Bakıda jurnalistin atasını, anasını, qardaşını döyüblər

Bu gün səhər saatlarında Reportyorların Azadlığı və Təhlükəsizliyi İnstititunun (RATİ) və “Ayna-Zerkalo” qəzetinin əməkdaşı İdrak Abbasovun ailə üzvlərinə qarşı zorakılıq edilib.
Modern.az-ın məlumatına görə, bu barədə əvvəlcə İdrak Abbasovun “Ayna-Zerkalo”dakı iş yoldaşları xəbər yayıblar. Onlar bildiriblər ki, jurnalistin atası, anası və qardaşına ağır xəsarət yetirilib. Abbasovun anası ilə qardaşının 1 saylı şəhər Klinik Xəstəxanasına, atasının isə 4 saylı şəhər xəstəxanasına aparıldığı qeyd olunur.

İdrak Abbasov özü isə hadisənin Dövlət Neft Şirkətinin əməkdaşları tərəfindən edildiyini bildirib. İ.Abbasov Modern.az-a deyib ki, bu gün səhər Dövlət Neft Şirkətinin bir qrup əməkdaşı onun Sulutəpə qəsəbəsindəki evinə gəliblər, evi uçurub, həmin vaxt orada olan valideynlərinə və qardaşına xəsarət yetiriblər.

İ.Abbasovun sözlərinə görə, gələnlərin əlində evin sökülməsinə dair heç bir məhkəmə qərarı olmayıb. Onlar ekskavatorlar vasitəsilə hasarı dağıdıb həyətə giriblər.
“Həyətdə ailə üzvlərimizə məxsus bir neçə ev var. Qapıya yaxın olan evi uçurdublar. Ailə üzvlərimi döyüblər. Əsasları da o olub ki, qanunsuz tikililəri sökürlər. Qonşular tökülüşüb gələndən sonra çıxıb gediblər. Polisə müraciət etdik, gələn olmadı”.

Binəqədi rayon Polis İdarəsindən Azadlıq” radiosuna bildirilib ki, sentyabrın 9-da Sulutəpə qəsəbəsində Azərbaycan Dövlət Neft Şirkətinə (ARDNŞ) məxsus ərazilərdə inşa olunan qanunsuz tikililərin söküntüsü zamanı yerli əhali ilə ARDNŞ əməkdaşları arasında qarşıdurma baş verib. Nəticədə dava düşüb və bir neçə nəfər xəsarət alıb.

Hüquq müdafiəçisi Mirvari Qəhrəmanlının sözlərinə görə, ARDNŞ-nin işçiləri tərəfindən mədən sahələrinə düşən torpaqlarda evlərin sökülməsi heç bir halda düzgün deyil:

“Dövlət Neft Şirkəti hesab edir ki, bu ərazi ona məxsusdu və evlərin sökülməsi ilə də onlar məşğul olmalıdır. Birincisi, onların apardığı o prosesin özü belə düzgün deyil. Vətəndaşın evini sökməzdən qabaq məsələ ilə bağlı araşdırma aparılmalıdır. Üç ay qabaq bildiriş verilməlidir. Bildirişdə yazılmalıdır ki, şirkət hansısa layihəni həyata keçirdiyi üçün bu ev sökülür, yaxud da dövlət ehtiyaclarına görə sökülür. Sökən şirkətin, müəssisənin, qürumun blankı gəlməlidir, rəsmi olmalıdır hər şey. Həmin sənəd qeydiyyatdan keçməlidir. İmza qoyulmalıdır ki, hansı qurum bunu sökməlidir, hansı qurum bu prosesi həyata keçirilməlidir və s. Bundan sonra həmin evin sakini razılaşarsa, bura əlavə qiymət sənədi də göndərilməlidir. Göndərilən qiymətin miqdarı əsaslandırılmalıdı, yəni bunu komissiya müəyyənləşdirilməlidir və komissiyanın qərarı göndərməlidir ev sahibinə”.

Hüquq müdafiəçisi deyib ki, hazırda Dövlət Neft Şirkəti heç bir göstəriş, əmr, sərəncam olmadan öz sahəsi hesab elədiyi ərazilərdə söküntü işləri aparır.

“Birmənalı olaraq deyirəm ki, bu proses düzgün deyil. Birincisi, Dövlət Neft Şirkətinin ərazisində yaşayan insanların günahı yoxdu. Müəyyən vaxtlarda Dövlət Neft Şirkətinin vəzifəli şəxsləri torpağı pulla satıblar həmin insanlara, o torpaqları satanda bu işdə polis sahə müvəkillərinin də, bələdiyyə sədrlərinin də, İcra hakimiyyətlərinin nümayəndələrinin də iştrakı olub, onlara da pul verilib və “özbaşına tikililər” adlandırılan ev sahiblərinin çoxunda hansısa idarənin kağızı var. Dövlət Neft Şirkəti Azərbaycanın müvafiq qanunvericiliyini pozur və öz səlahiyyətlərinə aid olmayan işlərlə məşğuldur. Bu şirkətin işçiləri nə söküntü ilə məşğul olmalıdır, nə də ARDNŞ-nin ərazisi sayılan torpaqlardakı evlərdə yaşayan insanları zorla oradan məhkəmə qərarı olmadan çıxartmqla. Bu qurum təyinatından kənarlaşmamalıdır, ancaq neft və qaz çıxarmalıdır”.

Modern.az

Ünvan: Mirqasımov küç. 4/41 Bakı AZ1007, Azərbaycan

Tel / Fax : (+99412) 4410924

Tel: (+99412) 4378247

E-mail: [email protected]

1905.az STUDIO