“Cavidnamə” kitabının təqdimat mərasimi keçiriləcək

Kitabda dahi sənətkarın son yadigarı Turan Cavidin bu günə qədər oxucuya məlum olmayan xatirə söhbətləri yer alıb

Dekabrın 24-də Hüseyn Cavid mükafatı laureatı, fəlsəfə doktoru Azər Turanın yenicə çapdan çıxmış “Cavidnamə” kitabının təqdimat mərasimi keçiriləcək.

Lent.az-ın verdiyi məlumata görə, kitabda Hüseyn Cavidin ömür yolu, xüsusən onun İstanbul dövrü sistemli şəkildə tədqiq olunur, eləcə də yaradıcılığının ədəbi-fəlsəfi, tarixi, dini və elmi qaynaqları araşdırılır.

“Cavidnamə”nin elmi redaktorları akademiklər Bəkir Nəbiyev, İsa Həbibbəyli və Türkiyənin Ege Universitetinin professoru Yavuz Akpınar, elmi məsləhətçisi millət vəkili, siyasi elmlər üzrə fəlsəfə doktoru Qənirə Paşayevadır.

Hüseyn Cavid irsinin qaynaqlarını geniş ölçüdə ilk dəfə tədqiqata cəlb edən müəllif dahi sənətkarın irsini əxlaqının da, düşüncələrinin də ehtiva olunduğu Vətən triadasının – türkləşmək, islamlaşmaq, çağdaşlaşmaq düsturunun fonunda araşdırır. Yeni elmi-tarixi faktların zənginliyi ilə diqqəti cəlb edən kitab canlı ünsiyyətdən yaranan yaddaş materialları ilə də zəngindir. Azər Turan Cavidin bioqrafiyasını dahi sənətkarın son yadigarı Turan Cavidin bu günə qədər oxucuya məlum olmayan xatirə söhbətlərinin işığında təqdim edir. Kitabda Müşkünaz, Ərtoğrul və Turan Cavidlər, Cavidin qardaşı Şeyx Məhəmməd, qardaşı oğlu Tahir Rasizadə haqqında da ayrıca bölmələr var.

LENT.AZ

Ünvan: Mirqasımov küç. 4/41 Bakı AZ1007, Azərbaycan

Tel / Fax : (+99412) 4410924

Tel: (+99412) 4378247

E-mail: [email protected]

1905.az STUDIO