Diffamasiya ilə bağlı tövsiyələr açıqlanıb

“Böhtan və təhqir cinayət əməli sayılmamalıdır. Jurnalistlərin iddia etdiyi fakt həqiqətdirsə, onlar müdafiə edilməlidir. Jurnalist etikasına uyğun hərəkət etmiş jurnalistlər məntiq və vicdanla hərəkət etməklə fakta ədalətli şərh verdikdə də müdafiə edilməlidir”. Bu tövsiyələri Bakıda Avropa Şurası və Mətbuat Şurasının birgə təşkil etdiyi “Azərbaycanda diffamasiya və ifadə azadlığı” mövzusunda keçirilən konfransda iştirakçılar irəli sürüb.

Avropa Şurasının Bakı ofisindən “Media forum”a daxil olan xəbərdə deyilir ki, konfransın sonunda iştirakçılar qeyd ediblər ki, Cinayət Məcəlləsinin böhtan və təhqir haqqında 147-ci və 148-ci maddələri ifadə və məlumat azadlığının həyata keçirilməsinə maneələr yaradır, diffamasiya ilə bağlı jurnalistlərə və qəzetlərə qarşı qaldırılan mülki və cinayət proseslərinin sayı artır. Bu da qorxu və özünüsenzuraya, diffamasiya ilə bağlı normalardan sui-istifadəyə gətirib çıxara bilər.

İştirakçılar tövsiyə ediblər:

– dörd il əvvəl prezident tərəfindən tövsiyə olunan jurnalistlərə qarşı cinayət işlərinin qaldırılmaması təşəbbüsü dərhal tətbiq edilməli və maliyyə cəzaları mütənasib olmalıdır. Eyni ilə, mülki proseslərdə də kompensasiya mütənasib olmalıdır ki, ifadə və məlumat azadlığına çəkindirici təsir göstərməsin;

– Avropa İnsan Hüquqları Məhkəməsinin praktikasına uyğun olaraq istər maddi-hüquqi, istərsə də prosessual qanunlarda və ya praktikada vəzifəli şəxslər üçün xüsusi müdafiə olmamalıdır;

– məhkəmə çəkişməsinin alternativi olan səmərəli həll vasitələri, məsələn, mediasiya, mətbuatda üzrxahlığın dərc edilməsi, səhvin düzəldilməsi və ya cavabın dərc edilməsi böhtan və təhqirə dair işlərdə həvəsləndirilməlidir ki, bu əsaslara görə məhkəmə iddialarının sayı azalsın;

– hakimlər, prokurorlar və vəkillər üçün İnsan Hüquqları Haqqında Avropa Konvensiyasına və Avropa İnsan Hüquqları Məhkəməsinin presedent hüququna, habelə onun ölkədaxili səviyyədə tətbiqinə dair təlim fəaliyyətləri təşkil edilməlidir;

– media üçün könüllü davranış məcəllələri tərtib edilməli və onlara riayət edilməlidir;

– yerli səviyyədə dialoq da daxil olmaqla hakimlər, siyasətçilər və media işçiləri arasında dialoq həvəsləndirilməlidir ki, onlar qarşılıqlı surətdə öz vəzifə və məsuliyyətlərini daha yaxşı başa düşməyə təşviq edilsinlər və bununla da məhkəmə çəkişməsi riski azalsın;

– Azərbaycanın hakimiyyət orqanları diffamasiya ilə bağlı qanunvericilikdə islahat aparmaq üçün Avropa Şurası ilə əməkdaşlıq etməlidirlər. Media Avropa Şurası tərəfindən dəstəklənən təlimlər və digər fəaliyyətlər vasitəsilə məsuliyyətli jurnalistikanı təşviq etməyə dəvət olunur.

«Media forum»

Ünvan: Mirqasımov küç. 4/41 Bakı AZ1007, Azərbaycan

Tel / Fax : (+99412) 4410924

Tel: (+99412) 4378247

E-mail: [email protected]

1905.az STUDIO