Bakıda “Media azadlığı və hesabatlılıq: Mediada özünü tənzimləmə” mövzusunda konfrans keçirilib

Reportyorların Azadlıq və Təhlükəsizlik (RATİ) İnstitutu Avropa İttifaqı (Aİ) və Avropa Şurasının (AŞ) birgə proqramı çərçivəsində “Media azadlığı və hesabatlılıq: Mediada özünü tənzimləmə” mövzusunda konfrans keçirib. APA-nın məlumatına görə, tədbirdə media ekspertləri, media təşkilatlarının nümayəndələri, baş redaktorlar və deputatlar iştirak edib.

Tədbiri açılış sözü ilə açan RATİ-nin sədri Emin Hüseynov konfransın əhəmiyyətindən danışıb. Avropa Şurasının nümayəndəsi Leyla Dervisaqiç isə çıxışında AŞ-nin Azərbaycandan hökumət və qeyri-hökumət təşkilatları ilə əməkdaşlığını müsbət dəyərləndirib.

Daha sonra panel iştirakçıları çıxışlara başlayıb. Mətbuat Şurası sədrinin müavini Müşfiq Ələsgərli deyib ki, bu konfrans həm də təmsil olunduğu qurumun KİV-də etik prinsiplərin qorunması sahəsində gördüyü işlərə dəstək rolunu oynayır. O, Mətbuat Şurasının ideal formada yaradıldığını da vurğulayıb: “Bir sıra ölkələrdən fərqli olaraq, Azərbaycanda Mətbuat Şurasına təyinatları dövlət etmir, jurnalistlər özü seçim edir”.

“Yeni Nəsil” Jurnalistlər Birliyinin sədri Arif Əliyev isə M.Ələsgərlinin söylədikləri ilə razılaşmayıb: “Mətbuat Şurası ideal yaradılmayıb. Bu qurum məcburiyyətdən yaradılıb”. A.Əliyev Aİ və AŞ kimi qurumları Azərbaycandakı KİV-lə bağlı məsələlərdə imitasiya etməkdə də günahlandırıb.

“Turan” İnformasiya Agentliyinin rəhbəri Mehman Əliyev Azərbaycanda medianın asılı vəziyyətdə olduğunu söyləyib.

Deputat Fəzail Ağamalı çıxışında Azərbaycandakı medianı 3 qrupa bölüb: elitar, siyasi asılı və reket: “Nə qədər ki, media siyasi asılıdır və reketlik var, o, özünü tənzimləyə bilməyəcək”. F.Ağamalı “Azadlıq” qəzetinin köşə yazarlarını da tənqid edib: “Bu adamlar sanki təhqir yazmasalar, yaşaya bilmirlər”.

Tədbir müzakirələrlə davam etdirilib. Müzakirələrdə media ekspertləri, jurnalistlər, o cümlədən Azər Həsrət, Rey Kərimoğlu, İdrak Abbasov və başqaları iştirak ediblər.

Ünvan: Mirqasımov küç. 4/41 Bakı AZ1007, Azərbaycan

Tel / Fax : (+99412) 4410924

Tel: (+99412) 4378247

E-mail: [email protected]

1905.az STUDIO