Azərbaycan “Eurovision 2012”yə ev sahibliyi edəcək. Almaniyanın Düsseldorf şəhərində keçirilən mötəbər mahnı yarışmasının final mərhələsində Azərbaycan iştirakcılarının qalib gəlməsi bu haqqı ölkəmizə qazandırıb. Beynəlxalq müsabiqənin ölkəmizdə keçirilməsi bir çox sahələrin inkişafına səbəb olacaq. Modern.az saytı bir neçə KİV rəhbərinin Azərbaycanın qələbəsi ilə bağlı təəssüratını öyrənib.
“Gün.az” xəbər saytının baş redaktoru Elnur Baimovun sözlərinə görə, qazanılan uğur bütün Azərbaycan xalqının qələbəsidir.
“Heç bir sözlə öz xöbəxtliyimi və qürur hisslərimi ifadə edə bilmirəm. Bu, bütün xalqımızın qələbəsidir”.
Yarışmanın finalını sona kimi izlədiyini deyən E.Baimovun sözlərinə görə, qalibiyyət ona böyük xöşbəxtlik bəxş edib. “Üçüncü yeri tutacağımızı düşünürdüm, amma nəticə məni cənnətə aparıb qaytardı”.
Azərbaycan ifaçılarının çıxışını yüksək qiymətləndirdiyini vurğulayan baş redaktor “biz hamıdan güclu idik” deyib.
“Xalq Cəbhəsi” qəzetinin baş redaktoru Elçin Mirzəbəyli bildirib ki, o da gecəyarıdan keçsə də, yarışmanı sonuna qədər izləyib. Azərbaycanın bu uğurunu yüksək qiymətləndirdiyini deyən E.Mirzəbəyli qeyd edib ki, bu qalibiyyətə bütün azərbaycanlılar sevinir.
“Bu çöx böyük hadisədir, eyni zamanda Azərbaycanın yüksək şəkildə piarıdır”.
Azərbaycanın öz qalibiyyəti ilə bütün dünyaya ciddi mesaj verdiyini deyən baş redaktor vurğulayıb ki, bu, bir çox problemlərin həllinin başlanğıcı ola bilər.
“Qalibiyyət gözləyirdinizmi” sualına isə müsahibimizin cavabı belə olub.
“Sözün düzü bizim ölkə yarımfinaldan final mərhələsinə keçəndə dostlarım arasında deyirdim ki, bu il Azərbaycan qalib olacaq. Amma bununla belə, qəlbimdə bir şübhə də var idi, bu da iştirakçıların nə qədər obyektiv qiymətləndiriləcəyi və s. ilə bağlı idi”.
“Yeni Müsavat” qəzetinin baş redaktoru Rauf Arifoğlu Azərbaycanın “Eurovision”dakı qələbəsini belə qiymətləndirir:
“Hətta bu olaya sevinməyən azərbaycanlının da burada payı var – istəməsə də yerdə qalmayan, itib-batmayan bir pay. Bu qələbədən ürəyində Azərbaycana, türklüyə yer olan hər kəsə qismət düşdü. Gənc müğənnilərimiz Eldar Qasımov və Nigar Camal tək Azərbaycanımıza yox, Türkiyəmizə də qələbə daddırdılar”.
Azərbaycan ifacılarının əlində türk bayrağı ilə səhnəyə çıxmaqla bütün dünyaya meşaj verdiyini deyən R.Arifoğlu bildirib ki, ifacılarımız böyük bir işə imza atıblar.
“Qələbəni paylaşmaqla yanaşı daha da böyütmək, onu ərazicə və mahiyyətcə daha geniş areala yaymaq, ən yaxın bildiyini ona qata bilmək, özününkü bildiyin ikinci bayrağını dünyanın gözünə dikmək. Bircə, tək bircə jestlə 70 milyon türkün qəlbini fəth etməyi bacarmaq… Həm də “bir millət, iki dövlət” formulunun gerçək mahiyyətinin nə olduğunu hər kəsə nümayiş etdirməyi bacarmaq. Bunu bizim cocuqlar bacardılar – hər birimizdən daha yaxşı…”.
R.Arifoğlu qələbənin halal qələbə olduğunu söyləyir. “Uşaqlarımızın qələbəsi gerçəkdən halal idi. Əlbəttə ki, dövlət də, iqtidar da bu iş üçün çalışmış ola, müəyyən lobbi və s. fəaliyyətləri göstərə bilər. Lakin elə buradaca qeyd edək ki, Azərbaycan iqtidarının işgüzar və siyasi əlaqədə olduğu dövlətlər, xüsusilə transmilli neft kompaniyalarına aid ölkələr bizə ya səs vermədilər, ya da onlardan olduqca aşağı xallar aldıq. Üstəlik, bilirik ki, hökumətimiz bu dəfə “Eurovision”a bundan əvvəlki ildə olduğu qədər diqqət və para ayırmamışdı…”.
Baş redaktorun sözlərinə görə, bu qələbə istənilən halda hər birimizə sevinc gətirməklə bərabər Azərbaycana ciddi dividentlər qazandırıb, bundan sonra da qazandıracaq.
“Ölkəmizin yerini xəritədə bilməyən milyonlarla dünya insanında artıq iki gənc və simpatik azərbaycanlının nümunəsində, timsalında hər birimiz haqqında təəssürat yaranıb. Bundan da böyük və effektli tanıtım ola bilərmi?”.
“Bakı Xəbər” qəzetinin baş redaktoru Aydın Quliyev bildirib ki, yarışmanın final mərhələsini izləmə imkanı olmayıb.
“Artıq neçə ildir ki, ölkəmiz bu yarışmada iştirak edir, Azərbaycan ifaçılarının bu yarışmaya qatıldığı gündən ictimaiyyət qalibiyyət gözləyirdi. Amma, təssüf ki, bu özünü doğrultmurdu. Nəhayət bu qələbə sevinci bizə bəxş olundu”.
Bu qələbəni ümumilikdə Azərbaycan cəmiyyətinin qələbəsi hesab edən baş redaktor deyib ki, ölkəmiz sözün yaxşı mənasında Avropa ölkələrinin diqqətini çəkə bilib.
Azərbaycanın uğuruna sevinən A.Quliyev bununla belə, qeyd edib ki, qalibiyyət gözləmirmiş: “Sözün düzü qalibiyyət gözləmirdim. Milli seçim turları zamanı ölkə mətbuatında belə bir fikir var idi ki, o qədər də uğurlu mahnı və ifaçılar seçilməyib”.
“Görünür finala ciddi hazırlaşıblar”-deyən A.Quliveyin sözlərinə görə, Eldar Qasımov və Nigar Camal onun fikirlərini və gözləntilərini alt-üst etdilər.