7 noyabr parlament seçkilərinin təşviqat mərhələsində deputatlığa namizədlərin ödənişli təbliğatını aparacaq media quruluşlarından biri də İctimai Televiziya və Radio Yayımları Şirkəti (İTV) olacaq. İTV-nin tarif cədvəlinə görə, seçkiqabağı təşviqat əsasən həftənin 1, 3, 5-ci günlərində saat 9.47, 11.47, 17.47, 18.47-də aparılacaq. Televiziyada qiymətlər səhər saatlarında bir saniyəsi 13 manata, axşam saat 18.47-də isə 20 manata müəyyənləşdirilib.
İTV-nin ödəniş qiymətləri birmənalı qarşılanmayıb. Müxalifətdə olan bəzi siyasətçilər və müxalifyönlü mətbu orqanlar bununla bağlı açdıqları müzakirələrdə İTV-ni tənqid ediblər.
Bəs qarşı tərəfin buna münasibəti necədir?
Modern.az saytı suala cavab almaq üçün İctimai Televiziya və Radio Yayımları Şirkətinin ictimaiyyətlə əlaqə və monitorinq şöbəsinin rəisi Tahir Məmmədovla əlaqə saxlayıb.
Lakin T.Məmmədov İTV-nin ödəniş qiymətləri ilə bağlı böyük narazılığın yaranmadığını vurğulayıb:
“Doğrudur, “Yeni Müsavat” qəzetində bir yazı ilə çıxış etmişdilər. Zamin Hacının müəllifi olduğu yazıda seçki kimi ciddi bir məsələyə tamamilə qeyri-ciddi yanaşma, ritorika var. Yazıda o qoldan-qılçadan bəhs edir. Bu mənə onların ötən il Qarabağ Azadlıq Təşkilatının sədri Akif Nağı ilə olan konfliktini xatırladır. Elə bu cür məzhəkəçiliyinə görə Akif Nağı onu bütün kollektivin yanında əzişdirmişd, o da sonra orasını-burasını açıb göstərmişdi ki, “gör məni nə günə salıblar”. Məsləhət görərdim ki, məsələlərə bir az ciddi yanaşsın…
Hesab edirəm ki, İTV-nin ödəniş qiymətləri ilə bağlı narazlıqlar ciddi formada ortaya çıxsaydı, bununla bağlı rəhbərliyin hər hansı bir qərarı olardı.
Qiymətlər Mərkəzi Seçki Komisiyasına təqdim olunub. MSK-da qeydə alunan tarif müzakirə olunanadan sonra İctimai Teleradioya hər hansı müraciət oluna bilər. Biz bu günə qədər heç bir tərəfdən hər hansı bir formada təklif almamışıq.
MSK tərəfindən müzakirə olunandan sonra qiymətlərlə bağlı hər hansı yeni bir təklif olarsa, İctimai Teleradionun rəhbərliyi məsələyə öz münasibətini bildirə bilər və müəyyən bir qərar verər.
Hər halda qiymətlərin çox yuxarı olması məsələsi MSK-da müzakirə olunanda siyasi partiyalar öz münasibətini bildirirlər.
Bundan əvvəlki seçki praktikası göstərir ki, İctimai Teleradioda alternativ addımlar atılır. Bu dəfə qabaqcadan heç nə demək istəmirəm. Hər-halda qiymətlərə yenidən baxılması rəhbərliyin verəcəyi qərardan aslı olan bir məsələdir”.