Dünyada kitablarının satışına görə rekorda imza atan Paulo Koleyonun 64 yaşı tamam olub

Bu gün tanınmış yazıçı, əsərlərin satılma faizinə görə rekord göstərici əldə edən Paulo Koelyonun doğum günüdür. APA-nın məlumatına görə, Paulo Koelyo 1947-ci ildə Rio-de-Janeyroda dünyaya gəlib. Dünyanın bir çox ölkələrində sevilə-sevilə oxunan Paulo Koelyonun bu günədək 16 kitabı nəşr edilib. Dünyada əsasən “Əlkimyagər” əsərindən sonra daha çox tanınıb. Müəllifin nəşr olunan əsərlərinin ümumi tirajı 400 milyondan artıqdır.

Paulo Koelyonun yazıçı olmaq istəyi ailəsi tərəfindən müsbət qarşılanmadığına görə, bu günün ən çox oxunan yazıçısı hüquq sahəsinə üz tutmaq məcburiyyətində qalır. Ancaq çox keçmədən Paulo hüquq təhsilini yarımçıq qoyaraq jurnalistika ilə məşğul olmağa başlayır. Onun bu addımı ailəsi tərəfindən pislənilir, ailəsi ilə dil tapa bilməyən 17 yaşlı Paulo müalicə olunmaq üçün psixiatriya xəstəxanasına yerləşdirilir. Elektroşok müalicəsi görən Paulo bu istəyindən vaz keçmədiyini hiss edir və son anda bezərək baş götürüb klinikadan qaçır.

Paulo 1970-ci ildə Meksika, Peru, Boliviya, Çili, Avropa və Şimali Afrikaya səyahətə başlayır. İki ildən sonra Braziliyaya qayıdır və sonradan çox böyük uğur qazanmış mahnı üçün şeir yazmağa başlayır.

Hazırda 64 yaşlı Paulo Koelyo öz həyat yoldaşı Kristina ilə birgə Braziliya və Fransada yaşayır. Yazıçının kitabları dünyanın 150 ölkəsində 67 dildə nəşr olunub. O, dünyanın ən mötəbər mükafatlarına da layiq görülüb. Onun əsərləri tək Braziliyada deyil, eləcə də Böyük Britaniya, ABŞ, Fransa, Almaniya, Kanada, İtaliya, İsrail, Finlandiya və Yunanıstanda ən çox satılan kitablar sırasına daxildir. Koelyo “Əlkimyagər”, “Məktub”, “On bir dəqiqə”, “Zair” və digər əsərləri ilə dünyaya səs salıb. Müəllifin “Əlkimyagər” əsəri bu günə kimi də Braziliya tarixində ən çox satılan kitabdır və Ginnesin rekordlar kitabına düşüb. Qazanılan yüzlərlə uğuruna baxmayaraq, bəzi Braziliya tənqidçiləri onun əsərlərini çox sadə hesab edirlər.

Qeyd edək ki, 2011-ci ilin yanvar ayından etibarən İranda Paulo Koelyonun kitablarının nəşrinə və satışına qadağa qoyulub. Rəsmi Tehran bu addımın səbəbini açıqlamayıb.

Ünvan: Mirqasımov küç. 4/41 Bakı AZ1007, Azərbaycan

Tel / Fax : (+99412) 4410924

Tel: (+99412) 4378247

E-mail: [email protected]

1905.az STUDIO