Bakıda “reket jurnalist” tutulub

Baş Prokurorluğun mətbuat xidməti Bakıda həkimləri şantaj edərək pul tələb edən jurnalistin həbs olunmasına dair məlumat yayıb. Modern.az xəbər verir ki, həbs olunan “reket jurnalist” barəsində hazırda Xəzər rayon Polis İdarəsinin İstintaq Şöbəsində istintaq davam etdirilir.

Baş Prokurorluğun mətbuat xidmətindən verilən məlumatda bildirilib:
“Mətbuat Şurasından Bakı şəhəri, 1 saylı Dəri-Zöhrəvi dispanserinin baş həkimi Rəşad İsmayılovun “Azad Azərbaycan” qəzetinin şöbə müdiri Paşayev Vasif Bayram oğlu tərəfindən şantaja və təzyiqlərə məruz qalması barəqə Baş Prokurorluğa daxil olmuş məlumat araşdırılıb. Müəyyən edilib ki, Bakı şəhər sakini, 1974-cü il təvəllüdlü Paşayev Vasif Bayram oğlu 19 iyul 2010-cu il tarixdə Bakı şəhəri, 1 saylı Dəri-Zöhrəvi dispanserinin baş həkimi Rəşad İsmayılovun iş otağına daxil olaraq üzərində “Azərbaycan qəzeti” yazılmış vəsiqəni göstərməklə özünü “Azərbaycan” qəzetinin şöbə müdiri kimi təqdim edib və dispanserdə guya yol verilmiş qanun pozuntuları ilə əlaqədar işlədiyi qəzetdə ifşaedici məqalə dərc etdirəcəyi və bunun da nəticəsi olaraq baş həkim kimi tutduğu vəzifədən azad olunacağı barədə şantaj edərək ondan 1.200 manat məbləğində pul tələb edib. Baş həkim R.İsmayılov üstündə həmin məbləğdə pul olmadığı üçün həmin şəxsdən növbəti gün dispanserə gəlməsini xahiş edib. V.Paşayev dispanseri tərk etdikdən sonra R.İsmayılov “Azərbaycan” qəzetinin redaksiyası ilə əlaqə saxlayıb. “Azərbaycan” qəzetinin redaksiyasından Vasif Paşayev adlı şəxsin həmin qəzetdə işləmədiyini bildiriblər. Növbəti gün V.Paşayev dispanserdə olarkən baş həkim Rəşad İsmayılovun xahişi ilə dispanserə dəvət olunub “Azərbaycan” qəzetinin şöbə müdirləri İxtiyar Hüseynli və Bəxtiyar Əzizli həmin “jurnalistin” “Azərbaycan” qəzetində işləmədiklərini bildirdikdə V.Paşayev “Azərbaycan” deyil “Azad Azərbaycan” qəzetində işlədiyini deməklə onlara müvafiq vəsiqə təqdim edib. “Azərbaycan” qəzetinin əməkdaşları həmin şəxsə jurnalist peşəsinin adına xələl gətirməklə jurnalist adından sui-istifadə etdiyinə görə iradlarını bildirdikdə V.Paşayev hədə-qorxu gələrək onları da təhqir etməklə dispanseri tərk edib”.

Bundan başqa, Xəzər rayonu, Buzovna qəsəbəsində yerləşən 9 saylı ixtisaslaşdırılmış ruhi-əsəb, əlil və qocalar evinin direktoru Əliyeva Ədilə Muradəli qızının, özünü “Vedi inform” qəzetinin redaktoru kimi təqdim edən Vasif Paşayev tərəfindən hədə-qorxu gəlməklə hüquqlarının pozulmasına dair Xəzər rayon Polis İdarəsinə daxil olmuş şikayət ərizəsi araşdırılaraq müəyyən edilib ki, Vasif Paşayev 19 avqust 2010-cu il tarixdə 9 saylı ixtisaslaşdırılmış ruhi-əsəb, əlil və qocalar evinə gələrək, özünü həmin müəssisənin direktoru Ədilə Əliyevaya “Vedi inform” qəzetinin redaktoru kimi təqdim etməklə bəzi qəzetlərdə, o cümlədən işlədiyi qəzetdə barəsində rüsvayedici məqalələrin çap edilməməsi üçün hədə-qorxu gəlməklə 500 manat məbləğində pulunu alıb. Faktla bağlı Xəzər rayon Polis İdarəsinin İstintaq Şöbəsində Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 182.1-ci (hədə-qorxu ilə tələb etmə) maddəsi ilə cinayət işi başlanıb.

Vasif Paşayev Cinayət Məcəlləsinin qeyd edilən maddəsində nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilinərək Məhkəmənin qərarı ilə barəsində həbs qətimkan tədbiri seçilib və dindirilərkən törətdiyi əməlləri etiraf etməklə yanaşı, istintaqa guya “Vedi inform” qəzetində redaktor, “Media press” qəzetində şöbə müdiri və “Demokratik islahatlar və ictimaiyyətlə əlaqələr” monitorinq qrupunun direktoru vəzifələrində işləməsi barədə üç ədəd vəsiqə təqdim edib.

Modern.az

Ünvan: Mirqasımov küç. 4/41 Bakı AZ1007, Azərbaycan

Tel / Fax : (+99412) 4410924

Tel: (+99412) 4378247

E-mail: office@azfreespeech.az

1905.az STUDIO