Deputatlar parlament televiziyasının yaradılmasını təklif edir

Atatürk Mərkəzində Parlament Jurnalistlər Birliyinin təşəbbüsü ilə “Parlamentin işinin cəmiyyətə çatdırılmasında beynəlxalq təcrübənin öyrənilməsi və tətbiqi” mövzusunda dəyirmi masa keçirilib. Tədbirdə deputatlar və parlament müxbirləri iştirak ediblər.

Birliyin sədri Elşad Eyvazlı deyib ki, Milli Məclisin fəaliyyətini işıqlandıran jurnalistlərin çətinlikləri var. Beynəlxalq təcrübədən söz açan Eyvazlı bildirib ki, bir çox ölkələrdə jurnalistlər parlamentin işində sərbəst iştirak edə bilirlər: “Türkiyədə, Norveçdə, elə Gürcüstanda da parlament müxbirlərinə xüsusi kartlar verilir və onlar istənilən gün, istənilən saat , heç bir razılaşma olmadan parlament binasına girib-çıxa bilirlər. Bir çox dövlətlərdə bu cür praktika tətbiq olunur. Milli Məclisdə də elə bir sistemin tətbiq olunması vacibdir”.

Deputat Vahid Əhmədov hesab edir ki, problemin kökü həmkarlarının mətbuata açıq olub-olmamasındadır: “Elə deputatlar var ki, mətbuatla işləyir, çünki seçiliblər. Elələri də var, parlamentə siyahı ilə düşüblər. Onların nəsə söz deməsi çətin məsələdir, öz sözləri olmadığına görə danışa bilmirlər”.

“Frans-Press” agentliyinin müxbiri Emil Quliyev bildirib ki, Azərbaycan parlamenti əlahiddə bir obyekt kimi qorunur: “Jurnalistlər mətbuat otağına gedənə kimi hər mərtəbədə, 2-3 dəfə qeydiyyatdan keçirlər. Heç Strasburqda belə deyil. O cür mühüm orqan – Avropa Şurasının binasında girişdə yoxlamadan keçəndən sonra verilən kartla baş katibin otağına kimi gedib çıxa bilərsən”. Quliyev deyib ki, Milli Məclisin iclasları çox uzun fasilələrlə keçirilir. Bu da parlamentin fəaliyyəti barədə informasiyaların az olmasına səbəb olur.

Deputat Fazil Mustafa Milli Məclisdəki prosedurların deputatların hamısını deyil, yalnız bir neçə nəfərin təhlükəsizliyinin təminatına yönəldiyini deyib. O nəinki jurnalistlərin, millət vəkillərinin özlərinin də xeyli problem yaşadıqlarını vurğulayıb: “Brifinq keçirmək üçün bircə otaq da yoxdur. Fikirləşirdik ki, yeni binada yəqin yer ayrılar. Seçici gələndə onu qəbul etmək üçün otaq gəzirik. Kimisə də parlamentə buraxdırmaq üçün gərək komitə sədrindən icazə alasan”. Parlamentin işinin işıqlandırılmasına gəlincə, deputat ən əsas problemi parlament televiziyasının olmamasında görür: “AzTV-yə ayrılan vəsaitin bir hissəsini İTV-yə ayırıb parlament iclaslarının yayımını təşkil etməlidirlər”.

Deputat Aynur Quliyeva hesab edir ki, parlament televiziyasının yaradılmasını vacibdir. Deputat deyib ki, onsuz da çox az davam edən parlament iclaslarını canlı yayımın təşkil etmək olar: “Bunun üçün ayrıca kanal açılmasa belə, mövcud TV-lərdən birinin proqramına salmaq mümkündür”. Deputatın fikrincə, medianın həddən artıq qütbləşməsi, siyasiləşməsi Milli Məclisin işinin daha düzgün işıqlandırılmasına mane olur.

Deputat Nazim Məmmədov parlamentin mətbuat xidmətinin fəaliyyətini tənqid edib. Onun fikrincə, MM-in internet səhifəsindəki xəbərlər adi nazirlik saytlarında olanlardan fərqlənmir: “Mətbuat xidməti işini gücləndirməlidir, iclasda müzakirə olan məsələlər barədə hər kəsə ətraflı məlumat verməlidirlər. Hətta nahardan sonrakı iclaslar barədə də informasiya yayılmalıdır”.

Deputat Pənah Hüseyn hesab edir ki, jurnalistlərin fəaliyyəti olmasa, Azərbaycanda parlamentin varlığı-yoxluğu bilinməz. Onun fikrincə, parlamentin iclaslarında jurnalistlərin sensasiyalara daha çox önəm verməsini başa düşmək olar: “Problemə diqqət yönəltmək üçün mütləq bu cür səs-küy yaratmalı oluruq. Aydın məsələdir ki, onu da jurnalistlər daha həvəslə işıqlandırırlar. Bütün ölkələrdə parlamentdə sərt çıxışlar olur. Bizdə isə Milli Məclisdə sərt çıxışlar olanda bunu şou adlandırırlar. Şounun nəyi pisdir?”

Ünvan: Mirqasımov küç. 4/41 Bakı AZ1007, Azərbaycan

Tel / Fax : (+99412) 4410924

Tel: (+99412) 4378247

E-mail: [email protected]

1905.az STUDIO