Bakıda jurnalist bıçaqlandı

Rəsul Şükürsoy evinin qarşısında hücuma məruz qalıb
Ötən gecə tanınmış idman yazarı Rəsul Şükürsoy evinin qarşısında hücuma məruz qalıb. Belə ki, tanımadığı şəxslər ona bıçaqla xəsarət yetirərək hadisə yerindən qaçıblar. Hadisə Binəqədi rayonunda baş verib. Hazırda xəstəxanada olan R.Şükürsoy hadisəni belə xatırlayır: “Evə gedərkən naməlum şəxs arxadan mənə yaxınlaşdı. O, qəflətən bıçağı çıxarıb sol döşümə tərəf apardı. Özümü tam müdafiə etməyə macal tapmadım. Sadəcə qolumu qabağa verdim. Amma hədəf sol döşüm idi. Onu ayaqla vurub özümdən uzaqlaşdırdım. Bıçağı əlindən düşdü. Sonra o, buduma möhkəm zərbə endirdi. Qolumdan qan axırdı. Ona görə də məni vuranın bıçağını götürüb aradan çıxmasına mane ola bilmədim. Hazırda xəstəxanadayam, qolumdan yaralanmışam”.
Xatırladaq ki, Rəsul bu yaxınlarda Mahmud Qurbanovun redaksiyasına hücum etdiyi “Komanda” qəzetində köşə yazılarıyla çıxış edir. Jurnalist son iki gündə elektron poçtuna hədə xarakterli məktubların gəldiyini bildirirdi.
Rəsul Şükürsoyun (Allahverdiyev) işi ilə bağlı polis təhqiqata başlayıb. Binəqədi rayon Polis İdarəsinin 4-cü polis bölməsindən verilən məlumata görə, hazırda polis şübhəli şəxsin müəyyənləşdirilərək məsuliyyətə cəlb olunması ilə bağlı araşdırma aparır.

Ünvan: Mirqasımov küç. 4/41 Bakı AZ1007, Azərbaycan

Tel / Fax : (+99412) 4410924

Tel: (+99412) 4378247

E-mail: [email protected]

1905.az STUDIO