Bələdiyyələrin xidmət sahələri: real vəziyyət və problemlərin həlli yolları


Çoxsaylı problemlərlə üzləşən Azərbaycan bələdiyyəsi onillik fəaliyyətləri dövründə bir sıra irəliləyişə və uğura imza ata bilmişdir. İlk olaraq qeyd edək ki, əsas nailiyyət yerli özünüidarəçilik sisteminin cəmiyyətdə idarəetmə stukturu kimi tanınması olmuşdur. Artıq cəmiyyətin hər bir üzvünün bələdiyyələr haqqında mənasından asılı olmayaraq bilgisi vardır. Ötən dövrün təhlili göstərir ki, 10 il ərzində bələdiyyələr ərazilərində az da olsa konkret addım atmışlar. Lakin bələdiyyə təmsilçiləri istənilən halda bu illər ərzində daha çox iş görə bilərdilər. Bir şərtlə ki, qeyd olunan orqanların fəaliyyətinə müvafiq icra orqanları tərəfindən hər hansı maneələr yaradılmamış olsun.
Ötən dövr ərzində fəaliyyəti ilə seçilən və cəmiyyətdə müəyyən nüfuz sahibi olan bir sıra bələdiyyələr xidmət sahələri yaratmaqla həm əhaliyə əlavə xidmət göstərməyi, həmdə büdcə vəsaitlərini artırmaq istiqamətində iş görə bilmişlər. Bu istiqamətdə apardığımız tədqiqatlara görə, 2002-ci illə müqayisədə 2005-ci ildə bələdiyyələrin xidmət sahələrinin saxlanmasına ayırdıqları vəsaitlərin ümumi büdcə xərclərində tutduğu yer 5,0% dən 9,5 % dək artıb. Sonrakı illərdə artım səviyyəsi yüksələrək 14-15% ə çatıb. Adıçəkilən sahədə fəaliyyət əsasən kommunal xidmət sahələrinin yaradılması ilə bağlı olmuşdur. Bütövlükdə, ümumi çəkilən xərcin yalnız 12-15%-i isə məhz digər xidmət sahələrinin təşkilinə yönəlib. Bu gun Qusar bələdiyyəsində, Gəncənin Kəpəz və Nizami, Siyəzən bələdiyyəsində və adıçəkilən rayonun bir sıra bələdiyyələrində, habelə paytaxtın Səbail, Nərimanov, Nəsimi, M.Ə.Rəsulzadə, Biləcəri, Əmircan və Zabrat bələdiyyələri kommunal xidmət sahələri yaratmaqla bərabər digər xidmətlər də yarada bilmişlər. Hazırda Səbail bələdiyyəsi Nəqliyyat xidməti yaratmaq məqsədiılə müəssisə yaratmış və müəssisənin fəaliyyəti üçün 8 “KamAZ” markalı yük avtomoibili və 10 “Azsamand” markalı avtomobil alaraq icarəyə vermişlər. Bələdiyyə bu prosesin həyata keçirilməsində müvafiq orqanların maneələri ilə üzləşsə də proqramı həyata keçirmiş və bu gün 20 nəfər işlə təmin olunmuşdur. Nəsimi bələdiyyəsi əhaliyə mərasim xidmətinin göstərilməsi məqsədilə iki mərasim dəsti almış və əhalinin istifadəsinə vermişlər. Bununla həm bələdiyyə büdcəsinə əlavə vəsait cəlb olunur, habelə bir neçə nəfər işlə təmin olunmuş olur. Ötən dövrün təhlili göstərir ki, bu istiqamətdə vətəndaş cəmiyyəti sektoru da aktiv fəaliyyət göstərmişdir. Belə ki, 2005-ci ildən indiyə qədər “Aran Humanitar Regional İnkişaf” İctimai Birliyi fəaliyyət göstərdiyi ərazilərdə (Bərdə, Ağdam, Ağcabədi, Yevlax, Goranboy, Tərtər) bələdiyyələrin xidmət sahəsinin yaradılmasına maddi və texniki yardım etmişdir. Adıçəkilən sıralamada Bərdə rayon Qaradəmirçi -1, Xanərəb və Ağcabədi rayonunun Gələbədinli bələdiyyəsində aqrotexniki, Goranboy rayonunun Cinliboluslu bələdiyyəsində daşınan mağar dəsti və digər bələdiyyələrdə də müvafiq xidmət sahələri yaradılmışdır.
Bu xidmət sahələrinin fəaliyyəti nəticəsində bələdiyyə büdcəsi xeyli gəlir əldə etmiş, əhali üçün daha az vəsaitə yüksək keyfiyyətli iş görülmüş, həmçinin də bir neçə nəfər işlə təmin olunmuşdur.
AVCIYA, “Multimedia İnformasiya sistemləri və texnologiyaları” İctimai Birliyi, Iqtisadi Tədqiqatlar Mərkəzi, Iqtisadi Təşəbbüslərə Yardım Mərkəzi, Azad İstehlakçılar birliyi və digər QHT təmsilçiləri müxtəlif istiqamətlərdə aparılan layihə çərcivəsində bələdiyyələrə əlavə xidmət sahələrinin yaradılması ilə bağli ciddi addımlar atmışlar.
Mövzu ilə əlaqəli apardığımız tədqiqatlar nətcəsində bir sıra nəticələrə gələ bilərik ki, bələdiyyələrdə əlavə müəssisələrin yaradılmasında bir sıra süni çətinliklər yaradılır. Misal olaraq qeyd etmək yerinə düşər ki, Astara bələdiyyəsi 2007-ci ildə təsis etdiyi müəssisəni qeydiyyatdan keçirə bilməmişdir. Müəssisə əhaliyə nəqliyyat xidməti göstərməliydi. Uzun müddət proses həll edilməmiş qalmışdır. Binəqədi rayon M.Ə.Rəsulzadə bələdiyyəsi 2002-ci ildə kreditlə inşa etdirdiyi Asfalt zavodunu iki ildən sonra baglamaq məcburiyyətində qalmışdır. Belə ki, əhaliyə güzəştli qiymətlə asfalt təklif edən bələdiyyə nəticədə işçilərinin əməkhaqqını verə bilməmiş və müəssisə rentabellik qabiliyyətini itirmişdir. Yəni büdcə təşkilatları tərəfindən müqavilə şərtlərinin yerinə yetirilməməsi müəssisənin debitor borclarını artırmış və nəticədə müəssisənin bağlanma zərurəti yaranmışdır. Bundan əlavə Nəsimi bələdiyyəsi aldığı “Qazel” markalı sərnişin mikroavtobusunu əhalinin istifadəsi üçün marşrut xəttinə buraxılmasında icra orqanının maneəsi ilə üzləşmək məcburiyyətində qaldığı üçün avtomobili bir müddət istifadədən sonra satışa çıxarmışdır.
Göründüyü kimi, bürokratik əngəllərin yaradılması bələdiyyələrə yerli büdcəyə əlavə maliyyə vəsaitinin cəlb edlməsinin qarşısının alınmasına səbəb olmuşdur.
Məhz elə bu səbəbdəndir ki, bir sıra bələdiyyələr müvafiq resurslara malik olsalar da əlavə xidmət sahəsini yaratmağa meylli olmurlar. Digər bir səbəb bələdiyyənin göstərdiyi xidmətin bazarda rəqabət qabiliyyətli olmamasıdır. Belə ki, istər nəqliyyat sahəsində, istər kənd təsərrüfatı sahəsində bələdiyyənin təklif etdiyi xidmətin səviyyəsi fərdi müəssisələrin və ya dövlət orqanlarının təklif etdiyi xidmətlələrlə rəqabətə davamlı olmur və bələdiyyənin bəzən bazar qiymətlərində də aşağı qiymətlərlə təklifi vətəndaşlar tərəfindən qəbul olunmur.
Real vəziyyətdən çıxış yolu kimi nəyi təklif etmək olar:
1. Paytaxtda və iri yaşayış məntəqələrində əhaliyə kommunal xidmətlərin gostərilməsinin bələdiyyələrə verilməsi məqsədəuygun sayılmalıdır. Yəni bu gün istər paytaxtda, istərsə də regionlarda bələdiyyələr zibil tullantılarının daşınmasında iştirak edirlər. Qarşılığında isə əhalidən xidmət haqları müvafiq icra orqanı tərəfindən yığılır. Qeyd edilməlidir ki, icra orqanının topladığı vəsaitin xərclənməsində hər hansı şəffaflıq təmin olunmur. Yəni əhaliyə bu barədə məlumat verilmir. Nəzərə alsaq ki, kommunal xidmətlərin saxlanmasına külli miqdarda büdcə vəsaiti ayrılır. Bu istiqamətin bələdiyyələrə ayrılması məhz həmin büdcə vəsaitlərinin qənaətinə səbəb ola bilər. Sadəcə əsas məsələ bu məqamın qanunvericilik çərçivəsində həlli daha münasib sayıla bilər.
2. Hazırda yerlərdə fəaliyyətdə olan tibb məntəqələrinin saxlanması və istifadəsinin bələdiyyələrə verilməsi də bələdiyyənin həm səlahiyyətinin artmasına, həm də vəsaitin daxil olmasına səbəb ola bilər. Yəni adı pulsuz, lakin bir çox hallarda pullu xidmət göstərən poliklinikalar və feldşer-mama məntəqələri bir sıra xidmətləri pullu göstərməklə yerli büdcəyə əlavə vəsait cəlb edə bilərlər. Nəzərə alsaq ki, bələdiyyə qanunvericliyi buna imkan və şərait yaradır. “Bələdiyyələrin statusu haqqında”AR Qanununa görə, icra orqanı hər hansı səlahiyyəti bələdiyyəyə verərsə, onda həmin layihənin həcmində maliyyə vəsaiti də ayırmalıdır. Demək, qanunun bu məqamında konkretlik olsa, yəni bu məqama düzəliş edilərsə yerli büdcənin vəsaitləri də artmış ola bilər.
3. Bu gün Azərbaycan ordusunun NATO standartlarına keçdiyini nəzərə alsaq və hərbi komissarlıqların ləğvinə diqqət yetirsək, onda fəaliyyəti ləğv olunan komissarlıqların bəzi qalan funkisiya və səlahiyyəti bələdiyyələrə verilə bilər. Qeyd edək ki, xarici ölkə təcrübəsində artıq bu məqamlar öz əksini tapıb. Bu sıraya gənclərin informasiya məlumat bazasının, habelə əsgəri xidmətdən qayıtmış gənclərin işlə təmin olunması ilə bağlı məşğulluq məsələsinin bələdiyyələr tərəfindən həyata keçirilməsinı də bura əlavə etmiş olsaq, onda həm bələdiyyənin səlahiyyətinin artırılması ilə yanaşı, əhaliyə müəyyən xidmətlərin göstərilməsini həyata keçiməklə yerli büdcə vəsaitlərinin artmasına şərait yaradacaq.
4. Əhalinin marağında olan sahələrin inkişafı, doğum-ölüm və nikah proseslərinin hamısının bələdiyyələrə verilməsi də həyata keçirilə bilər. Qeyd edək ki, dünyanın hər yerində belədir. Bir çox Avropa və MDB ölkələrində adiçəkiiən sahələr qanuvericilik qaydasında yerli orqanların səlahiyyətinə aid edilib. Bu səlahiyyətlər Azərbaycanda çox təəssüf ki, hansısa səbəblərdən digər qurumlara verilib. Fikrimizcə, VVAQ və bu sahəyə yaxın olan idarələr birbaşa bələdiyyələrin səlahiyyətində olmalıdır. Qeyd olunan sahələrin bələdiyyələrə verilməsi yerli orqanda əlavə xidmətin yaranması deməkdir.
5. Bələdiyyə müəssisələrinin yaradılmasında mövcud problemlərin aradan qaldırılması üçün ayrıca qanun layihəsinin hazırlanması və Milli Məclis tərəfindən qəbul edilməsi problemi bir dəfəlik aradan qaldırılmasına imkan verə bilər. Qanun layihəsində işçilərin sosial təminatından tutmuş, müəssisənin yaradılmasınadək bütün hüquqi tərəflər qanunda öz əksinin tapmalı və bu istiqamətdə mövcud olan maneələrin qarşısı qanuni yolla alınmalıdır.

Beləliklə, yerli özünüidarəetmə orqanı kimi bələdiyyələr tam fəaliyyət göstərməli və öz ərazisində yaşayan insanların problemlərini həll etməyə qadir olmalıdır. Bunun üçün yerli orqanın xidmət sahələri yaradılmalıdır. Lakin prosesin həyata keçirilməsi üçün bələdiyyələrə yuxarıda sadalanan həm əlavə səlahiyyətlər, həm də maliyyə istiqamətləri verilməlidir. Belə olan halda Azəbaycan bələdiyyələri yerli əhəmiyyətli məsələləri müstəqil və sərbəst həll etməklə müəyyən nüfuz sahibi ola biləcəklər.

Vuqar Tofiqli
Ekspert

Ünvan: Mirqasımov küç. 4/41 Bakı AZ1007, Azərbaycan

Tel / Fax : (+99412) 4410924

Tel: (+99412) 4378247

E-mail: [email protected]

1905.az STUDIO