“BBC Azərbaycanca “nın baş redaktoru: “Qərəzsizlik BBC-nin açar dəyəridir”

Modern.az-ın müsahibi BBC-nin Azərbaycan xidmətinin redaktoru Deyan Radoyeviçdir.

– “BBC Azərbaycanca” daha çox hansı xəbərlərə üstünlük verir?

– Çalışırıq ki, Azərbaycanda insanlar Azərbaycandilli mediada ala bilmədikləri məlumatları və şərhləri dərc edək. Məsələn, çalışırıq ki, oxucularımıza Azərbaycanın kənardan necə görünməsi barədə məlumatlar verək. Bunun üçün Cənubi Qafqazda baş verənlərə dair Avropa və Amerika təhlilçiləri ilə müsahibələri dərc edirik. bbcazeri.com saytında oxucular həmçinin Qərb mediasının Azərbaycan haqda yazıları və nüfuzlu beynəlxalq qeyri-hökumət təşkilatlarının ölkə haqda dedikləri ilə tanış ola bilərlər.

Azərbaycanlılar həmçinin Britaniyada yaşayan soydaşları haqda xüsusi “Azərbaycanlılar Britaniyada” səhifəmizdə məlumatlar ala bilərlər.

“BBC Azərbaycanca”nı digər Azərbaycandilli mediadan ayıran cəhət odur ki, bizim Yerevanda Azərbaycan dilində danışan və yazan müxbirimiz var. O, bizə Ermənistandan və Dağlıq Qarabağdan məlumatlar göndərir. Onun Qarabağdan hazırladığı və Azərbaycanın həmin hissəsində siyasi hadisələr və gündəlik həyat haqda videoları çox populyardır. Bizim Bakı müxbirimiz də həmçinin sosial məsələlər, məsələn, homoseksualların üzləşdiyi problemlər, qadınlara qarşı zorakılıq barədə orijinal və yaradıcı məlumatlar göndərir. Biz əyləncəli materiallar da hazırlayırıq. Hər həftə hazırlanan “Qəribə hadisələr” proqramında dünyada baş verən maraqlı hadisələrə dair videoları göstəririk.

– Azərbaycandakı rəsmi orqanlarla işləyərkən hansısa çətinliklər yaşanır?

– Biz tez-tez Azərbaycan hakimiyyətinin insan haqları, media azadlığı və demokratiya məsələlərində tənqid edilməsindən yazırıq və biz hər zaman rəsmilərə fikir bildirmək şansı veririk. Deməliyik ki, bəzi Azərbaycan rəsmiləri başqalarına nisbətən danışmağa daha bağlıdır. Bu isə o deməkdir ki, bəzən Azərbaycan hakimiyyətinin mövqeyini əks etdirmədən yazılar çap etməkdən başqa çarəmiz yoxdur, çünki suallara cavab ala bilmirik. Belə hallarda biz hər zaman auditoriyamıza bildiririk ki, sualımıza cavab almağa çalışdıq. Yazılarımızda adı çəkilən şəxs və ya təşkilatdan reaksiya almaq bizim üçün çox vacibdir. Çünki xəbərə balanslı və tərəfsiz yanaşdığımızı aydın göstərməliyik.

– Londondakı baş ofisdən fərqlənən “BBC Azərbaycanca”nın statusu nədir?

– “BBC Azərbaycanca” BBC Dünya Xidmətinin bir hissəsidir və baş ofisi Londondadır. bbcazeri.com əsasən Azərbaycan, region və beynəlxalq xəbərləri Azərbaycan və dünyadakı auditoriyası ilə bölüşür. Bakıdakı jurnalistimiz Xanım Cavadova BBC-nin Monitorinq bölümü ilə eyni ofisdə çalışır. Bu, Azərbaycana aid xəbərlərin hazırlanması baxımından çox önəmlidir. Belə ki, BBC Monitorinq Azərbaycan və qonşuluqdakı ölkələrin xəbərlərini izləyir, əhəmiyyətli informasiyaları seçir, ingilis dilinə tərcümə edir və bunu bütün BBC yayır. BBC Monitorinq, həmçinin qalan BBC işçilərinin dünyadakı hadisələrdən daha yaxşı məlumatlı olması üçün əhəmiyyətli regional hadisələr barədə analitik materiallar hazırlayır.

– “BBC Azərbaycanca”nın rəhbəri kimdir?

– 2011-ci ildə BBC Dünya Xidmətində əsaslı struktur dəyişikliklərindən sonra BBC Avropa Departamentinin bir hissəsi olduq. Özündə rus, Ukrayna və Azərbaycan dillərini birləşdirən departamentin üç komandası BBC-nin yeni binasının –Yeni Yayım Evinin 5-ci mərtəbəsində çiyin-çiyinə çalışır. Departamentin rəhbəri Sara Gibsondur.

– Bəs “BBC Azərbaycanca”da neçə nəfər işləyir?

– 2011-ci ildəki struktur dəyişiklərindən sonra BBC Dünya Xidmətinin 27 dil xidməti qaldı və Azərbaycan bölməsi onların ən kiçiklərindəndir.

Londonda üç prodüser və bir redaktorumuz, Bakı və Yerevanda iki jurnalistimiz və Ankara və Vaşinqtonda iki nəfər bizimlə müntəzəm əməkdaşlıq edən jurnalist var.

Büdcəyə qənaət etmək ehtiyacı Azərbaycan dilində radio xidmətinin bağlanmasına və əldə olan bütün resursların gələcəyin əsas platforma kimi onlayn platformasına qoyulmasına səbəb oldu. Hazırda bbcazeri.com saytına daxil olanların sayı bu ilin iyul ayında 2011-ci ilin həmin ayı ilə müqayisədə 200%, avqust ayında isə 2011-ci ilin avqust ayı ilə müqayisədə 300% artıb.

– “BBC Azərbaycanca” “Azadlıq” radiosundan fərqli olaraq, müxalifyönlü deyil. Bu, BBC-nin öz siyasətidir, ya BBC Azərbaycancanın üzərinə qoyulan siyasətdir?

– Qərəzsizlik BBC-nin açar dəyəridir və şirkət mədəniyyətinin həssas hissəsidir. Biz hər zaman qərəzsiz olmağa can atırıq, və bizim auditoriyamız da bizdən məhz bunu gözləyir və bizə buna görə inanır.

BBC-də jurnalist və redaktorlar tez-tez yazıların balanslı olmasına əmin olmaq üçün müzakirələr aparılmasına, tərəflikdən qaçmaq üçün hansı sözün və ya ifadənin seçilməsinə böyük zaman ayırır. Bu bizim BBC-nin Britaniyada yerli əhaliyə yönəlmiş bölmələrində və ya 180 milyondan çox həftəlik auditoriyası olan BBC Dünya Xidmətində radio, onlayn, ya da TV-də çalışmağımızdan asılı olmayaraq, hamımıza aiddir. “BBC Azərbaycanca” xidmətində də biz eyni prinsiplərə əsasən hərəkət edirik. Bir də ki BBC-nin digər bölmələri Qafqazda gedən keçmiş və indiki hadisələri anlamaq və Britaniya və qlobal auditoriya üçün balanslı yazılar hazırlamaq üçün tez-tez bizim köməyimizdən istifadə edirlər.

Ünvan: Mirqasımov küç. 4/41 Bakı AZ1007, Azərbaycan

Tel / Fax : (+99412) 4410924

Tel: (+99412) 4378247

E-mail: [email protected]

1905.az STUDIO