Day.az-ın Ermənistanın işğalçılıq siyasətindən bəhs edən kitabının təqdimat mərasimi keçirilib

Day.az informasiya portalının rus dilində hazırladığı Ermənistanın işğalçılıq siyasətindən bəhs edən “Путь в никуда: В капкане иллюзий” (“Heç yana aparmayan yol. İllüziyalar burulğanında”) kitabının təqdimat mərasimi keçirilib.

Tədbiri giriş sözü ilə açan Day.az-ın rəhbəri İlqar Hüseynov bildirib ki, bu kitab Ermənistanın beynəlxalq aləmdə illüziyalar yaratmaq prosesinin qarşısını almağa təkan verəcək.

Kitab rusdilli ölkələrə göndəriləcək. Kitabda Day.az-da il ərzində Ermənistan-Azərbaycan münasibətləri ilə bağlı dərc olunmuş materiallar toplanıb. Kitab rus dilindədir və hazırda ingilis dilinə tərcümə olunur. Nəşr əsasən beynəlxalq aləm üçün nəzərdə tutulub.

“Day.az-ın ingilis variantının işi təkmilləşdirilir, gələn ilin əvvəlində Azərbaycan dilində də işə başlayacaq. Məqsədimiz Ermənistanın işğalçılıq və terrorçuluq siyasətini media vasitəsilə beynəlxalq aləmdə ifşa etməkdir”, – Hüseynov əlavə edib.

Prezident Administrasiyasının sektor müdiri Fuad Axundov isə çıxışında deyib ki, Day.az həmişə özünü təşəbbüskar agentlik kimi göstərir. Həmişə maraqlı ideyalarla çıxış edib.

“Azərbaycan həqiqətlərinin dünya ictimaiyyətinə çatdırılmasında Day.az-ın rolu əvəzsizdir”, – Axundov bildirib.

Deputat Qənirə Paşayeva çıxışında informasiya müharibəsində Day.az-ın xüsusi yeri olduğunu deyib.

“Azərbaycanın üzləşdiyi ən böyük problemlərdən biri informasiya blokadası idi. Ermənistan lobbisinin apardığı fəaliyyət nəticəsində Azərbaycanın ədalətli mövqeyi ola-ola, informasiya müharibəsində Ermənistan üstünlük qazanmışdı. Bu işdə Azərbaycan mətbuatının üzərinə böyük iş düşür. Xüsusən də müxtəlif dillərdə yayılan mətbuatın”, – Paşayeva deyib.

Deputatın fikrincə, bu missiyanın daşıyıcılarıdan biri Day.az oldu.

“Day.az Dağlıq Qarabağla bağlı həqiqətlərin, Ermənistanın işğalçılıq siyasətinin dünya ictimaiyyətinə çatdırılmasında böyük rol oynadı. Day.az-ın ingilis variantı da bu missiyanı uğurla həyata keçirir. Bu məqalələrin bir kitabda toplanması Ermənistanın işğalçı siyasətini görmək, tanıtmaq üçün önəmlidi. Kitab virtual məkanda, Vikipediyada və müxtəlif mənbələrdə yerləşdirilməlidir. Onun geniş şəkildə yayılması vacibdir. Çox insanlar bu kitab vasitəsilə Azərbaycan həqiqətlərini, Ermənistanın işğalçı mövqeyini aydın görə biləcəklər”, – deputat vurğulayıb.

Deputat Gültəkin Hacıyeva isə bildirib ki, bu kitab Azərbaycan həqiqətlərinin dünyaya çatdırılmasında bir töhfədir.

“Kitabın Ermənistan təbliğatının qarşısının alınmasında rolu böyükdür. Xarici ölkələrdə olarkən müşahidə etmişəm ki, rusdilli əhalinin Azərbaycan mətbuatından ən çox oxuduğu Day.az-dır. Day.az-ı Azərbaycanın güzgüsü adlandırmaq olar. Ölkədə baş verən hadisələri, yenilikləri, inkişafı bu saytda görmək mümkündür”, – Hacıyeva bildirib.

Deputat Asim Mollazadə çıxışında bildirib ki, Day.az Azərbaycanın ən böyük internet resursudur.

“Azərbaycan həqiqətlərinin dünyaya çatdırılmasında, Azərbaycana olan təcavüzün tam çılpaqlığı ilə dünyaya çatdırılmasında Day.az-ın böyük rolu var. Onun uğurlarından biri də bir neçə axtarış sistemləri ilə əməkdaşlıq etməsidir və bu əməkdaşlığın inkişaf etdirilməsinə ehtiyac var”, – Mollazadə deyib.

Deputat Həvva Məmmədova Ermənistanın işğalçı siyasətini dünyaya çatdırmaq üçün Day.az kimi saytlara ehtiyac olduğunu bildirib.

Deputat Aydın Mirzəzadə isə çıxışında deyib ki, Day.az-a hər gün daxil olan 50 minə yaxın oxucunun əsas hissəsi xaricdən olanlardır.

“Bu kitabda toplanmış məlumatlar Day.az-ın məşğul olduğu çoxsaylı sahələrdən yalnız biridir. İki əsrə yaxındır ki, erməni millətçiləri türk dünyasına aid yalanlar yayır və bununla mübarizə aparmaq üçün Day.az kimi fəaliyyət göstərən resurslar olmalıdır. Ermənistanda tez-tez Day.az-ın məlumatlarını təkzib etməyə çalışırlar, ancaq bu, onlarda alınmır”, – deputat deyib.

Deputat Aynur Quliyeva bildirib ki, bu cür çap nəşrlərinə ehtiyac var.

“Xüsusilə digər ölkəyə gedən vətəndaşlarımız üçün kitab gözəl vəsaitdir. Azərbaycan həqiqətlərini həmin ölkələrdə təbliğ etmək üçün lazımdır. Kitabın Türkiyə türkcəsinə tərcümə olunmasını istərdik. Çünki Türkiyənin özündə bu həqiqətlər barədə tam məlumatlı deyillər”, – deputat deyib.

Mətbuat Şurasının sədri Əflatun Amaşov deyib ki, xarici ölkələrdə Azərbaycanla bağlı gedən xəbərlərdə əksər hallarda Day.az mənbə kimi göstərilir.

“Day.az öz fəaliyyətində Azərbaycan-Ermənistan münaqişəsində Azərbaycanın düzgün mövqeyini daima önə çəkib və dünyaya çatdırıb”, – Amaşov bildirb.

“Olaylar” İnformasiya Agentliyi və eyniadlı qəzetin baş redaktoru Yunus Oğuz isə çıxışında vurğulayıb ki, Qarabağ haqqında yazılan materiallar bütün dillərə tərcümə olunmalı və dünyaya yayılmalıdır.

“İnformasiya sahəsində uduzan xalq müharibəni əvvəldən uduzur”, – Oğuz deyib.

Ünvan: Mirqasımov küç. 4/41 Bakı AZ1007, Azərbaycan

Tel / Fax : (+99412) 4410924

Tel: (+99412) 4378247

E-mail: [email protected]

1905.az STUDIO