Bakı dünyanın kitab paytaxtı olacaqmı?

2013-cü ildə Tailandın paytaxtı Banqok Dünya Kitab paytaxtı statusunu daşıyacaq. Gələn il isə estafet Nigeriyanın Port Harkourt şəhərinə veriləcək. 2001-ci ildən bu yana hər il mütəmadi olaraq BMT və UNESCO tərəfindən bir şəhər “Dünya kitab paytaxtı” adına layiq görülür. Bu iki beynəlxalq qurumun tərtib etdiyi meyarlar var. Nominasiyada əsasən aşağıdakı meyarlara xüsusi diqqət yetirilir: uşaq ədəbiyyatının inkişafı və azyaşlılar arasında kitaba, mütaliəyə xüsusi marağın yaradılması; mərkəzi dövlət kitabxanalarına xüsusi diqqət göstərilməsi, onlara maddi vəsaitin ayrılması və fondunun genişləndirilməsi; kitab mağazalarının çoxaldılması və ictimaiyyət arasında bir istehlak malı kimi kitabların sürətli alış-verişi; kütlənin kitaba cəlb edilməsi və bu yöndə xüsusi tədbirlərin keçirilməsi.

Sadaladığımız prinsiplərə görə, 2001-ci ildən “Dünyanın kitab paytaxtı” elan edilmiş şəhərlərin siyahısını sizə təqdim edirik:

2001-ci il – Madrid (İspaniya)

2002-ci il – İsgəndəriyyə (Misir)

2003-cü il – Dehli (Hindistan)

2004-cü il – Antverpen (Belçika)

2005-ci il – Monreal (Kanada)

2006-cı il – Turin (İtaliya)

2007-ci il – Abuca (Nigeriya)

2008-ci il – Amsterdam (Hollandiya)

2009-cu il – Beyrut (Livan)

2010-cu il – Lublyana (Sloveniya)

2011-ci il – Buenos-Ayres (Argentina)

2012-ci il – İrəvan (Ermənistan)

Gördüyünüz kimi, siyahıda hətta Ermənistanın paytaxtı İrəvanın da adı var. İqtisadi vəziyyəti bizdən qat-qat zəif olan düşmən ölkənin bu fəxri ada layiq görülməsi bizləri narahat etməli olan amillərdəndir. Çünki kitab özü-özlüyündə mədəniyyət və intellektin təcəssümü olduğu kimi həm də modern informasiya cəmiyyətinin, elm-texnika dövrünün ən kəskin silahı sayılır. İnsan kapitalının inkişafında əvəzsiz xidmətləri olan kitab bizim cəmiyyətdə necə qəbul olunur?

Görəsən, Bakı nə vaxt “Dünya kitab paytaxtı “ adına yiyələnəcək?

Vahid Əziz (şair): “İrəvanın bu sahədə Bakını üstələməsi təbiidir. Çünki onlarda bu sahə üzrə konkret işlər gedir. Onlar kitaba sözlə yox əməllə qiymət verirlər. Mən sonuncu dəfə orada 1987-ci ildə olmuşam. Kitaba maraq o qədər də yüksək deyildi. Lakin görünür, bu sahədə xeyli işlər görülüb. Burada erməni lobbisinin də fəaliyyətini dəyərləndirmək lazımdı. Onların xüsusi orqanlara təsir etmə bacarığı nəticəsində İrəvan bu ada layiq görülə bildi.”

Şahbaz Xuduoğlu (naşir): “Məqsəd kitaba cəmiyyətin diqqətini cəlb etmək, paytaxt ölkədə kitabla bağlı çoxlu tədbirlər keçirtməkdir. Nəzəri baxımdan belə bir mötəbər tədbirin Bakıda keçirilməsi də tamamilə mümkündür. Həm bizim kitaba dəstək olar, gənclərdə kitaba maraq artırar, kitabla bağlı tədbirləri sayı çoxalar, həm də Azərbaycanın adı daha mədəni bir tədbirin təşkilatçısı kimi dünya mətbuatında hallanar. Amma Bakının “Dünya kitab paytaxtı” adını alması üçün özümüz də ortaya iş qoymalıyıq”.

Nigar Köçərli (“Əli və Nino” kitab mağazaları şəbəkəsinin sahibi): “Bakı məncə, heç vaxt Dünyanın kitab paytaxtı olmayacaq. Çünki hər bir dövlət UNESCO meyarı ilə kitab paytaxtı seçilmək üçün nəhəng bir proqram işləyib hazırlayır: dövlət səviyyəsində maraqlı tədbirlər, xüsusi proqramlar və s. Ötən il UNESCO-nun direktoru İrina Bokova bildirib ki, Ermənistan bu ada layıq olmaq üçün çox böyük və gözəl bir proqram təqdim edib və buna görə də seçilib. Bizdə isə kitab ilə bağlı nəinki dünya miqyasında, hətta bölgə və şəhər səviyyəsində tədbirlər görünmür. Kitab dövlətin gündəmində deyil”.

Ünvan: Mirqasımov küç. 4/41 Bakı AZ1007, Azərbaycan

Tel / Fax : (+99412) 4410924

Tel: (+99412) 4378247

E-mail: [email protected]

1905.az STUDIO