Azərbaycan Mətbuat Şurasının “Reket jurnalistika”ya qarşı mübarizə Komissiyasının növbəti iclası keçirilib.
“Qafqazinfo”nun məlumatına görə, toplantıda MŞ-nın İdarə Heyətinin üzvü, “İki sahil” qəzetinin baş redaktoru Vüqar Rəhimzadə ötən müddətdə həyata keçirilən işlər barədə məlumat verib. Onun sözlərinə görə, komissiya əsasən iki – Şikayətlər üzrə Komissiyasının təqdimatlarının araşdırılması və Mətbuat Şurasına daxil olan şikayətlərlə bağlı monitorinqlərin aparılması istiqamətdə fəaliyyət göstərib.
Komissiya üzvlərindən “İki sahil” qəzetinin əməkdaşı Elçin Namazov, «Ekspress» qəzetinin əməkdaşı Qalib Məmmədli, «Ədalət» qəzetinin əməkdaşı Ceyhun Musaoğlu və digərləri çıxışlarında hər iki istiqamət üzrə görülən işlərin kifayət qədər əhatəli olduğunu vurğulayıb və əldə edilən nəticələrin yekun rəylərin çıxarılmasında əsas kimi götürülməsinin vacibliyini önə çəkiblər. Müzakirələrdən sonra MŞ-nin Şikayətlər üzrə Komissiyasısının təqdimatına əsasən 11 kütləvi informasiya vasitəsindən 6-sı barədə müvafiq rəy çıxarılıb. Rəylərdə MŞ İdarə Heyətinə həmin KİV-lərin “reket nəşr” elan olunaraq adlarının bu qəbildən olan media vasitələri üçün tərtib edilən “qara siyahı”ya salınması əksini tapıb. Digərləri ilə bağlı araşdırmaların aparılması məqsədəuyğun sayılıb.