Dövlət qəzeti dövlət orqanlarının mətbuat xidmətlərini “vurdu”

Modern.az saytı xəbər verir ki, Milli Məclisin rəsmi orqanı olan “Azərbaycan” qəzeti “Mətbuatdan «gizlənən» mətbuat xidmətləri” adlı yazı ilə bəzi dövlət orqanların ictimaiyyətlə əlaqələrə məsul qurumlarını tənqid edib.

Qəzetin yazdığına görə, jurnalistlərin narazılıq etdiyi ünvanlardan biri Bakı Şəhər İcra Hakimiyyətinin mətbuat xidmətidir.
“Bu xidmətin əməkdaşları müxbirin informasiya almaq hüququna məhəl qoymurlar, məlumatlardan xəbərsizdirlər, şöbələrdə telefonları götürən olmur. Rayon icra hakimiyyətlərində isə müraciətlərə məhdud dairədə cavab verilir, amma onun dərc olunması üçün öz rəhbərliklərinin icazəsini şərt kimi qoyurlar. Bu problem əksər dövlət qurumlarına, nazirlik, təşkilat və komitələrə də aiddir. Bunu informasiyanı gizlətmək, öz rəhbərliyinin mənfi planda görünməsinə müqavimət kimi də qiymətləndirmək olar. Belə təşkilatlar tənqid olunduqdan sonra onun əməkdaşları faktları inkar etməyə çalışırlar. Nəticədə həmin mətbuat xidmətləri informasiya verən deyil, informasiya axınının qarşısını alan qurumlara çevrilirlər! Onların işinin səmərəsi sıfıra bərabər olur!”-deyə “Azərbaycan” qəzeti yazıb.

Rəsmi dövlət qəzeti Nəqliyyat Nazirliyi, Bakı şəhəri Təhsil İdarəsi, “Azərsu” və “Azəriqaz” səhmdar cəmiyyətlərinin mətbuat xidmətlərinin suallara vaxtlı-vaxtında cavab verməməkdə qınayıb.
“Güc nazirliklərindən və hüquq-mühafizə orqanlarından isə istədiyin məlumatla deyil, onların verdiyi informasiyalarla kifayətlənməlisən. Müdafiə Nazirliyinin hospitallarından, xəstəxanalarından yazmaq üçün belə onlara rəsmi şəkildə müraciət edilməli, icazə alınmalıdır. Ekologiya və Təbii Sərvətlər Nazirliyi, Dövlət Torpaq və Xəritəçəkmə Komitəsinin mətbuat xidmətləri çox istəyirlər ki, jurnalistlərə zəngin informasiya versinlər. Lakin əməkdaşların peşəkarlıq səviyyəsinin aşağı olması buna imkan vermir. Ona dörə də mətbuat xidmətlərinin fəaliyyəti həm də bu qurumlara rəhbərlik edənlərin şəxsi idarəçilik keyfiyyətləri ilə bağlıdır desək, yəqin ki, yanılmarıq”-deyə “Azərbaycan” qəzetində yazılan məqalədə bildirilib.

Qəzet yazır ki, əksər nazirliklərdən, eləcə də AMEA-nın institutlarından göndərilən yazılar aşağı səviyyədə, zəif, dəqiqləşdirilməmiş, hətta bəzən yanlış faktlardan ibarət olur. Məqalənin dili, üslubu redaktəyə belə gəlmir.

“Azərbaycan” qəzeti daha sonra yazır:

“Problemlərin digər bir qismi mətbuat xidmətlərinin KİV-lər arasında ayrı-seçkiliyə yol verməsi zəminində baş qaldırır. Müşahidələr göstərir ki, bəzi hallarda mətbuat xidmətlərinin rəhbərləri informasiyaları şəxsi münasibətləri yaxşı olan jurnalistlər vasitəsilə yaymağa üstünlük verirlər. Və yaxud obyektiv üstünlüklə bağlı daha operativ yayım imkanları olan internet saytları ilə işləməyə çalışırlar. Lakin bu zaman digər KİV-lərin də operativ məlumat almaq hüququ təmin olunmalı, qanunun tələblərinə riayət olunmalıdır. Eyni zamanda, mətbuat konfranslarına və brifinqlərə yalnız “dost jurnalistlər”in dəvət edilməsi kimi xoşagəlməz ənənəyə də son qoyulmalıdır!”.

“Azərbaycan” qəzeti bildirir ki, bəzi bir sıra dövlət orqanlarının internet saytları “sürət əsri”nin tələblərinə tam cavab vermir.
“Eyni zamanda əksər dövlət və qeyri-dövlət qurumlarının saytlarında mətbuat xidmətlərinin, ictimaiyyətlə əlaqə şöbələrinin telefonları göstərilmir. Məsələn, Mədəniyyət və Turizm Nazirliyinin, Dövlət Statistika Komitəsinin internet saytlarından mətbuat xidmətləri ilə əlaqə telefonlarını əldə etmək mümkün deyildir.
Bu günlərdə ölkə rəhbərinin sədrliyi ilə 2012-ci ilin 9 ayının sosial-iqtisadi yekunlarına həsr olunmuş iclas keçirilsə də, hələ də əksər nazirliklərin və komitələrin internet saytlarında bu dövrdə görülmüş işlərlə bağlı hesabatlara rast gəlinmir. Diasporla İş üzrə Dövlət Komitəsi sonuncu dəfə 2011-ci ilin hesabatını 2012-ci ilin fevralında yerləşdirib. Elə nazirliklər var ki, saytlarında ən axırıncı hesabat 2010-cu ilə aiddir. Bu, bütün hallarda bəsitliyə səbəb olur. Əksər saytlar küçələrdə vurulan elanlara oxşayır. Onlar illərlə dəyişməz olaraq qalır. Halbuki sayt öz sahibinin fəaliyyətinin canlı güzgüsü olmalıdır”.

Qəzet yazır ki, bəzi dövlət qurumlarının saytlarında ciddi qüsurlardan biri də informasiyaların keyfiyyətinin aşağı olmasıdır. Materialın həcmi az olur, hətta bir cümlə verilir, faktlarda konkretlik əksini tapmır, informasiya almaq hüququna hörmət hiss olunmur. Təqdim edilən mənbələr çox vaxt açılmır. Belə bir vəziyyətin tipik səbəbi saytları idarə edən adamların mütəxəssis olmamasıdır. Məsələn, M.F.Axundzadə adına Milli Kitabxananın saytı adi tələblərə cavab vermir. Bu kitabxana ixtisasca informasiya sistemləşdiricisidir. Lakin onların elektron xidmətini hazırlayanların arasında məhz belə mütəxəssislərin yoxluğu açıq-aydın hiss olunur.

Ailə, Qadın, Uşaq Problemləri üzrə Dövlət Komitəsinin saytı çox vaxt açılmır, lazımi informasiyanı əldə etmək olmur. Yenilənən məlumatlar yalnız komitə sədrinin görüşləri, səfərləri ilə bağlı olur. Görülən işlər barədə məlumatlara az yer verilir. Araşdırma, təhlili yazılar, demək olar ki, yox dərəcəsindədir.
Digər tərəfdən, Azərbaycan Respublikası Sənaye və Energetika Nazirliyinə məxsus saytın yalnız Azərbaycan dilində təqdim olunması əcnəbi jurnalistlərin məlumat almaq imkanlarını məhdudlaşdırır. Əksər nazirlik və şirkətlərdə rüblər üzrə hesabatların saytda yerləşdirilməsində ləngimələr müşahidə edilir. Çox vaxt saytların “press-relizlər” linkindən hansısa xəbəri götürmək qeyri-mümkün olur”.

“Azərbaycan” qəzeti yaxşı saytlar da misal göstərib: “AMEA-nın Rəyasət Heyətinin, Fizika İnstitutunun, BDU-nun, ATU-nun, BSU-nun, TQDK-nın, İqtisadi İnkişaf, Vergilər və Daxili İşlər nazirliklərinin və s. saytları nümunəvi və informasiya ilə dolğundur”.

Modern.az

Ünvan: Mirqasımov küç. 4/41 Bakı AZ1007, Azərbaycan

Tel / Fax : (+99412) 4410924

Tel: (+99412) 4378247

E-mail: [email protected]

1905.az STUDIO