Belarusda müxalifətçi jurnalistin cəsədi tapıldı

Belarusda “Xartiya 97” saytının qurucusu, müxalifətçi jurnalist Oleq Beben meyiti tapılıb.

Lent.az-ın Rusiya mətbuatına istinadən verdiyi məlumata görə, Oleq Bebenin cəsədi sentyabrın 3-də Minsk ətrafındakı bağ evində aşkarlanıb.

Jurnalistin ölümünün səbəbi və hansı şəraitdə ölməsi hələ məlum deyil.

Qeyd edək ki, Oleq Beben əvvəllər “İmya” (“Ad”) adlı Belarus qəzetində baş redaktorun müavini işləyib. Müxalifətyönümlü “Xartiya 97” saytını isə 1998-ci ildə yaradıb. Oleq Beben müsahibələrinin birində deyib ki, 1997-ci ildə onu naməlum şəxslər oğurlayıb, meşəyə aparıblar. Naməlum şəxslər həmin vaxt jurnalisti hədələyərək “hakimiyyətlə necə davranmaq lazım olduğunu” başa salıblar. O zaman jurnalist heç bir xəsarət almayıb. Oleq Bebenin pulunu və telefonunu götürən naməlum şəxslər jurnalisti azadlığa buraxıblar. Milisin o vaxt cinayətkarları tapmaq yönündə axtarışları isə nəticəsiz qalıb.

“Xartiya 97” saytı Belarusda aparıcı müxalif internet-resurslardan biridir. Saytda Belarusda prezidentliyə qeyri-rəsmi namizəd olan “Avropa Belarusu” kampaniyasının lideri Andrey Sannikovun fəal təbliğatı aparılıb.

LENT.AZ

Ünvan: Mirqasımov küç. 4/41 Bakı AZ1007, Azərbaycan

Tel / Fax : (+99412) 4410924

Tel: (+99412) 4378247

E-mail: [email protected]

1905.az STUDIO