Böyük Britaniyanın BBC teleradio şirkətinin jurnalistləri rəhbərliyi pensiyaların hesablanması sistemində dəyişiklik etmək planlarına etiraz əlaməti olaraq, bu gün iki sutkalıq tətilə başlayacaqlar.
İkinci tətilin isə noyabrın 15-16-da keçirilməsi planlaşdırılır. Həmkarlar İttifaqı yeni etiraz aksiyaların keçiriləcəyini vəd edib. İlkin plana görə, belə aksiyalardan biri Milad bayramı dövründə, əhalinin əyləncəli proqramlara xüsusilə aktiv baxdığı günlərdə keçirilməlidir.
Tətildə Milli Jurnalistlər İttifaqının 4000-dən artıq üzvü iştirak edəcək. Lakin “Bektu” müstəqil həmkarlar təşkilatının təxminən bu qədər üzvü BBC rəhbərliyinin təklifi ilə razılaşmaq qərarına gəlib. Beləliklə BBC-nin efirinin “blokada”sı baş tutmayacaq. Texniki işçilərin efirə verməsi mümkün olan proqramlar yayımlanacaq. Bununla belə, bu gün və sabah tətilçi jurnalistlərin iştirak etməli olduğu populyar proqramlar nümayiş olunmayacaq.
Qeyd edək ki, BBC rəhbərliyi şirkətin pensiya fondundakı kəsirin aradan qaldırılmasının vacibliyini bəyan edib. Onların hesablamalarına görə, bu, təxminən 1,5 milyard funtdur. Menecerlər bu məqsədlə pensiyaların hesablanması sisteminə dəyişiklik edilməsini təklif edirlər.