Bakıda beynalxalq informasiya mərkəzi açılıb

Noyabrın 7-də Milli Məclisə keçiriləcək seçki ilə əlaqədar Bakıda Beynəlxalq İnformasiya Mərkəzi açılıb.

Mərkəzin rəhbəri Elnur Baimov AzərTAc-a bildirib ki, dünya ictimaiyyəti Azərbaycandakı seçki prosesinə böyük maraq göstərir: “Biz beynəlxalq media strukturları ilə sıx təmasda olduğumuz üçün onların seçki prosesini işıqlandırmasına kömək etmək məqsədilə Beynəlxalq İnformasiya Mərkəzini təsis etmişik. Bundan əsas məqsəd qarşıdan gələn parlament seçkisini izləyəcək xarici ölkələrin kütləvi informasiya vasitələri nümayəndələrinə informasiya dəstəyi göstərməkdir”.

Mərkəzdə Azərbaycana gələcək xarici jurnalistlərin fəaliyyəti üçün bütün lazımi şərait yaradılıb. Seçki ilə bağlı gündəlik məlumatların əldə edilməsində, deputatlığa namizədlər və seçki prosesində iştirak edən digər tərəflərlə görüşlərin təşkilində xarici jurnalistlərə yardım göstəriləcək.

Mərkəz kompüter texnikası və yüksək sürətli internetlə təchiz olunub, xarici jurnalistlər üçün istirahət otağı da yaradılıb.

Parlament seçkisi ilə bağlı Mərkəzi Seçki Komissiyasında indiyədək 20 xarici ölkə jurnalisti qeydiyyatdan keçib. MSK-da xarici ölkə jurnalistlərin qeydiyyatı davam edir.

“Media forum”

Ünvan: Mirqasımov küç. 4/41 Bakı AZ1007, Azərbaycan

Tel / Fax : (+99412) 4410924

Tel: (+99412) 4378247

E-mail: [email protected]

1905.az STUDIO