“Dünya ədəbiyyatı kitabxanası ” toplusundan daha 6 kitab

Azərbaycan Prezidentinin sərəncamı ilə Azərbaycan və dünya ədəbiyyatı nümayəndələrinin əsərlərindən ibarət nəşr edilən 150 cildlik “Dünya ədəbiyyatı kitabxanası” toplusundan daha 6 kitab işıq üzü görüb. Dekabrın 22-də Kitab Klubunda yeni nəşr olunan 6 kitabın – Aleksandr Puşkinin, Lev Tolstoyun (Lev Tolstoyun seçilmiş əsərləri 3 cilddən ibarət olacaq, hələlik birinci cild işıq üzü görüb), Nazim Hikmətin seçilmiş əsərləri, Daniel Defonun “Robinzon Kruzo”, Yunus İmrənin əsərləri və “İngilis ədəbiyyatı antologiyası” – təqdimatı olacaq. Bundan əvvəl Anton Çexovun, Jül Vernin, Vilyam Şeksprin seçilmiş əsərləri, Sədi Şirazinın “Gülüstan”, “Bustan”, Homerin “İliada” və “Odisseya” poemaları nəşr edilib. Xatırladaq ki, toplunun nəşr edilməsi haqqında sərəncamı prezident İlham Əliyev 2007-ci il avqustun 24-də imzalayıb. Həmin il dekabrın 30-da dövlət başçısı topluya daxil olan əsərlərin siyahısını təsdiqləyib. 2008-ci il sentyabrın 18-də isə İ.Əliyev nəşrə Prezidentin Ehtiyat Fondundan 5 milyon manat məbləğində vəsait ayrılması haqda sərəncam imzalayıb.Kitabların tərtibatını “Tutu”, çapını isə “Şərq-Qərb” nəşriyyatı həyata keçirir.

Ünvan: Mirqasımov küç. 4/41 Bakı AZ1007, Azərbaycan

Tel / Fax : (+99412) 4410924

Tel: (+99412) 4378247

E-mail: [email protected]

1905.az STUDIO