Bozqurdlar ATV prezidentinə müraciət edib

Tufan Kərim “El içində” tok-şousunun son buraxılışından narazı qalıb

Azərbaycan Milli Demokrat (Bozqurd) Partiyasının sədri Tufan Kərim Azad Azərbaycan Telekanalının (ATV) prezidenti Tağı İbrahimova müraciət edib.

Partiyadan Lent.az-a verilən məlumata görə, müraciətdə 2009-cu il dekabrın 28-də bu telekanalda efirə çıxan “El içində” tok-şousunun növbəti buraxılışına narazılıq bildirilir və verilişdə qoyulan mövzuya, yəni türkçülük ideyasına aidiyyəti olmayan şəxslərin bu verilişə dəvət edilməsini təəccüblə qarşıladığını vurğulayır.

Tufan Kərim hesab edir ki, bu verilişdə Azərbaycan cəmiyyətində milli əxlaqımıza zidd olan “Qeyri-ənənəvi cinsi əlaqə”, “Ət və ət məhsulları”, “18,6 sm” (Seymur Baycan), “Artuş və Zaur” (Əli Əkbər) kimi yazılarla ikrah hissi qazanmış birilərinin yüksək dəyərlər barədə fikir söyləməsi təəssüf hissi doğurmaya bilməz: “Milli Bayrağımızdakı rəmzlərdə əksini tapmış Azərbaycan dövlətçiliyinin təməl prinsiplərinin sizin başçılıq etdiyiniz telekanalda lağa qoyulması heç bir məntiqə sığmır. Erməni türkofob ideoloqlarının baxışları ilə səsləşən bu fikirlərin milli efirimizdən cavabsız olaraq yayımlanmasına, millətimizin klassik milli ideoloqları tərəfindən əsası qoyulmuş və Prezident İlham Əliyev tərəfindən uğurla davam etdirilən “Türk inteqrasiyası” kimi həyatı əhəmiyyətli projenin gerçəkləşdiyi bir vaxtda və yanvarın 15-də Türk dövlətlərinin Parlament Assambleyasının ilk iclası ərəfəsində bu cür verilişin yayımlanmasına öz etirazımızı bildiririk”.

Azərbaycan Milli Demokrat (Bozqurd) Partiyası Tağı İbrahimovdan xahiş edir ki, gələcəkdə türkçülüklə bağlı diskussiyalarda bu partiyanın təmsilçilərinin də iştirakı nəzərdə tutulsun.

LENT.AZ

Ünvan: Mirqasımov küç. 4/41 Bakı AZ1007, Azərbaycan

Tel / Fax : (+99412) 4410924

Tel: (+99412) 4378247

E-mail: [email protected]

1905.az STUDIO