“BLOGGER”, “BLOQQER”, yoxsa “BLOQÇU”?

Son vaxtlar mediada bu söz tez-tez işlənir: “blogger”, “bloqqer”, “bloqçu”. Bunlardan hansı düzdür? Bu söz nə cür deyilməli, nə cür yazılmalıdır?

“Blog” ingilis dilindəki “web“ və “log” sözlərinin birləşməsindən alınan “weblog“un zamanla təhrif olunmuş formasıdır. Azərbaycan dilində bu söz “bloq” kimi yazılır.
Bloq – hər bir internet istifadəçisinin yarada biləcəyi onlayn-gündəlikdir.

“Blogger” bloqun müəllifi deməkdir.

Milli Elmlər Akademiyasının Nəsimi adına Dilçilik İnstitutunda terminologiya komissiyasının rəhbəri, filologiya elmləri doktoru, professor Sayalı Sadıqova “Media forum” saytına açıqlamasında bildirib ki, son illərdə internetin, rabitə texnologiyalarının inkişafıyla əlaqədar bu kimi terminlər dünyada, o cümlədən Azərbaycanda geniş işlənməyə başlayıb: “Blogger – ingilis dilindən gəlmə termindir və Azərbaycanın orfoqrafiya lüğətində bu termin hər hansı formada hələ ki, əksini tapmayıb. Bu kimi terminlər adətən fonetik qaydalara uyğunlaşdırılaraq orfoqrafiya lüğətinə daxil edilir.

Yəni bizim terminologiya komissiyası həmin terminləri fonetik cəhətdən dilimizin qanunlarına uyğunlaşdırır və istifadəyə verir”.

S.Sadıqova deyir ki, orfoqrafiya lüğətində əksini tapmasa da, terminologiya lüğətində bu söz var: “Bizim mediada işlənən 2 mindən çox alınma sözü özündə cəmləşdirən əlavə bir izahlı lüğətimiz var. “Mediada işlənən alınma sözlər” adlanan, Milli Elmlər Akademiyası Rəyasət Heyətinin terminologiya komissiyasının qərarı ilə çap edilən, jurnalist Qulu Məhərrəmlinin müəllifi olduğu həmin kitabdan bütün media işçilərinin istifadə etməsi məsləhətdir. O kitabda “blogger” sözünün Azərbaycan dilində iki şəkildə – “bloqqer” və “bloqçu” kimi yazılması məsləhət görülüb”.

«Media forum»

Ünvan: Mirqasımov küç. 4/41 Bakı AZ1007, Azərbaycan

Tel / Fax : (+99412) 4410924

Tel: (+99412) 4378247

E-mail: [email protected]

1905.az STUDIO