Dil çox vacibdir, ədəbiyyat milli dildə yazılmalıdır

Bu sözləri Bəstəkarlar İttifaqında keçirilən görüşdə Azərbaycan Yazıçılar Birliyinin (AYB) sədri, xalq yazıçısı Anar demişdir.Ziyalılarımızın xalqa tanıdılması, onların tövsiyələrindən bəhrələnmək, cəmiyyət və şəxsiyyət anlayışı hər zaman olduğu kimi bu gün də aktualdır. Bu səbəbdən Bəstəkarlar İttifaqının “Ziyalılarımızla dialoq” adlı yeni layihəsinin ilk qonağı AYB-in sədri Anar olmuşdur. Bəstəkarlar İttifaqının sədri, xalq artisti Firəngiz Əlizadə ilə Anarın dialoqunda görkəmli yazıçının təkcə bədii yaradıcılığı haqqında deyil, eyni zamanda onun Azərbaycan və dünya, şəxsiyyət və cəmiyyət, bugünkü ziyalılarımız barədə fikirləri də maraq doğurmuşdur. Yaradıcı gənclərə münasibətini bildirən xalq yazıçısı bu gün Azərbaycan ədəbiyyatında yüksək peşəkarlığa malik yeni nəsil yetişdiyini, poeziyada Hüseyn Cavid, nəsrdə İsa Hüseynov yolunun davamçılarının olduğunu vurğulamışdır. Azərbaycan

müsiqi məktəbinə dünya şöhrəti qazandırmış Ü.Hacıbəylini, Q.Qarayevi öz zəmanəsinin böyük şəxsiyyətləri adlandıran Anar, ömründən Emin Sabitoğlu, Yusif Səmədoğlu, Araz Dadaşzadə kimi gözəl dostların keçdiyini də diqqətə çatdırmışdır. Yazıçının dili haqqında suala cavabında Anar bildirmişdir ki, dil çox vacibdir, ədəbiyyat milli dildə yazılmalıdır. O, yaradıcılığa şeirlə başladığını, Puşkindən, Abaydan tərcümələr etdiyini söyləmiş və yeni şeirlərini oxumuşdur. Sonda F.Əlizadə səmimi söhbət üçün AYB-in sədri, xalq yazıçısı Anara minnətdarlığını bildirmişdir.

AzərTAc

Ünvan: Mirqasımov küç. 4/41 Bakı AZ1007, Azərbaycan

Tel / Fax : (+99412) 4410924

Tel: (+99412) 4378247

E-mail: [email protected]

1905.az STUDIO