Cahangir Məmmədov: «Milli İnternet Forumun keçirilməsi Azərbaycanda internetin və İT-nin inkişafına müsbət təsir edəcək»

“AzeriCard” Prosessinq Mərkəzinin biznesin inkişafı şöbəsinin müdiri Cahangir Məmmədovun “APA-ECONOMICS”ə müsahibəsi

– Yola salmaqda olduğumuz ili Azərbaycanda informasiya texnologiyalarının inkişafı baxımından qısaca olaraq necə qiymətləndirərdiniz? Hansı hadisələri əlamətdar adlandırardınız?
– Başa çatmaqda olan ili yeni məhsul və xidmətlərin işlənməsi və tətbiqi baxımından səmərəli saymaq olar. İnformasiya texnologiyaları sferası daim inkişaf edən və potensial müştəri gözləntisi ilə irəli getməyin vacib olduğu sahədir. Düşünürəm ki, bu il bizim ölkəmiz irəliyə doğru böyük sıçrayış etmişdir. Əlamətdar hadisələrə gəlincə, məncə, ölkəmizdə “onlayn ödəniş” anlayışının peyda olmasını xüsusi qeyd etmək lazımdır. “E-commerce” xidmətləri Azərbaycanın informasiya texnologiyaları bazarında yenilik olmaqla əmtəə və xidmətlərin onlayn rejimdə, Visa, VISA Electron, Maestro və MasterCard bank kartları vasitəsilə ödəniş imkanları yaradır. Yaxın gələcəkdə “Azericard” həmçinin “American Express” ödəniş sisteminin kartları vasitəsilə ödəniş imkanları yaratmağı da planlaşdırır.
– Dekabrın 3-4-də “Yumroo” Milli Axtarış Portalı Milli İnternet Forum keçirəcək. tədbirin baş tərəfdaşı “AzeriCard” şirkətidir. Milli İnternet Forumdan gözləntiləriniz nədən ibarətdir? Bu, ünsiyyət və yeni qərarların hazırlanması üçün meydan olacaqmı?
– Şübhəsiz, Milli İnternet Forumun keçirilməsi Azərbaycanda internetin və informasiya texnologiyalarının inkişafına müsbət təsir edəcək. Bu forum mütləq ünsiyyət və yeni qərarların hazırlanması üçün meydan olacaq. Üstəlik, bizim şirkət hər zaman kartla, internetdə və ondan kənarda nağdsız ödənişlər sahəsində yeni və təhlükəsiz qərarlar təklif edir. Bu xidmətlərə ilk növbədə elektron kommersiya və internet bankinq aid edilə bilər.
– Elektron kommersiya sisteminə qoşulmaq və ya internet mağaza açmaq üçün nə lazımdır?
– “Azericard” bunun üçün iki variant təklif edir. Birinci variant – ticarət müəssisəsinin öz elektron platforması olarsa, biz onu öz sistemimizə inteqrasiya edə bilərik. Bu və ya digər mobil rabitə operatorunun, aviaşirkətin və ya mağazanın saytına daxil olmaqla müştəri onlayn rejimdə xidmətlərin dəyərini ödəmək və əmtəə əldə etmək imkanı qazanır.
İkinci variant – ticarət müəssisəsinin öz internet səhifəsi olmadığı halda, biz özümüzün www.bazaar.az internet portalından istifadə etməyi təklif edirik. Burada hər bir müəssisənin şəxsi səhifəsi və öz elektron mağazasını məhsulların siyahısı ilə doldurmaq üçün çevik alət var. Bu portal digər internet mağazalardan öz orijinallığı, istifadə zamanı rahatlığı və universallığı ilə fərqlənir. Rahat idarəetmə paneli, yüksək funksionallıq, ticarət müəssisəsinin dizaynına uyğun dizayn seçimi www.bazaar.az portalının fərqləndirici xüsusiyyətləridir. “AzeriCard” vasitəsilə elektron kommersiyaya qoşulmaq üçün “AzeriCard” sisteminin 30 bankından birində “VISA”, “MasterCard” və ya “American Express” üzrə vahid ödəniş hesabı açılmalıdır.
– Forumun məqsədlərindən biri Azərbaycan internetinin inkişafı üzrə tövsiyələrin hazırlanması, onların dövlət və özəl strukturlara göndərilməsi olacaq. Sizin şirkət forumda hansı təşəbbüslərlə çıxış edəcək?
– Bizim şirkət bank kartları vasitəsilə həyata keçirilməsi mümkün olan bütün elektron ödəniş kanallarının inkişaf etdirilməsi təşəbbüsü ilə çıxış edəcək. İnternetdə isə elektron və internet kommersiyaya xüsusi diqqət ayırmaq istərdik. Biz artıq ötən ilin sonundan başlayaraq bütün ticarət müəssisələrinə və sahibkarlara internetdə əmtəə və xidmətlərlə ticarət aparmaq imkanı veririk. Bildiyiniz kimi, Azərbaycanda bir çox kart sahibləri internetdən istifadə edir. Onlar hər bir şey – müxtəlif əmtəələrin alınması, xidmətlərin ödənilməsi, hansısa proqramlarda iştirak üçün ayrı-ayrı saytlarda ödəniş həyata keçirirlər. Biz hesab edirik ki, Azərbaycanda elektron kommersiyanın inkişafı ölkəmizdə internetin inkişafında əhəmiyyətli rol oynayacaq.
– Azərbaycanda prosessinq xidmətləri sahəsində hansı istiqamətləri daha perspektivli sayırsınız?
– Müştərilərə istiqamətlənmiş prosessinq xidmətləri daha perspektivli sayılır. Bu xidmətlərə internet bankinq, “MobilBank”, elektron kommersiya və digər elektron ödəniş kanalları aiddir. Bunların sayəsində kart sahibi ilk növbədə vaxta qənaət edir, vaxtını kommunal xərclər, telefon danışıqları, mobil rabitə operatorlarının və internet provayderlərin xidmət haqlarının ödənişi, pul köçürmələri, kreditlərin ödənilməsi üçün banka getməyə sərf etmir.
– “AzeriCard” internet bankinq və “MobilBank” xidmətlərini tətbiq edib. Siz bank müştəriləri arasında bu xidmətlərin populyarlıq dərəcəsini nə dərəcədə qənaətbəxş sayırsınız?
– Bu xidmətlər çox vacib və rahatdır. “MobilBank”dan istifadə etməklə kart sahibi müxtəlif xidmətlərin dəyərini ödəmək, kartdan karta pul köçürmək, hesabından çıxarış almaq, balansını elə mobil telefondan öyrənmək imkanı qazanır. Ən başlıcası isə kart sahibinin öz kartı ilə həyata keçirilən hər bir əməliyyat barədə SMS almasıdır ki, bu da ona öz kart hesabına nəzarət etmək və kartdan fırıldaqçılıq məqsədilə istifadə olunduğu təqdirdə, operativ reaksiya vermək imkanı verir. Digər tərəfdən, artıq MobilBank sisteminə “AzeriCard”ın bu xidmətləri göstərən ən azı 12 bankının kartlarını eyni zamanda qoşmaq imkanı da var.
İnternet-bankinqə gəlincə, ilyarım əvvəl onun ATM vasitəsilə qoşulmağın mümkün olduğu yeni, sadələşdirilmiş versiyası fəaliyyətə başlayıb. Bunun üçün öz kartını ATM-ə daxil etmək, parollar siyahısını çap etmək və www.hbservice.com saytında qeydiyyatdan keçmək mümkündür.
– “AzeriCard” yaxın gələcəkdə daha hansı işləmələri tətbiq etmək niyyətindədir?
– “AzeriCard” ən yaxın gələcəkdə bir sıra yeni işləmələri tətbiq etməyi planlaşdırır. Onların arasında kart sahibləri üçün “AzeriCard” şəbəkəsi bankomatları vasitəsilə 3D secure parollarına abunəni xüsusi qeyd etmək istərdik. “AzeriCard”ın bütün kartlarının 3D secure-yə qoşulması və onlara 3D secure parollarının bankomatlar vasitəsilə alınması imkanının verilməsi kart sahiblərinə internetdən kartdakı vəsaitlərinin maksimal təhlükəsizliyini təmin etməklə istifadə etmək şəraiti yaradacaq.
Bildiyiniz kimi, 3D secure parol kartın məhz internetdə istifadəsi üçün özünəməxsus PİN koddur. Bu kod olmadan saytlarda 3D əməliyyatı keçirmək olmaz. Nəzərə alsaq ki, dünyada getdikcə daha çox sayt bu texnologiyalara keçir, o zaman yaxın gələcəkdə paroldan istifadənin normaya çevriləcəyini ehtimal etmək olar. Həmçinin yaxın gələcəkdə “American Express” kartlarını qəbul etməyi planlaşdırırıq. Onu da qeyd edim ki, “American Express” kartlarını eksklüziv qəbul etmək hüququ “AzeriCard”a məxsusdur.
Biz həmçinin mobil və internet bankinqin yeni ödəmə növlərini, o cümlədən kartdan karta beynəlxalq köçürmələri, APUS kommunal ödənişləri və s. tətbiq etməyi planlaşdırırıq.

Ünvan: Mirqasımov küç. 4/41 Bakı AZ1007, Azərbaycan

Tel / Fax : (+99412) 4410924

Tel: (+99412) 4378247

E-mail: [email protected]

1905.az STUDIO