Britaniyada Azərbaycan yazıçısı haqqında mühazirə oxundu

Avropa Azərbaycan Cəmiyyətinin (AAC) təşkilatçılığı ilə Londonda fəaliyyət göstərən Puşkin Evində “Dahilərin Teatrı: Professor Elçin Əfəndiyevin həyat və yaradıcılığı” mövzusunda mühazirə oxunub.

AAC-dan verilən məlumata görə, mühazirəni ədəbi tənqidçi, şair və dramaturq, Gruntler’s “Arts Group”-un həmtəsisçisi Devid Perri oxuyub. D. Perri bildirib ki, 100-dən çox kitabın müəllifi olmasına, əsərlərinin 40-dan artıq dilə tərcümə edilməsinə baxmayaraq, Elçin Əfəndiyevi Qərbdə demək olar ki, tanımırlar. Buna vaxtilə Sovet ölkələri ilə Qərb arasında mövcud olan “dəmir pərdə” səbəb olub. Tənqidçi I Dünya müharibəsindən sonra vüsət alan dadaist ənənələrinin Elçinin yaradıcılığına təsirindən danışıb: “Dadaizm ədəbiyyat və incəsənətin hamı tərəfindən qəbul olunmuş strukturlarına inqilabi ruh verib və komediya janrını paritet əsaslarla yüksək sənətin qəbul olunmuş konsepsiyaları ilə yanaşı qoyub. 1960-cı illərdə tanınmağa başlamış yazıçı sovet rejiminin qoyduğu məhdudiyyətlər çərçivəsində işləyib və təsdiqlənmiş realizm konsepsiyasından məharətlə istifadə edib. Onun əsərləri “Elçin teatrı” kimi tanınan dramaturji ustalığın eksperimental formada tərəqqisidir. Bu, milli xüsusiyyətləri geniş anlamda bəşəri dəyərlərlə birləşdirən incə bir metodologiyadır”.

D. Perri Elçinin yaradıcılığını 19-cu əsr Norveç yazıçısı Henrik İbsenlə müqayisə edib: “İbsenin əsərlərindəki minimalizm və obrazların daxili aləminə yanaşma tərzi transsendent fikir yaradır”. Tənqidçi Elçini məşhur britaniyalı yazıçı və rejissor Mayk Ley (Mike Leigh) ilə də müqayisə edib: “Leyin filmlərində aktyorlara xarakterləri inkişaf etdirmək və improvizasiya sərbəstliyi verilir, nəticədə ssenari onların interpretasiyası üzərində təkmilləşir”.

Sonda Devid iştirakçıları Gruntler’s Arts Group-un quruluşunda Elçinin “Şekspir” pyesinin ingilis dilində tamaşasına dəvət edib. Azərbaycanın Britaniyadakı səfirliyinin sponsorluq etdiyi tamaşa dekabrın 5-9-da London “The Horse Hospital” incəsənət mərkəzində oynanılacaq.

Ünvan: Mirqasımov küç. 4/41 Bakı AZ1007, Azərbaycan

Tel / Fax : (+99412) 4410924

Tel: (+99412) 4378247

E-mail: [email protected]

1905.az STUDIO