qurğuları «Blackberry OS» əməliyyat sistemləri əsasında işləyir. Bu əməliyyat sistemləri adi telefonlarda mümkün olmayan işləri artıq smartfonlarda mümkün edir. Bura həm internetdən rahat istifadə, elektron poçtu yoxlamaq və məktub yazıb göndərmək, yazı və cədvəllər, bütün növ elektron sənədlərlə işləmək və mürəkkəb oyunları oynatmaq kimi əməliyyatlar daxildir. Bu səbəbdən təəccüblü deyil ki, gün keçdikcə daha çox insan smartfonlara üstünlük verir.

Mobil bazar

Yeni nəsil telefonların yaranması və ümumiyyətlə, bu sahədə yeni texnologiyaların tətbiqi artıq hər şeyin həll olunduğu kimi görünən mobil telefonlar bazarında ciddi dəyişikliklərə səbəb olub. İndi mobil telefon bazarı iki seqmentə – ənənəvi telefon və yeni nəsil smartfonlara bölünür.

«Mobitel» şirkətinin apardığı araşdırmalara əsasən, hazırda ənənəvi telefon seqmenti bazarın 75%, smartfonlar isə 25%-ni təşkil edir. Bazarın şəksiz lideri 61%-lik paya malik olan «Nokia» şirkətidir, «Samsung» 20%-lə ikincidir. «Samsung» telefonlarının əsas üstünlüklərindən biri qoşa nömrələrin işləməsinə imkan verən «duos» modelləridir – belə telefonlar «Samsung»un satışının böyük hissəsini təşkil edir.

Ənənəvi telefon və smartfon bazarının qalan hissəsini digər brendlər – LG, «Sony-Ericsson», «Blackberry» və Çindən gətirilən çoxsaylı saxta modellər tutur. Təqribi qiymətləndirmələrə görə, saxta telefonlar bazarın 10-15%-ni təşkil edir.

Smartfonlar telefon bazarının ən sürətli inkişaf edən seqmentidir: ötən ilə nisbətən satış 30% artıb. «Mobitel» şirkətinin araşdırmalarına görə, smartfon bazarının 56%-ni «Nokia», 22%-ni «Samsung», 20%-ni isə «iPhone» və «Blackberry» modelləri təşkil edir.

«Apple» şirkətinin Azərbaycandakı təmsilçisi olan «Almastore»nin araşdırmalarına görə isə, Azərbaycanda smartfon bazarı ümumi mbil telefon bazarının 10%-ni təşkil edir. Bazarın bu seqmentində ən yüksək pay «Blackberry» smartfonlarına (35-40%) məxsusdur. «Apple» şirkətinin məhsullarının payı 30-35%-dir, bazarın qalan hissəsini «Samsung» və başqaları tutur.

Smarfonların mobil operatorlar üzrə təqribi bölgüsü də məlumdur. Bahalı smartfon sahiblərinin 70%-ə qədəri «Azercell», 30%-i «Baksell» istifadəçiləridir. «Azerfon»da belə istifadəçilərin sayı azdır.

Çox bahalı oyuncaqlar

Bütün dünyada olduğu kimi, Azərbaycanda da smartfonların satışı sürətlə artır. İndi mağazalarda «Nokia», «iPhone», «Samsung», HTC və digər firmaların təqribən 50-ə yaxın modelini almaq mümkündür. Bunların qiyməti 300 manatdan başlayaraq 1000 manat və daha yüksəkdir. Nə qədər qəribə olsa da, qiymətlərin yüksək olması bu modellərin satışına mane olmur, hərçənd ekspertlərin fikrincə, nisbi ucuzluq onların satışını daha da artıra bilər. Bakıda smartfonların qiyməti əhalisinin alıcılıq qabiliyyəti Azərbaycandan xeyli yüksək olan ABŞ və Avropadakı qiymətlərlə müqayisədə aşağıdır. Səbəbi odur ki, xarici ölkələrdə onların satışı üçün müxtəlif sxemlər tətbiq edilir. Amma hələlik Azərbaycanda bu yoxdur. «Almastore»dən bildiriblər ki, Azərbaycanda «iPhone»un satışı daha aktiv ola bilərdi, amma yerli operatorlardan heç biri ilə kontraktın olmaması buna mane olur. Məsələ bundadır ki, bütün dünyada bu telefonlar mobil operatorlarla əməkdaşlıq şəraitində kampaniya ilə satılır. Yəni müştəri 100-200 dollar ödəyərək telefon alır, sonra isə 1-2 il müddətində hər ay müəyyən edilmiş məbləğ (təqribən 60 dollar) ödəyir. Bu məbləğə həm danışıq haqqı, həm də telefonun pulunun ödənişi daxildir. Bizdə isə mobil rabitə operatorları belə müqavilələri bağlamağa həvəs göstərmir, səbəbi isə əhalinin ödəniş qabiliyyətinə şübhə etmələridir. Halbuki ekspertlərin fikrincə, qiyməti aşağı düşsə, bu telefonlar müxtəlif təbəqələr, hətta evdar qadınlar üçün də maraqlı ola bilər. Təəccüblənməyin – bura oyunlar və qadınlar üçün proqramlar da yazıla bilir.

Qeyd: Məqalənin tam mətni ilə «Ekonomist» jurnalının noyabr sayında tanış olmaq mümkündür. Jurnalı «Qaya», «Qasid», «Azərmətbuatyayım» şəbəkəsində, həmçinin Bakı Metropoliteninin stansiyalarında və redaksiya vasitəsilə almaq və abunə olmaq mümkündür.

Ünvan: Mirqasımov küç. 4/41 Bakı AZ1007, Azərbaycan

Tel / Fax : (+99412) 4410924

Tel: (+99412) 4378247

E-mail: [email protected]

1905.az STUDIO