Dini icmalar mətbuatla daha sıx, daha səmərəli işləməlidirlər

Sülh və Demokratiya İnstitutu “Dini mövzular mətbuatda necə işıqlandırılır” mövzusunda dəyirmi masa keçirib.
Tədbirin “Din və demokratiya Azərbaycanda” layihəsi çərçivəsində həyata keçirildiyini deyən təşkilatçı Arif Yunus qeyd edib ki, müzakirələrin məqsədi dindarlarla cəmiyyətin digər təbəqələri arasında dialoqa şərait yaratmaqdır.

Adı çəkilən məsələ barəsində məruzə edən “Zerkalo” qəzetinin icmalçısı Rauf Mirqədirov mətbuatda əksər halda dini mövzular yox, dinətrafı, yəni, islam və terror, dini icmalara basqılar və s. kimi mövzuların müzakirə olunduğunu deyib. R.Mirqədirova görə, dini icmaların ictimai şüuru formalaşdıran mətbuatda müntəzəm çıxış etməmələri, bu və ya digər dini məsələlərə münasibət ifadə etməmələri zəif mövqe yaranmasına səbəb olub.

Bu mənada natiq mövcud durumu aradan qaldırmaq üçün dini icma təmsilçilərinə ictimai həyatda fəallaşmağı tövsiyə edib. Eyni zamanda, R.Mirqədirov dar çərçivəli dini qəzetlərin bir məzhəb barədə müsbət, qalanları barədə tənqidi yazması kimi təcrübənin ölkə daxilində dini müstəvidə gərginliyə yol açdığını deyib. Onun fikrincə, belə yazılar bu qəzetlərə müəyyən mənbələrdən ötürülür, amma mənbə göstərilmir.
R.Mirqədirov bütün hallarda mətbuatın insan haqları baxımından dindarları müdafiə etdiklərini və onların yanında olduğunu vurğulayıb.

Dini Etiqad və Vicdan Azadlığını Müdafiə Mərkəzinin (DEVAMM) rəhbəri İlqar İbrahimoğlu da dini icmaların mətbuatla əlaqələrinin zəif olduğunu deyərək, dinlə bağlı bəzi problemlərin buradan qaynaqlandığını qeyd edib. O, DEVAMM-ın son 10 ildə bu boşluğu qismən doldurduğunu nəzərə çatdırıb. Eyni zamanda, İ.İbrahimoğlu son vaxtlar dinə qarşı alçaldıcı, həqarət dolu saytların və yazıların çoxaldığını deyərək, bunun özünü də anormallıq adlandırıb. O, dini mövzuların peşəkarlıqla işıqlandırılması üçün dini mövzuda yazan jurnalistlərə ehtiyac olduğunu xüsusilə önə çəkib.
Tədbirin sonunda A.Yunus növbəti dəyirmi masanın aprelin sonlarında “Din və qadın” mövzusunda olacağı anonsunu verib.

Ünvan: Mirqasımov küç. 4/41 Bakı AZ1007, Azərbaycan

Tel / Fax : (+99412) 4410924

Tel: (+99412) 4378247

E-mail: [email protected]

1905.az STUDIO