Modern.az xəbər verir ki, Milli Məclisin deputatı Bəxtiyar Əliyev Xocalı soyqırımının 19-cu ildönümü ərəfəsində Azərbaycan telekanallarında efirə gedən bəzi verilişləri tənqid edib. Hakim partiyanın internet saytına müsahibəsində B.Əliyev deyib ki, vaxtaşırı olaraq ölkə KİV-ləri faciələrimizlə bağlı mövzulara yer verir.
“Amma hesab edirəm ki, KİV-lər bu məsələyə diqqəti daha çox artırmalıdır. Təəssüflə deməliyəm ki, bəzi televiziyalarımız üçün Azərbaycan sanki müharibə vəziyyətində olan ölkə deyil, sanki belə dəhşətli bir faciənin ildönümü ərəfəsində deyil. Elə şou proqramlar təşkil edirlər ki, onlar bilavastə milli mənəviyyatımıza ziddir, xalqımızın adət-ənənələrinə hörmətsizlikdir. Və bu da son nəticədə Azərbaycan xalqı, Azərbaycan dövləti haqqında mənfi imic formalaşdırmağa xidmət edir. Belə bir mühitdə gənclərimizə vətənpərvərlik ruhu aşılamaq çətinliyi yaranır, onların vətənpərvərlik ruhu öldürülür. Bu çox təhlükəli bir tendensiyadır. Təsəvvür edin ki, Xocalı faciəsində ailə var ki, ən son üzvünə kimi canını qurban verir, torpağından bir addım da olsun geri çəkilmir, amma bəzi telekanallarda Azərbaycan ailəsi gülünc vəziyyətə salınır, məsxərə obyektinə çevrilir və dünyanın ən çox dəyər veridiyi Azərbaycan ailəsi eybəcər sosial institut kimi təqdim olunur. Hansı ki, bu ailə çox möhkəm bir sağlam ailədir və dünyaya nümunə olacaq bu instutut, gözəl ailə münasibətləri əsrlərdir ki, qorunub saxlanır.
Telekanallardakı mənfi tendensiyanın nəticəsidir ki, Azərbaycan ailələrində də problemləri yaranır və gənclərdə düzgün olmayan təsəvvürlər formalaşır. Bu isə başımıza gətirilən faciələrə biganəlik yaradır. Çox arzu edərdim ki, bizim televiziyalarımızda faciələrimizə kampaniya kimi deyil, xüsusi diqqət yetirilsin. Bu faciələrin baş vermə səbəbini arşdırmalıyıq, qarşısının alınması üçün hansı işlər görülməli, qan yaddaşımızın qorunub saxlanılması, tarixdən ibrət dərsləri götürmək yolları aranıb axtarılmalıdır. İstərdim ki, televiziyalarımız gənc nəslin vətənpərvər ruhda tərbiyə olunması, Azərbaycan ailəsində sağlam mühitin formalaşması, adət-ənənələrimizin yaşaması, Azərbaycanda gedən uğurlu quruculuq işlərinin tərənnüm edilməsi, ölkəmizin firavan bir ölkəyə çevrilməsinin təbliğatçısına çevrilsinlər”.
Modern.az