Ədəbiyyat İnstitutundan “Ulduz” və ”Azərbaycan” jurnallarına irad

Azərbaycan Milli Elmlər Akademiyasının Nizami adına Ədəbiyyat İnstitutunda 2009-cu ilin ədəbi yekunlarına həsr olunmuş respublika elmi müşavirəsi keçirilib. Modern.az AMEA-ya istinadla xəbər verir ki, müşavirədə ölkədə baş verən ədəbi hadisələr münasibətini açıqlayan institutun direktoru, akademik Bəkir Nəbiyev bildirib ki, ötən il Azərbaycan ədəbiyyatında çox zəif nümunələrlə yanaşı, yaxşı əsərlərə də rast gəlinib.

Əli Abbasın Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsindən bəhs edən “Qaraqovaq çölləri” adlı romanı, Zəlimxan Yaqubun “Peyğəmbər” poeması, Məmməd İsmayılın publisistikasə yüksək qiymətləndirlib.

Filologiya üzrə fəlsəfə doktoru Elnarə Akimova deyib ki, ötən ildə poeziya janrında yazılan nümunələrdə ənənəvi olaraq sevgi-məhəbbət, vətənə məhəbbət, Tanrıya inam mövzuları geniş yer tutub. Yaşlı nəsillə gənc yazarları müqayisə edərkən birincilərin yaradıcılığında nostalji, kənd həyatına məhəbbət, sosial-məişət problemlərinə münasibətin işıqlandırılması geniş yer alıbsa, ikinicilərin isə əksinə, cəmiyyətə və həyata sərt münasibəti üzə çıxıb. Oxucunu cəlb etməyən, heç bir yeni məna ifadə etməyən, bədii zövqü korlayan şeir müəllifləri müşavirədə tənqid edilib.

Azərbaycan dramaturgiyasının ötən ildəki durumu barədə məlumat verən filologiya elmləri doktoru Aydın Dadaşovun fikrincə, bazar iqtisadiyyatının diqtə etdiy tələblər dramaturgiyaya yeni yazarların gəlməsinə çətinlik yaradır. “Onların çoxu monotamaşalar üçün ssenari yazırlar ki, bu da bir-iki daşla ev tikməyə bənzəyir”.

Elçinin “Cəhənnəm kirayəşinləri” və Ə.Əmirlinin ötən ildə yazdığı iki pyesinin tamaşaya qoyulduğunu bildirən A.Dadaşov ictimai düşüncəyə təsir etmək iqtidarında olan əsərlərin də yazıldığını qeyd edib.

Azərbaycan ədəbi tənqidi ətrafında məruzə edən fəlsəfə elmləri doktoru Rahib Ulusel ədəbi tənqiddə boyat, bayağı təriflərin geniş yer tutduğunu, tənqidçilərin sayının kəskin dərəcədə azaldığını bildirib. “2009-cu ildə daha çox tənqidçilərin özləri tənqid hədəfi olublar”.
Ədəbiyyatşünaslıqda dörd-beş tənqidçinin qaldığını bildirən məruzəçi müasir Azərbaycan poeziyasının yaradıcılarının sayını Hollandiya şairləri ilə müqayisə edib: “Azərbaycanın bir ucqar kəndindəki şairlərin sayı Hollandiyadakı şairlərin ümumi sayına bərabərdir”.

Bununla belə, o, müasir Azərbaycan ədəbiyyatında seçilən əsərlərin olmasını, bəzi əsərlərin xaricdə nəşrini sevindirici hal kimi dəyərləndirib.

Müşavirədə öz səhifələrində bədii zövqü korlayan yaradıcılıq nümunələrinə yer verdiklərinə görə “Ulduz” və ”Azərbaycan” jurnallarının redaksiya heyətinə iradlar bildirildi və bir daha bu cür hallara imkan yaradılmaması tövsiyə olunub.

Modern.az

Ünvan: Mirqasımov küç. 4/41 Bakı AZ1007, Azərbaycan

Tel / Fax : (+99412) 4410924

Tel: (+99412) 4378247

E-mail: [email protected]

1905.az STUDIO