Dilimiz təhlükədə

Səhiyyə naziri Oqtay Şirəliyevin əmrinə əsasən, iyun ayının 1-dən etibarən içliyində Azərbaycan dilində məlumat olmayan dərman preparatlarının idxalı qadağan edilib.

Təbii ki, sevindirici məlumatdı. Bir neçə aspektdən. Təhlükəsizlik, maarifləndirmə, etibarlılıq… Başlıcası isə dilimizə və ölkə qanunvericiliyinə sayğı mənasında.

Bu, həm də vətəndaş cəmiyyətinin rolunun göstəricilərindəndir. Məlumat üçün bildirim ki, şair Musa Yaqubun rəhbərliyi və tövsiyyələri əsasında təmsilçisi olduğum Söz Azadlığını Müdafiə Fondunun (SAMF) kollektivi Azərbaycan dilinin qorunması istiqamətində çeşidli layihələr reallaşdırıb. Artıq üç ildir ki, biz müxtəlif istiqamətlərdən bu mövzunu – əslində bu problemi təhlil etmiş, geniş ictimai müzakirələrdən keçirərək media qurumları vasitəsilə ölkə vətəndaşlarının diqqətinə çatdırmışıq. Onu da qeyd edim ki, yazını “Modern.az” internet portalına ünvanlanmaq niyyətim də səbəbsiz deyil. Çünki hamımızın ümummilli probleminə həsr olunan bu yazıların ictimailəşdirilməsində “Modern.az”-ın xüsusi çəkisi var.

“Azərbaycan dilinin qorunması: media, reklam və etnoqrafiya müstəvisində”, iki dəfə həyata keçirdiyimiz “küçə və prospektlərdə reklam adlarının monitorinqi”, “idxal məhsullarının üzərində “dövlət dili haqqında qanun”umuzun tələblərinin qorunmasının real vəziyyəti”, “mehmanxana-turizm müəssisələrinin adlarının monitorinqi” və digər bu tipli layihələrimiz dediklərimizin əyani sübutudur. Bu layihələrin icrasının sonucu kimi necə “faktların” ortaya çıxarıldığından xəbərdarsınız. Təkcə “Bakı küçələrində Azərbaycan dilində yalnız 6 % firma, dükan, xidmət obyekti adlarının olması” barədə üzə çıxardığımız nəticəni xatırlatmaq, yəqin ki, bütün mənzərənin aydınlaşması üçün yetərli ola bilər. Onu da qeyd edək ki, bu istiqamətdə digər qeyri-hökumət təşkilatlarının da müəyyən layihələri olub. Bir azərbaycanlı kimi onların da bu işə verdiyi dəstəyi yüksək dəyərləndiririk.

Məlumat üçün bildirim ki, topladığımız faktlar əsasında hazırda Standartlaşdırma, Patent, Metrologiya Dövlət Komitəsinin əməkdaşları komitə səviyyəsində öz araşdırmalarını aparırlar. Digər əlaqəli təşkilatlardan topladığımız faktlara münasibət bildirənlər də var, onlara biganə qalanlar da. Amma SAMF həm media qurumları, həm də birbaşa müraciətlər əsasında bu dövlət və özəl qurumlarının hər birini gördüyümüz işlərlə bağlı daim məlumatlandırıb. Ümumilikdə isə nəticə barədə hələlik nikbin ola bilməsək də, canlanmanın yarandığını iddia edə bilərik.

Səhiyyə Nazirliyi qeyd etdiyim əlaqəli qurumlardan biri deyil. Çünki bu nazirliyin öz vəzifələri, öz funksiyası var. Daha doğrusu, dərman preparatlarının üzərində Azərbaycan dilində içliyin olub-olmaması bu qurumun da başlıca vəzifələrindəndir. Ancaq bu içlikləri yoxlayıb-nəzarətdə saxlamaq üçün ölkənin kifayət qədər instansiyaları mövcuddu. Əksəriyyəti bu məsuliyyətli, vətəndaşların, xalqımızın taleyüklü probleminə çevrilən işi öz üzərindən atmağa çalışsalar da belə…

…SAMF-ın layihələrisə davam edir. İstərdik ki, Səhiyyə Nazirliyində atılan addımlar dilimizin qorunmasına bilavasitə və bilvasitə cavabdeh olan bütün dövlət qurumlarını əhatə etsin. Belə müsbət tendensiyaları da (təki davamlı olsun və kağız üzərində qalmasın-N.Z) layihələrimizin tərkib hissəsi kimi monitorinq etməyə, qiymətləndirməyə hazırıq. Kollektiv xüsusi həssaslıq və zövqlə yerinə yetirdiyi bu müqəddəs işi davam etdirməkdə israrlıdır. Dilimizlə ilgili profilimizə uyğun layihələrlə təkrar-təkrar bu mövzunu müxtəlif istiqamətlərdən təhlil etməyi, əldə etdiyimiz nəticələri ictimailəşdirməyi nəzərdə tuturuq. Eyni zamanda görülən tədbirlərin ümumi hesabatını da əlaqədar, səlahiyyətli bütün dövlət təşkilatlarının müzakirəsinə çıxarmağı planlaşdırırıq. Təki bu qurumları kompleks şəkildə hərəkətə gətirə bilək.

…Mütəxəssislərin, ziyalıların təklif və tövsiyyələrini isə hələ də gözləyirik. Baxmayaraq ki, bütün layihələrimizin təqdimatında onlara müraciət edərək dilimizin qorunması üçün təkliflər gözlədiyimizi elan edirik, bir neçə istisnanı nəzərə almasaq, sevindirici bir nəticə yoxdu. Hər halda laqeydlik buzunun nəticəsidi. Rəsmi münasibətlər də, şəhərimlərimizin (xüsusilə paytaxt Bakının küçə və prospektlərində, satış mərkəzlərində) küçələrindəki durum da…

Ünvan: Mirqasımov küç. 4/41 Bakı AZ1007, Azərbaycan

Tel / Fax : (+99412) 4410924

Tel: (+99412) 4378247

E-mail: [email protected]

1905.az STUDIO