Bəxtiyar sadıqov Mətbut Şurasının idarə heyətinə qarşı plan hazırlandığını təsdiqləyir

Rəsmi dövlət qəzeti “Azərbaycan”ın baş redaktoru, Mətbuat Şurası İdarə Heyətinin üzvü, deputat Bəxtiyar Sadıqov “Media forum” saytına açıqlamasında deyib ki, Mətbuat Şurasının İdarə Heyətində təmsil olunan şəxslərlə bağlı “reket” qəzetlərin şantaj planı hazırlamasından xəbərdardır.

Mayın 4-də “Bakl xəbər” qəzetində “Reket” qəzetlər Mətbuat Şurasına qarşı qadın şantajına əl atır” sərlövhəli yazı dərc olunub. Yazıda bildirilir ki, adı Mətbuat Şurasının “qara siyahı”sında olan qəzetlərdən birinin redaksiyasında Mətbuat Şurası İdarə Heyətinin bəzi fəal üzvlərinə qarşı şantaj planı hazırlanır. Plana görə, bir jurnalist qadın elə həmin “reket” qəzetlərində bir neçə baş redaktora qarşı şantaj xarakterli məlumat çap etdirəcək. Həmin jurnalist iş axtarmaq üçün guya bir neçə redaksiyaya getdiyini və baş redaktorlar tərəfindən əxlaqsız təkliflərlə üzləşdiyini deyəcək…

Bəxtiyar Sadıqov “Media forum”a açıqlamasında “reket” qəzetlərin və onların baş redaktorlarının mahiyyətlərindən danışıb: “Bu yaxınlarda üç mətbuat orqanı – “Gündəlik Bakı”, “Təzadlar” qəzetləri və “Mozalan” jurnalı “reket” elan olunduqlarına görə Mətbuat Şurasını məhkəməyə verdilər. Məhkəmə Mətbuat Şurasının qanuna uyğun hərəkət etdiyini və öz qərarını düzgün çıxardığını bəyan etdi. Dolayısı ilə bir daha həmin qəzetlərin “reket”liyini təsdiqlədi. Onu da qeyd etmək istəyirəm ki, hələ onlar barədə qərar qəbul olunmamışdan əvvəl konkret şikayətlər əsasında o qəzetlərin baş redaktorlarını Mətbuat Şurasına dəvət edir, söhbətləşir, tutduqları yolun düzgün olmadıqlarını onlara başa salmağa çalışırdıq. Amma onlar buna məhəl qoymayıb öz fəaliyyətlərini davam etdirdilər.

Şuranın qərarından sonra da üz tutdular məhkəməyə. Proses gedən zaman hakimləri tərifləməklə məşğul oldular. Son nəticədə isə hakim qanuna əsaslanaraq ədalətli qərar verdikdə onun əleyhinə yazmağa başladılar. Bunların mahiyyəti, fəaliyyəti budur. Belə hərəkətlərinə görə “ağaları” onlara pul verir. Bu cür hərəkətlərinə görə öz yaşayışlarını maddi baxımdan təmin edə bilirlər. Artıq bunların mahiyyəti şər atmaq, şəbədə qoşmaqdır”.

Bəxtiyar Sadıqov özünün, Mətbuat Şurasının sədri Əflatun Amaşovun, “İki sahil” qəzetinin baş redaktoru Vüqar Rəhimzadənin, Beynəlxalq Avrasiya Mətbuat Fondunun rəhbəri Umud Rəhimoğlunun və “Ədalət” qəzetinin təsisçisi, deputat Aqil Abbasın hədəfə götürüldüyünü bildirib: “Reket” qəzetlərin devizi belədir ki, kim bizdən deyil, düşmənimizdir. Pul üçün şərə, böhtana, hər yola gedən adamlar üçün digərlərini şərləmək çox asandır. Onlar belə bir yol tutublarsa, yəni konkret olaraq hansısa bir qadın vasitəsilə şərləmək istəyirlərsə, bu cür metod sovet dövründən qalma əməldir, həm də belə “reket” qəzetlər üçün xarakterikdir. Amma “reketlər”in şərləmək istədiyi insanların heç birinin heç kimdən və heç nədən çəkinəcəyi yoxdur. Hamımızın alnı açıq, üzü ağdır. Əslimizdə, nəslimizdə utanc gətirəcək heç nə yoxdur. “Reket” qəzetlər istədiklərini yaza bilərlər, amma bir şərtlə ki, sonra bu yazdıqlarının məsuliyyətini daşıyacaqlar. Onların belə bir plan hazırlaması niyyəti barədə bizə başqa-başqa mənbələrdən informasiyalar çatıb”.

Ancaq Bəxtiyar Sadıqov vurğulayıb ki, bu yolla çox yol qət etmək mümkün olmayacaq. O, 2010-cu il aprelin 27-də “Azərbaycan” qəzetində dərc etdirdiyi “Müstəqil mətbuatı içindən yeyən qurd” məqaləsini xatırladıb: “Artıq həm ictimaiyyət arasında, həm Milli Məclisdə “reket” jurnalistikası ilə qurtarmağın vaxtının çatdığını deyirlər və bizə böyük dəstək var. Nəyə əl atırlarsa atsınlar, biz şərdən-böhtandan qorxmuruq. Əvvəla, özümüz zəif insanlar deyilik, ikincisi, bizim arxamızda Azərbaycan dövləti, iqtidar və onun qəbul etdiyi qanunlar dayanır. Yolunu azanlara qanun çərçivəsində gücümüz çatır. Yolunu azanlar, nə qədər ki, vaxt var, düz yola qayıtsınlar, qayıtmasalar, sadəcə, bunu demək qalır: su sənəyi suda sınar”.

Bəxtiyar Sadıqovun sözlərinə görə, Mətbuat Şurasını məhkəməyə verən üç mətbuat orqanı həm şikayətlərindən əvvəl, həm də sonra şuranın idarə heyəti üzvlərinə minnətçi düşüblər: “Çox hörmətli adamları bizə minnətçi saldılar ki, onlarla işimiz olmasın. Həmin adamları başa saldıq ki, nə “Təzadlar”la, nə “Gündəlik Bakı” ilə, nə də “Mozalan”la şəxsi ədavətimiz var. Biz “reket” jurnalistikası ilə, başqalarını şərləyən, jurnalistika adına ləkə gətirənlərlə mübarizə aparırıq. Onu da demək istəyirəm ki, bu mübarizədə heç kimdən qorxmuruq və geri çəkilən deyilik”.

Ölkədə “reket” qəzetlərdən ibarət şəbəkənin fəaliyyət göstərdiyini söyləyən Bəxtiyar Sadıqov qeyd edib: “Onlar da öz növbələrində bir neçə qrupa bölünüblər. Hər qrupu da maliyyələşdirən “ağası” var. Bu qruplar əlaqəlidir. Harda qorxu, təhlükə hiss edirlərsə, dərhal birləşib hücuma keçirlər. “Reket” qəzetlərdə Mətbuat Şurasının sədri Əflatun Amaşov haqqında yazılanlar şər və böhtandır. Bu yazılanlar kampaniyanın bir hissəsi idi. Palçığı divara vurursan, yapışmasa da, izi qalır. Onların metodu budur. Ümid edirlər ki, yapışmasa da, izi qala bilər”.

“Azərbaycan”ın baş redaktoru proseslərin belə davam edəcəyi təqdirdə şər-böhtan kampaniyası hazırlayan şəxslərin, “reket” qəzetlərin adlarını ictimaiyyətə açıqlayacaqlarını bildirib: “Mən “Müstəqil mətbuatı içindən yeyən qurd” adlı məqaləmdə təəssüflə qeyd etmişdim ki, adətən “reket” qəzetləri əxlaq baxımından qeyri-normal qadınları işə cəlb edib onlardan şantaj, böhtan üçün yararlanırlar. Onlar bu variantı artıq dəfələrlə sınaqda keçiriblər. Bizdə informasiyalar var ki, çox vaxt bu variantlar effektli olub. Yenə də deyirəm ki, onlar ünvanı düz seçməyiblər, yanılmasınlar. Ziyanın yarısından qayıtmaq da naxışdır”.

«Media forum»

Ünvan: Mirqasımov küç. 4/41 Bakı AZ1007, Azərbaycan

Tel / Fax : (+99412) 4410924

Tel: (+99412) 4378247

E-mail: [email protected]

1905.az STUDIO