Brejnevin ayaq üstə alqışladığı “Bülbüllər”in Muradı

Brejnevin ayaq üstə alqışladığı “Bülbüllər”in MuradıÖtən əsrin 70-ci illərində Ağdam keçmiş SSRİ məkanında, xüsusi ilə Rusiya vətəndaşları arasında çaxırı ilə tanınsa da, 1971-ci ilin may ayından etibarən Ağdam pioner və məktəblilər evinə direktor təyin edilən Murad Rzayevin həyata keçirəcəyi layihələr sonralar şəhərin atributuna çevrilmiş oldu. Atası, uzun illər Ağdam Mədəniyyət Evinin direktoru vəzifəsində işləmiş, Yunis Rzayevin yolunu davam etdirən Murad Ağdam Musiqi Texnikumunun xor dirijorluq fakultəsini bitirdikdən sonra əsgəri xidmətə çağrılmışdı. Əvvəlcə Bakıda, sonra isə doğma şəhəri Ağdamda hərbi xidmətini davam etdirən gənc müsiqişünas, xidmətdə olarkən hərbi hissənin bütün mədəni kütləvi tədbirlərinin baş tutmasında əlindən gələni əsirgəməmiş və daim qurub yaratmaq eşqilə yaşamışdır.

Keçmiş adı Yeni Stalin, sonralar Budyonnu adlanan küçə Muradgilın mənzili ilə başlayırdı. Hətta yaşadığı mənzilin barısı Muradbəylidə yerləşən hərbi hissənin hasarına bitişik idi. “Voyençastın” divarından başlanan Budyonnu küçəsi Həzi Aslanovu kəsərək Sabir küçəsinədək uzanırdı. Küçənin işğaldan bir qədər əvvəl yaxınlıqdan keçən Üzeyir Hacıbəyov küçəsinə birləşdirildiyi deyilir. Maraqlıdır ki, M.Rzayevgilin həyətindən bu küçəyədə çıxış var idi…

Keçmiş Budyonnu küçəsinin üzünluğu 600-700 metr olardı. Atasının işlədiyi dövrdə isə məhz bu evə Azərbaycanın tanınmış mədəniyyət simalarının dəfələrlə gəldiyini deyir Murad Rzayev…

Musiqiyə olan sevgisi nəticədə onu “pioner evi”nə gətirdi. Təhsil müəssisəsinin direktoru işləyən Kamal Bağırov başqa işə keçdiyindən bu vəzifəyə Murad Rzayevin namizədliyi təsdiq edilir. Murad müəllimə ürəyində tutduğu arzuların həyata keçirməsi üçün elə bil ilahidən şans verilir…

1972-ci ilin yanvarında Moskvada “Ruskaya zima” (rus qışı) adlı ümumittifaq səviyyəli festivalda ilk dəfə çıxış edən ansamblın üzvləri sözün həqiqi mənasında bülbül kimi cəh-cəh vurduqlarından münsiflər heyyəti onları rus dilində “solovey” (bülbül) deyə çağırmağa başlayırlar. Qrupun adının məhz bundan sonra yarandığnı deyir Murad müəllim. Ansamblın rəhbərinin təklifi ilə qrup sonralar belə adlandırılmağa başlandı.

Həmin ildən böyük səhnədə çıxışlara başlayan “Qarabağ bülbülləri”nin şanı-şöhrəti az müddət ərzində keçmiş SSRİ miqyasına yayılır. Çöxsaylı ümumittifaq və beynəlxalq festivallardakı çıxışları ilə “Qarabag bülbülləri” daha geniş əks-səda yarada bildi. Bu addımı atmaqla Murad Rzayev bütün Qarabağın keçmiş Sovetlər İttifaqında təbliğinə nail olur.

1976-cı ilin mart ayının beşində Moskvada Sov.İKP-nin 26-cı qurultayının yekun konsert proqramı baş tutur. Kremlin Qurultaylar Sarayında ansambl ən yadda qalan çıxışını edir. Sov.İKP rəhbərliyi, başda baş katib Leonid Brejnev və yüzlərcə xarici qonaq olmaqla, ansamblın çıxışının ayaq üstə alqışlaması bütün uğurların başlanğıcı oldu. Zaqafqaziya respublikalarından yalnız “Qarabağ bülbülləri”nə yer verilməsi, o zamankı SSRİ-nin paritya və hökumət rəhbərliyinin Azərbaycana və onun mədəniyyətinə verdiyi qiymət kimi də dəyərləndirmək olar.

1984-cü ildə Mədəniyyət və İncəsənət Universitetinin mədəni-maarif fakulltəsini bitirən M.Rzayev bəstəkarlıq fəaliyyətini davam etdirir. Sonuncu mahnısını isə şair Avdal Qəhrəmanın sözlərinə yazılmış “Ağdamım” mahnısını gənc perspektivli müğənni Elnur Zeynalov məharətlə ifa edir…

Hazırda Uşaq Yaradıcılıq mərkəzinin rəhbəri olan Murad Rzayev darısqal, cansıxıcı və ürəkağrıdan bir otaqda fəaliyyətini davam etdirmək məcburiyyətindədir. Daim həyat eşqiylə yaşayan Murad müəllimlə söhbətimizi məhz bu otaqda başlayırıq. Keçmişdən başlayıb gələcəyə ümidlə baxmaq istəyirik…

Bu günlərdə 40 yaşını qeyd edən ansamblın üzvlərindən altı nəfəri son illər fəxi ada layiq görülüblər. İkisi xalq artisti-Aygün Bayramova və Nəzakət Teymurova, üçü əməkdar artist–Cabir Abdullayev, Feyruz Səxavət, Teymur Əmrah, biri əməkdar mədəniyyət işçisi – İlhamiz Paşayev fəxri adına layiq bilinənlər sırasındadırlar. Biz isə bu günədək sıravi mədəniyyət işçisi, xalqının qəlbində xüsusi hörmətə layiq olan Murad Rzayevlə QARABAĞIN BÜLBÜLLƏRI barəsində danışırıq…

2012ci il dekabrında keçirilən yubiley tədbirindən başlayırıq. Ansamblın hesabat konserti çox maraqlı və möhtəşəm alındı. İndiki və əvvəlki tələbələri hamısı bir nəfər kimi ustadlarına ehtiramla çıxışlarını edir, ürək sözlərini deyirdilər. Ancaq qeyd etməyə bilmirəm ki, nə rəsmilərdən, nə də ansamblın tabe oldugu nazirlikdən bir kimsənin tədbirdə təmsil olunmaması təəsüf hissi doğurur. Sanki elə fikir yarandı ki, “Qarabağ bülbülləri” yalnız Murad Rzayevə lazım imiş…

Əvvəllər “Pioner evi” “pojarnı” ilə üzbəüz 28 aprel küçəsindəki Kamilin çörək mağazasının yanında fəaliyyət göstəribmiş. Arxiv idarəsinə yaxın yerdə. Murad Rzayev təyin edilən zaman isə Lenin küçəsində köhnə raykomun binasının yanında olan birmərtəbəli binada fəaliyyətdə olmuşdur. Binada məşqlərin keçirilməsi üçün şərait olmadığından “Pioner evi”ni 70-ci illərin əvvələrindən Üzeyir Hacıbəyov küçəsindəki “komxoz”un inzibati binasına köçürmüşdülər. Hətta “komxoz”un rəisi Muxtar Əliyev soruşanda ki, binamızı kimə verirsniz, ona deyilib ki, “Muradın Qarabağ bülbüllərinə”. Çalışdığı otaqda kreslosunu belə götürməyən Muxtar müəllimin cavabı qısa olur: “ Allah xeyir versin”.

80-ci illərin sonlarından isə yeni inşa edilən Mədəniyyət Sarayında fəaliyyətini davam etdirdi “pioner evi”…

İlk tərkibdə Xanım Abdullayevanın, Gülçöhrə Quliyevanın, Məhərrəm Qasımovun, Ədalət Feyziyevin, Füzuli Qasımovun çıxışları daha çox diqqəti çəkirdi. Müxtəlif illərdə ansamblda Füzuli Qasımovun, Elbrus Hüseynovun, Sədi Məmmədovun, Tunar Zeynalovun, Natella Qarayevanın, Maarifə Ələkbərovanın, Baxşeyiş Hüseynovun, Nazim Zeynalovun, Vaqif Həsənovun yaddaqalan çıxışları olub. Solistləri daim Murad müəllimin yaratdığı “Qarabağ” instrumental ansamblı müşayət edirdi. Musiqiçilərdən Rövşən Əhmədov -gitara, Ramiz Cəfərov-qarmon, Sadıq Zeynalov – nağara, Rövşən Məmmədov-akkerdeon, Niyazi Yusifov-royalda ifa edirdilər…

Tacir Allahverdiyev, İlhamiz Paşayev, İzahat Cəfərov və Əli Hüseynovun çıxışları Qarabağ bülbüllərinin qızıl dövrü hesab etmək olar. Böyük uğurlar isə məhz bu kvartetin 1976-1977-ci illərdəki çıxışları ilə qazanılmışdı. 1977-ci ildə ansambl haqqında Xamis Muradovun rejissorluğu ilə sənədli film çəkilmiş və dünyanın 46 ölkəsində nümayiş etdirilmişdi…

Ümumilikdə isə, ansamblda 40-il ərzində yüzlərlə ifaçılar yetişib və bu gündə proses davam edir. Söz yox bir yazıda onların hamısı haqqında fikir söyləmək çətindir…

Bu gün Murad Rzayev yaradıcılığının ən qaynar dövrünə qədəm qoyub. Tələbələrindən və dövlətin muğamın inkişafına göstərdiyi qayğıdan razılıqla danışır, həmdə bu prosesdə onun rəhbəri olduğu “Qarabağ bülblülləri”də öz töhvəsini vermək üçün ona lazımı şəraitin yaradılması arzusu ilə yaşayır. Və buna inanır. Ona görə də bir an belə həvəsdən düşməyən Murad müəllim “tələbələrim muğam dünyasına töhvə verdikcə ömrümü sanki uzadırlar”, -deyir…

Tacirin, Elbrusun və digər tələblərinin nadincliyindən, çəkilişlər zamanı baş vermiş maraqlı hadisələrdən həvəslə danışır…

Qarabağ bülbüllərinin nailiyyətlərini saydıqca qurtamır…

Qarabag Azərbaycanın konservatoriyasi hesab edilirsə, Ağdam “muğamat evi” adlanır. Bu gün mugam korifeylərimizin, habelə hazırda fəaliyyətdə olan muğam ifaçılarımızın əksəriyyəti məhz bu evin “sakinləri” olmuşdu…

Bütün muğamat evinin sakinlərini bir yerə birləşdirən isə doğma Qarabağdır və Qarabağ dərdidir…

Murad Rzayevin həyatda ən böyük arzusu isə Ağdama qayıtmaq, “komxozun binasının” yerini tapmaq və bütün tələbələri ilə birlikdə onu bərpa etməkdir. Yalnız bundan sonra o özündə rahatlıq tapacağını deyir…

Ünvan: Mirqasımov küç. 4/41 Bakı AZ1007, Azərbaycan

Tel / Fax : (+99412) 4410924

Tel: (+99412) 4378247

E-mail: office@azfreespeech.az

1905.az STUDIO