Azərbaycanın ilk kabel televiziyası şirkəti olan «B&B TV» kabel internet xidmətlərinin testləşdirilməsini başa çatdırmaq üzrədir.
Şirkətin Bakıdakı baş ofisindən «APA-ECONOMICS»ə verilən məlumata görə, gələn ildən etibarən «B&BTV» internet xidmətlərini öz daimi istifadəçilərinə televiziya xidmətləri ilə yanaşı, eyni xidmət paketində təqdim edəcək.
İnternet xidmətləri ilkin mərhələdə maksimal 15 Mbit/s-dək sürətlə göstəriləcək, şəbəkə daxili lokal trafikin həcmi 1 Mbit/s olacaq ki, bundan istifadə edərək şirkətin müştəriləri lokal internet oyunlarında iştirak edə bilər. İnternet xidmətlərinə Wi-Fi modem və ya adi kabel vasitəsi ilə qoşulmaq mümkün olacaq.
İlkin məlumata görə, kabel internet xidmətlərinin qiyməti ADSL xidmətlərinin orta bazar qiymətləri səviyyəsində olacaq. Bununla yanaşı, şirkət hazırda internet xidmətlərinin göstərilməsi üçün yeni bilinq (ödəniş) sistemini tətbiq edir və ümumi texniki bazasını yeniləyir.