Noyabrın 10-da mədəniyyət və turizm naziri Əbülfəs Qarayev sentyabrda Lənkəran şəhərində keçirilmiş Cəfər Cabbarlının 110 illiyinə həsr edilmiş “Deyilən söz yadigardır” IV Respublika bədii qiraət müsabiqəsinin qaliblərinə mükafatları təqdim edib. Mədəniyyət və turizm naziri I, II və III yerin qaliblərini, eləcə də həvəsləndirici mükafata layiq görülən gənc qiraətçiləri mükafatlandırıb. Gülər Kərimova birinci yerə, Könül Qurbanova ikinci yerə, Elnur Mahmudov isə üçüncü yerə layiq görülüb. Əlizamin Həsənli, Xəyalə Meydanova, Arzu Cəlilova isə həvəsləndirici mükafatlarla təltif olunublar. Mədəniyyət və turizm naziri Əbülfəs Qarayevin sərəncamına müvafiq olaraq müsabiqədə birinci yerin qalibinə birinci dərəcəli diplom və 500 manat, ikinci yerin qalibinə ikinci dərəcəli diplom və 300 manat, üçüncü yerin qalibinə isə üçüncü dərəcəli diplom və 250 manat pul mükafatı təqdim olunub. Həvəsləndirici mükafatın hər sahibinə isə 100 manat məbləğində pul, eləcə də həvəsləndirici mükafat verilib. Məlumat üçün bildirək ki, 2010-cu ilin sentyabr ayında keçirilməsi nəzərdə tutulan növbəti müsabiqə Rəsul Rzaya həsr olunacaq.